Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:37

Gürcüstan 3+3 formatında görüşə qatılmır


Əliyevlə Ərdoğan Füzuli aeroportunun açılışında
Əliyevlə Ərdoğan Füzuli aeroportunun açılışında

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Gürcüstanın 3+3 formatına qoşulacağına ümidvar olduğunu bildirirdi.

Altıtərəfli Cənubi Qafqaz sülh platformasının ilk görüşü sabah – dekabrın 10-da Moskvada keçiriləcək. Bu haqda “Reuters” Türkiyənin Xarici İşlər Nazirliyinə istinadla xəbər yayıb.

Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyənin iştirakıyla sülh platforması ideyasını Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Receb Tayyib Ərdoğanla birlikdə ötən il Qarabağ müharibəsindən sonra ortaya atıb. Ermənistanla diplomatik münasibətləri olmayan Ankara bu platformanın Yerevanla əlaqələri normallaşdıra biləcəyini deyib.

Nazir müavinləri səviyyəsində

Azərbaycan həmin müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Qoşunların təmas xəttinə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyə tədbirdə xarici işlər nazirlərinin müavinləri səviyyəsində təmsil olunacaqlar. Gürcüstanın iştirakı haqda isə məlumat verilməyib.

Ermənistanla Türkiyə 2009-cu ildə əlaqələrin bərpası və birgə sərhədin açılması üzrə saziş imzalasa da, sənəd ratifikasiya olunmayıb, əlaqələr gərgin olaraq qalıb.

Ankara bildirib ki, Ermənistan müsbət addımlar atarsa, buna qarşılıq verəcək və Yerevanı sülh platformasına qoşulmağa dəvət edib.

Müharibə bitəndən sonra Rusiya və Türkiyə Dağlıq Qarabağda Birgə Monitorinq Mərkəzi yaradıblar.

Gürcüstan qatılmır

Gürcüstan isə Moskva görüşünə qatılmayacağını bildirib. Bu haqda ölkənin Xarici İşlər Nazirliyi AzadlıqRadiosu-nun Gürcüstan xidmətinə bildirib.

“Xarici İşlər Nazirliyi dəfələrlə 3+3 formatında regional əməkdaşlıq təşəbbüsünə dair aydın mövqe bildirib... Bu formatda danışıqlarda iştirakı nəzərdən keçirmirik və Gürcüstan dekabrın 10-na planlaşdırılan görüşə qatılmayacaq”, – qurumdan deyilib.

Gürcüstanın Xarici işlər naziri David Zalkaliani oktyabrın 7-də bildirib ki, ölkə böyük geosiyasi layihələrdə “hansısa formada” təmsil olunacaq, “şübhəsiz ki, dövlət maraqları, yaxud işğalçıya hansısa güzəştlər hesabına deyil”. Zalkaliani daha öncə demişdi ki, ölkə ərazisinin 20%-ni işğal etmiş Rusiya ilə birgə hansısa formatdan söhbət gedə bilməz.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov isə Gürcüstanın “3+3” formatına qoşulacağına ümidvar olduğunu deyirdi.

XS
SM
MD
LG