Nardaran hadisələrindən sonra həbs olunan və ağır maddələrlə mühakiməsi davam edən şəxslərdən ikisinin - Ruzi İsmayılov və Ramil Seyfullayevin vəkili Şəhla İsmayılova müdafiə hüququnun pozulmasından narazıdır. Bu məsələyə görə məhkəmədə vəkillə hakim arasında mübahisə yaranıb.
Nardaran hadisələri ilə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan üçüncü qrupun işinə Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Buna da bax: Elçin Qasımov şahid polisə: 'Kişi ol...'
“BURA TƏMAS YERİ DEYİL”
Mayın 8-də hakim elan edib ki, vəkillərdən bəzilərinin gəlməməsi səbəbindən məhkəmə təxirə salınır. Amma vəkil Şəhla Hümbətova hakimə müdafiə hüququnun pozulmasıyla bağlı narazılığını bildirib. Vəkil deyib ki, hüquqlarını müdafiə etdiyi şəxsə işlə bağlı bir sənəd vermək istəyib. Lakin Penitensiar Xidmətin nəzarətçiləri imkan verməyib. Bu da müdafiə hüququnun pozulmasıdır.
Hakim Zeynal Ağayevin deməsinə görə, əvvəla, Penitensiar Xidmətin əməkdaşlarının işinə qarışa bilməzlər: "İkincisi, məhkəmə zalı vəkillə təqsirləndirilən şəxsin təmas yeri deyil".
Buna da bax: “Nardaran işi-3”də qalmaqal: İki nəfər zaldan çıxarıldı
Vəkil bu cavabı hakimin təqsirləndirilən şəxsin öz müdafiəçisi ilə ünsiyyətinə qadağa kimi qiymətləndirib: "Bəs mən müdafiəni necə qurmalıyam? Mən hüquqlarını müdafiə etdiyim adamla müzakirə aparmalıyam, ona sənədləri verməliyəm..."
“HÜQUQ NORMALARINA ZİDDİR”
Hakim vəkilə belə cavab verib: "Gedin Kürdəxanıda nə qədər istəyirsiz, görüşün, müzakirə aparın, sənəd verin. Məhkəmə zalı onun üçün deyil".
Məhkəmənin növbəti iclası mayın 15-nə təyin olunub.
Buna da bax: 'Nardaran işi': 'Qonaq otağında xəncər, yataq otağında 2 qumbara var idi'
Şəhla Hümbətova deyir ki, bu cür münasibət həm yerli qanunverciliyə, həm də beynəlxalq hüquq normalarına ziddir:
"Əslində, təqsirləndirilən şəxslər öz vəkillərinin yanında əyləşməlidir. Məhkəmə zalında buna imkan da var. Təəssüf ki, təqsirləndirilən şəxslərə buna icazə vermirlər və onları zalda şüşə kabinədə saxlayırlar. Halbuki, vəkilin daim hüquqlarını müdafiə etdiyi şəxslə ünsiyyətdə olmaq, müdafiə ilə bağlı istənilən məsələni onunla müzakirə etmək hüququ var və buna şərait yaradılmalıdır. İndiki halda, adamları şüşə kabinəyə salıb təcrid etməkləri azmış kimi, ümumiyyətlə, vəkillə ünsiyyətə də imkan vermirlər".
Buna da bax: 'Cavan oğlansan, üzə durmağı sənə yaraşdırmıram...'
Şəhla Hümbətovanın sözlərinə görə, barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmayan şəxsi məhkəmə zalında təcrid olunmuş vəziyyətdə saxlamaq həm də təqsirsizlik prezumpsiyası hüququnun pozulmasıdır.
XATIRLATMA
2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.
Buna da bax: 'Nardaran işi-3': Təqsirləndirilənlərin yaxınları zaldan çıxarıldı
Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.
Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.