Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:26

Gürcüstan prezidenti: 'Aİ-nin yaşıl işıq yandırmaması Rusiyanın qələbəsi demək olar'


Salome Zurabişvili
Salome Zurabişvili

Bu həftə Avropa İttifaqı (Aİ) Brüsseldə vacib bir sammitə yığışır. Gürcüstan prezidenti Salome Zurabişvili deyir ki, ölkəsinə üzvlük namizədi yolunda yaşıl işıq yandırılmasa, bu, gürcüstanlılar üçün itki, Rusiya üçün qələbə olacaq.

Aİ-nin 27 üzvü dekabrın 14-15-də Belçika paytaxtında tarixi genişlənmə razılaşmasını müzakirə edəcəklər. Əsas məsələ isə Moldova, Ukrayna və, ola bilsin ki, Bosniya-Herseqovinaya Aİ-yə üzvlük danışıqlarına başlanmasından ötrü razılıq verilməsidir.

Blok üzvləri Gürcüstanın Aİ-yə rəsmi namizəd statusu verilməsini də müzakirə edəcəklər. Avropa Komissiyası ötən ay tövsiyə edib ki, Tbilisi blokun qalan şərtlərini yerinə yetirən kimi ona belə bir status verilsin.

"Çox dərin məyusluq demək olar"

S.Zurabişvili dekabrın 12-də Praqada Azad Avropa/Azadlıq Radiolarının (RFE/RL) qərargahında olub. 2018-ci ildə Gürcüstanın ilk qadın prezidenti seçilən Zurabişvili Tbilisiyə belə bir statusun verilməməsinin Gürcüstanda necə qarşılanacağı haqda suala tərəddüdsüz cavab verib: "Çox pis... Bu, ictimai fikir baxımından çox dərin məyusluq demək olar, xüsusilə Komissiyanın tövsiyələrindən sonra... məyusluq çox böyük olar".

Prezidentin fikrincə, belə bir qərarın Moskva üçün anlamı lap pis olar. Axı, Kreml keçmiş sovet respublikası - Gürcüstanı özünün nüfuz dairəsində sayır.

Belə bir qərar Rusiyaya "nəhəng məmnunluq" bəxş edər, - prezident söyləyib.

Zurabişvili Gürcüstan 1921-ci ildə Moskva tərəfindən ilhaq olunanda ölkədən köçən qaçqın ailəsinin övladıdır.

"Rusiya Gürcüstanı boz zona hesab edərsə..."

"Rusiya hesab edəcək ki, Gürcüstan boz zonada qalır. Hamımız bilirik ki, Rusiya üçün hansısa ölkəni tamamilə boz zonada saymaq o deməkdir ki, onu özlərinki sayacaq, onunla oynayacaqlar", - Zurabişvili bildirib.

Aİ həlledici qərarı Gürcüstan siyasətində dərin qütbləşmə fonunda gözlənilir.

2003-cü ildə "Qızılgül inqilabı"ndan sonra ölkə Birləşmiş Ştatların yaxın müttəfiqinə çevrilib. 2008-ci ildə separatçı Cənubi Osetiya və Abxaziya bölgələrinə görə qısamüddətli müharibədən sonra Rusiya ilə ədavət dərinləşib.

Ancaq "Gürcü Arzusu" partiyasının rəhbərlik etdiyi hökumət Rusiya ilə qarşıdurma tonunu azaldıb, eyni zamanda Qərblə də yaxınlaşmanı davam etdirib.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğala başlayanda "Gürcü Arzusu" Moskvanı məmnun etmək siyasətini gücləndirib. Gürcüstanın Rusiya ilə necə davranmalı olduğu hazırda ölkə siyasətində ən kəskin müzakirə mövzusudur.

Prezidentin hakim partiya ilə ziddiyyəti

Bu arada "Gürcü Arzusu" sosial konservatizmə doğru kəskin dönüş edib, Macarıstan lideri Viktor Orbandan ruhlanaraq "ailə dəyərləri", kimlik ritorikasına qucaq açıb. Gələn il Gürcüstanda parlament seçkiləri gözlənilir və ölkə postsovet yolunda yolayrıcında qala bilər.

"Gürcü Arzusu" ilə yola getməyən Zurabişvili hakim partiyanı Gürcüstanın Avropa gələcəyini və demokratiyasını öldürməkdə suçlayıb. Oktyabrda hakim partiya Zurabişvilini Aİ ölkələrinə səfərlərinə görə impiçment etməyə cəhd göstərib, amma səyləri uğursuz olub.

Zurabişvili deyib ki, prezidentlik müddətini başa vurmağı, ölkəyə siyasi konsensus gətirməyi planlaşdırır.

Gürcüstanın Aİ gələcəyinin taleyi həll olunarsa, yenidən yarışa qatılarmı sualına cavabında o deyib: "Gürcüstanın Avropa gələcəyinin taleyi həll olunarsa, nəsə düşünərəm".

XS
SM
MD
LG