Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:39

Gürcüstan prezidenti seçkinin nəticələrini tanımayacağını deyir, etirazlara çağırır


Salome Zurabişvili
Salome Zurabişvili

Gürcüstan prezidenti Salome Zurabişvili oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin nəticələrini tanımadığını bildirib. “Biz Rusiya xüsusi əməliyyatının qurbanı olduq”, – o, oktyabrın 27-də keçirdiyi mətbuat konfransında deyib.

Ancaq S.Zurabişvili dediklərini əsaslandıracaq dəlil gətirməyib.

Prezident Gürcüstan hakimiyyətinin vətəndaşların seçkidə seçmək hüququnu əlindən aldığını söyləyib.

“Bu seçkinin nəticələrini tanımıram”, – prezident deyib və etirazlara çağırıb.

Son aylar Gürcüstanda hakim Gürcü Arzusu partiyasına qarşı kütləvi etirazlar keçirilib. Tənqidçilər bu partiyanı rusiyayönlü olmaqda, demokratik normaları aşındırmaqda suçlayırlar.

Gürcü Arzusu seçkidə qələbəsini qeyd etsə də, qərbpərəst müxalifət etiraz edir, beynəlxalq müşahidəçilər pozuntuların baş verdiyini bildirir.

Qərb müşahidəçilərinin gördükləri

Qərb müşahidəçiləri də iddia olunan pozuntuların araşdırılmasını tələb ediblər.

Məntəqələrin 99.6 faizində bülletenlər sayılandan sonra Mərkəzi Seçki Komissiyası (MSK) “Gürcü Arzusu”nun səslərin 54.8 faizini yığdığını açıqlayıb.

Oktyabrın 27-də ATƏT və AŞPA müşahidə missiyaları Gürcüstandakı parlament seçkiləri ilə bağlı ilkin dəyərləndirmələrini açıqlayıblar. Missiyanın yaydığı bəyanatda deyilir ki, seçicilərə 18 namizəddən ibarət siyahı təklif olunub və namizədlər ümumilikdə azad kampaniya apara biliblər. Ancaq parlament seçkilərində dərin qütbləşmə, bu yaxınlarda qəbul edilmiş qanunlarla bağlı narahatlıq və onların fundamental azadlıqlar və vətəndaş cəmiyyətinə təsiri səsvermə prosesinə kölgə salıb. ATƏT həmçinin seçki kampaniyasından bölücü ritorikanın yer aldığını, seçicilərə təzyiqlərlə bağlı irimiqyaslı xəbərlərin olduğunu vurğulayıb.

ATƏT müşahidəçiləri mətbuat konfransı keçirir
ATƏT müşahidəçiləri mətbuat konfransı keçirir

“Böyük qardaş” xofu

ATƏT müşahidə missiyasının rəhbəri Paskal Alizar deyib ki, seçki yaxşı təşkil olunsa da, onlar bir sıra çatışmazlıqlar müşahidə ediblər. Bunlar sırasında seçkinin qütbləşmiş mühitdə keçməsi, seçicilərə təzyiq və qorxu faktlarının olması, rəqiblər arasında maliyyə resurslarının disbalansı, KİV sahəsində qütbləşmənin olması, partiyaların seçki siyahısında kifayət qədər qadının təmsil olunmaması yer alıb.

AŞPA-nın müşahidə missiyasının rəhbəri Culian Bulay (Iulian Bulai) isə Gürcüstanda müxalifətə və vətəndaş cəmiyyətinə qarşı nifrət nitqinin alovlanmasından narahat olduğunu bildirib. O, seçki dönəmində xüsusilə kənd yerlərində seçicilərin satın alınması və saxtalaşdırma faktlarını gördüklərini bildirib:

"Hakim partiya tərəfindən seçki məntəqələrin quraşdırılan kameralar, həmçinin seçki məntəqələri seçiciləri izləyən və ola bilsin, onlara nəzarət edən şəxslərin olması qorxu və təzyiq atmosferi yaradıb. Belə hiss var idi ki, "böyük qardaş səni izləyir". Bunu müşahidəçilərimizdən biri qeyd edib".

IRI-NDİ: "Qorxu var idi ki, yardım kəsiləcək"

ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu (IRI) və Milli Demokratiya İnstitutunun (NDI) birgə müşahidə missiyası da ilkin dəyərləndirməsini edib. IRI prezidenti Den Tvininq hökumətin seçki ərəfəsində misilsiz siyasi, hüquqi və administrativ dəyişikliklər edərək, siyasi rəqabəti məhdudlaşdırdığını bildirib:

"Bənzər manipulyasiyalar seçki öncəsi siyasi subyektlər üçün qeyri-bərabər şərait yaradır".

Birgə müşahidə missiyasının üzvü, isveçli parlamentari Marqareta Siderfeld isə seçki ərəfəsində qəbul edilən xarici təsirin şəffaflaşdırılması haqqında qanunun QHT-lərin hökumət və ona bağlı qruplar tərəfindən təqib edilməsi və qorxudulması riski yaratdığını bildirib:

"Gürcü Arzusu yerli özünüidarəetmələrdə çoxlu nümayəndəyə nəzarət edib. Belə qorxu var idi ki, əgər yerli əhali hakim partiyaya səs verməsə, onların sosial yardımı kəsiləcək".

Müşahidə missiyasının üzvü Con Şimkus bildirib ki, ümumilikdə seçki texniki baxımdan doğru keçib və yeni texnologiyalar olduğu kimi işləsə də bülletenlərin skan edilməsində kiçik problemlər müşahidə edilib.

Zurabişvili müxalifətlə görüşür

İlkin hesabatların açıqlanması fonunda AzadlıqRadiosunun gürcü xidməti prezident Salome Zurabişvilinin Orbeliani sarayında müxalifət partiyalarının liderləri və QHT rəhbərləri ilə görüşlər keçirdiyinə dair məlumat yayıb. Zurabişvili ilə görüşdən sonra açıqlama verən Birlik-Milli Hərəkat Koalisiyasının liderlərindən biri Tina Bokuçava prezidentlə intensiv konsultasiyaların davam etdiyini bildirib:

"Ümid edirəm ki, qərbyönlü müxalifət cəbhəsində tam birlik olacaq".

Eyni koalisiyanın liderlərindən olan Georgi Vaşadze isə prezidentlə görüşdən sonra əsas məsələlərlə bağlı razılığın olduğunu söyləyib:

"Bu təkcə saxtalaşdırılmış yox, həm də yazılmış nəticələrdir. Bu seçkilərdə xalq qələbə qazandı. Bundan irəli gələrək mövqeyimiz güclüdür".

Hakim Gürcü Arzusu Partiyası isə görüşlərə və müşahidə missiyalarının hesabatlarına hələlik reaksiya verməyib. Bu gün səhər saatlarında baş nazir İrakli Kobaxidze müxalifətin konstitusion nizamı dəyişməsinə izn verməyəcəklər. O həmçinin parlamentin ilk iclasını müxalif deputatlar iştirak etməyəcəyi təqdirdə keçirəcəklərini bildirib.

Gürcüstanda oktyabrın 26-da parlament seçkiləri baş tutub. MSK-nın məlumatına görə, Dəyişikliklər Naminə Koalisiya (10,92%), Birlik - Milli Hərəkat Koalisiyası (10,12%), Güclü Gürcüstan Koalisiyası (8,78%) və Qaxariya Gürcüstan Naminə Koalisiyası (7,76%) səs yığıblar.

Müxalifətdə yer alan bəzi partiyalar artıq etiraz aksiyalarının anonslarını veriblər.

XS
SM
MD
LG