Birləşmiş Ştatların Gürcüstan rəsmilərinə qarşı sanksiyaları hökumətin "xarici agentlər" qanunu ilə bağlı mövqeyini dəyişməyəcək.
Bunu hakim "Gürcü arzusu-Demokratik Gürcüstan" partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze bildirib.
"Söhbət ölkənin maraqlarından, gələcəyindən gedirsə, sanksiyalar bizim qərarımızı dəyişməyəcək, heç kim sanksiyalardan qorxmur", - Kaladze deyib.
O, həmçinin qeyd edib ki, sanksiya siyahısına şəxsən daxil edilib-edilməməsi barədə ona bildiriş gəlməyib.
Kaladze Vaşinqtonun qərarını "qeyri-ciddi və gülünc" adlandırıb. Onun sözlərinə görə, sonuncu dəfə 2000-ci illərdə "Milan" futbol klubunda çıxış edəndə ABŞ-da olub və bir daha ora getmək arzusu yoxdur.
ABŞ Gürcüstana viza sanksiyaları tətbiq edir
Birləşmiş Ştatlar Gürcüstanda demokratiyaya xələl gətirdiyinə görə onlarla insana viza məhdudiyyəti tətbiq etmək niyyətində olduğunu açıqlayıb. Buraya o cümlədən ölkənin hakim "Gürcü Arzusu" partiyasının üzvləri, deputatları və hüquq-mühafizə orqanlarının əməkdaşları daxildir.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller vurğulayıb ki, Vaşinqton Gürcüstan liderlərinin öz qərarlarına yenidən baxacaqlarına ümid edir: "Bunu etməsələr, Birləşmiş Ştatlar əlavə tədbirlər görməyə hazırdır".
3 iyun
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili "xarici təsirin şəffaflığı haqqında" qanunu imzalayıb.
Qanun Papuaşvilinin imzası ilə qüvvəyə minib.
28 may
Gürcüstan parlamenti prezident vetosunu ləğv etdi
Gürcüstan parlamenti mayın 28-də səsvermə yolu ilə prezidentin “xarici təsirin şəffaflığı” adlı qanuna qoyduğu vetonu ləğv edib.
Bundan sonra sözü gedən qanun imzalanmaq üçün prezident Salome Zurabişviliyə göndəriləcək.
Əgər o bu qanunu 5 gün müddətində imzalamasa, sənədi parlamentin sədri Şalva Papuaşvili imzalayacaq və dərc edəcək.
Aİ-dən reaksiya
Avropa İttifaqı Gürcüstan parlamentinin qərarına dərhal reaksiya verib.
Brüsselin bəyanatında deyilir ki, Avropa İttifaqı xarici təsirin şəffaflığına dair qanuna prezident tərəfindən qoyulmuş vetonun ləğv olunmasından dərin məyusluq keçirir.
Bəyanatda vurğulanır ki, Gürcüstan parlamenti bu qərarı Venesiya Komissiyasının detallı iradlarına və qanunun qəbul edilməməsinə çağırışına rəğmən qəbul edib.
Bəyanatda deyilir ki, Aİ bu qanunun onun əsas prinsip və dəyərlərinə zidd olduğunu dəfələrlə Gürcüstan hökumətinin nəzərinə çatdırıb.
Bu da bildirilir ki, Gürcüstan bu qanunu qəbul etməklə ona Aİ liderləri tərəfindən verilmiş Avropa İttifaqı üzvlüyünə namizəd statusunun tələb etdiyi 9 addımın ən azı üçündən geri çəkilib və bu, Gürcüstanın Avropa İttifaqına doğru irəliləyişini mənfi təsirləndirəcək:
“Biz Gürcüstan hakimiyyətini bu meyldən geri çəkilməyə və qəti şəkildə Aİ cığırına qayıtmağa çağırırıq. Bu dinamikanın dəyişdirilməsi üçün hələ vaxt var, amma bunun üçün hakimiyyətin güclü sadiqliyi tələb olunur”.
Bəyanatda deyilir ki, Aİ və Üzv Ölkələr bu hadisələrə reaksiya verilməsi üçün bütün mümkün tədbirləri nəzərdən keçirirlər.
“Biz Gürcüstan xalqının yanında olmaqda davam edirik və onun böyük əksəriyyətinin ölkənin Avropa gələcəyi seçimini dəstəkləyirik”.
Latviyanın xarici işlər naziri Bayba Braje Gürcüstan parlamentinin qərarından dərin məyusluğunu bildirib:
“Ötən il Aİ Gürcüstana namizəd statusu verməklə ona şans tanımışdı. Bu, Gürcüstan üçün tarixi an idi və onun xalqı tərəfindən aşkarca dəstəklənmişdi. Bugün isə kədərli gündür”.
Qızğın debatlar
Beləliklə, hakim “Gürcü arzusu” partiyası gözlənildiyi kimi mayın 28-də prezident vetosunu ləğv edib.
Hakim partiya Demokratik Partiya ilə alyansda 150 yerlik parlamentdə 84 mandata malikdir.
Əslində vetonun ləğvi üçün 76 səsin sadə çoxluğu kifayət edirdi.
Bu da xəbər verilir ki, prezident vetosunun ləğvi üçün qərarın debatların qızğın olub.
Keçmiş prezident Mixeil Saakaşvilinin Vahid Milli Hərəkat partiyasının əsasını qoyanlardan biri – Roman Qotsiridze hakim partiyadan olan deputatları “daim Gürcüstanının müstəqilliyini dəstəkləyən qərbli dostları itirməkdə” ittiham edib.
“Siz ölkəmizin əsl dostlarını düşmən elan etmisiniz və qanlı Putin rejimini dost sayırsınız”.
Amma Aİ-yə inteqrasiya komitəsinin başçısı Maka Boçorişvili vəsaitlərin yalnız bəyan olunmasını və QHT-lərin hesabatlığını tələb edən qanunun bu qədər etirazlara səbəb olmasından təəccübünü bildirib.
Qərarı səsverməyə çıxarmazdan əvvəl spiker Papuaşvili deyib ki, qanunun qəbulu ölkə üçün zəruridir, çünki “gürcü xalqına ağa yox, dostlar lazımdır”.
Onun sözlərinə görə “Gürcüstanın xarici yox, gürcü təsirinə ehtiyacı var”.
“Kremlin filialı”
Bugünlərdə prezident Zurabişvilini Gürcüstanın Müstəqilliyi günü münasibətilə təbrik etmiş ABŞ vitse-prezidenti Kamala Harris ona həm də xarici agent qanununa veto qoymasına görə təşəkkürünü bildirmişdi.
Xanım Harris vurğulamışdı ki, bu vetonun parlament tərəfindən ləğv edilməsi “ABŞ-Gürcüstan münasibətlərini sarsıda bilər”.
Qərarın qəbulu zamanı parlamentin qarşısına minlərlə müxalifət tərəfdarı və etirazçı toplaşmışdı. Səsverməni boykot edən müxalifət deputatları da onlara qoşulmuşdular.
Etirazçılar iqtidar deputatlarını “vətən xaini” və “Putinin nökərləri” adlandırırdılar.
Etirazçılardan kimsə parlamentin divarına “Kremlin filialı” sözlərini yazmışdı.
Mitinq iştirakçıları habelə ABŞ və Avropa İttifaqını vədlərinə əməl edərək Gürcüstan hakimiyyətinə sanksiyalar qoymağa çağırırdılar.