Dövlət Statistika Komitəsi (DSK) ötən il Azərbaycanda istintaqı tamamlanmış və ya yekun protokolu təsdiqlənmiş cinayətləri törədən şəxslərlə bağlı bilgiləri açıqlayıb. Bəlli olur ki, ən çox cinayət törədənlər əvvəllər də məhkum olunmuş şəxslərdir. Ötən il belələrinin sayı 6 min 811 nəfər olub. 2015-2019-cu illərdə bu say təxminən 3 min nəfərə yaxın idi. 2020-ci ildən bəri təkrar cinayət törətmək halları çoxalıb.
Rəsmi rəqəmlərdən aydın olur ki, bu artım, əsasən, narkotik maddələrin dövriyyə və istifadəsindən qaynaqlanır. Axı 2022-ci ildə cinayət törətmiş şəxslərin 3 min 893 nəfəri narkotik istifadəçisi olub. 2021-ci ilədək bu rəqəm mindən az idi. Bu baxımdan, rəsmi rəqəmlər göstərir ki, narkotik cinayətlərinə görə həbs edilən şəxslərin çoxu həbsxanada olduğu müddətdə həmin zərərli vərdişdən əl çəkə bilmir. Halbuki həmin müddət ərzində dövlətin narkotik istifadəçilərini reabilitasiya etməklə bağlı şansı var. Di gəl, görünür, gerçəkləşdirilən tədbirlər effektiv olmadığından bu fəaliyyət nəticə vermir.
Təsadüfi deyil ki, son illər ölkədə residiv, yəni təkrarlanan cinayət sayında artım gözə çarpır. Ötən il Azərbaycanda 532 təkrarlanan cinayət qeydə alınıb. Əvvəlki 10 ildə - 2011-2021-ci illərdə ölkədə hər il ortalama 335 belə cinayət qeydə alınmışdı.
Cəzaçəkmə müəssisələrinin durumu
Azərbaycandakı cəzaçəkmə müəssisələrində baş verən problemlər tez-tez media gündəminə gəlir. Belə müəssisələrdə qidaların aşağı keyfiyyəti, hər şey üçün rüşvət tələb edilməsi adi hala çevrilib. Məhbusların ən çox narazılığını bildirdiyi məqamlar arasında həbsxanalardakı sıxlıq ayrıca diqqət çəkir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə məruzəsində açıqladığı rəqəmlər də bu fikirləri təsdiqləyir. Ombudsman və onun Milli Preventiv Qrupunun (MPQ) araşdırmasına görə, 2 min 500 nəfər üçün nəzərdə tutulmuş Bakı İstintaq Təcridxanasında bir başçəkmə zamanı 3 min 300-dən, digər başçəkmə zamanı isə 3 min 500-dən çox şəxsin olduğu üzə çıxıb. Başqa deyimlə, təcridxananın tutumundan təxminən 40 faiz daha çox adamın saxlandığı müəyyənləşdirilib. Gəncədə 700 nəfər üçün nəzərdə tutulmuş 2 saylı İstintaq Təcridxanasında 800 nəfərin, Şüvəlanda 1 min 50 nəfər üçün nəzərdə tutulmuş 3 saylı İstintaq Təcridxanasında 1 min 400 nəfərin saxlandığı üzə çıxıb.
Ombudsmanın açıqlamasında da cəzaçəkmə müəssisələrinin islah prosesini düzgün qurmadığı bildirilir. Başçəkmə günü 935 məhkumun saxlanıldığı 1 saylı Cəzaçəkmə Müəssisəsində 14; 1 min 77 nəfərin saxlanıldığı 11 saylı Cəzaçəkmə Müəssisəsində 37; 1 min 88 nəfərin saxlanıldığı 17 saylı Cəzaçəkmə Müəssisəsində isə 34 nəfərin cərimə təcridxanasında olması müəyyənləşdirilib. Açıqlamada vurğulanır ki, daxili intizam qaydalarını pozan şəxslər tənbeh tədbiri olaraq, çox vaxt cərimə təcridxanasına salınırlar. Bu da həbsxanalarda islah işlərinin effektivliyinin qənaətbəxş səviyyədə olmamasından xəbər verir.
Təmirin yetərsiz səviyyəsi, su kranlarının işləməməsi, gərəkli əşyaların hamıya çatmaması həbsxanalarda diqqət çəkən adi hallardır. Beləcə, bəlli olur ki, cəzaçəkmə müəssisələrində nə islah işləri görülür, nə də məhbusların ən zəruri ehtiyacları qarşılanır.
Azərbaycan Avropa məkanında məhbuslara ən az pul xərcləyən ölkələrdən biridir. Avropa Şurasının (AŞ) hesabatına görə, 2021-ci ildə Azərbaycanda məhbusların illik xərci 64.8 milyon avro, hər məhbusun günlük xərci isə 7.97 avro olub. Bu göstərici, Ukrayna istisna, AŞ məkanında ən aşağı göstəricidir.
Cinayətləri daha kimlər törədir?
Son illər ölkədə 14-17 yaşlı uşaqların törətdiyi və ya qatıldığı cinayət sayında nisbi azalma gözə çarpır. Məsələn, 1990-cı illərdə onların iştirakı ilə hər il ortalama 800-ə yaxın cinayət qeydə alınırdı. 2000-2020-ci illərdə bu say təxminən 450-ə enib. Son iki ilin ortalaması isə 280 olub.
Mütəşəkkil dəstələrin törətdiyi cinayət sayındasa kəskin artım var. 2017-2021-ci illərdə belə dəstələrin törətdiyi 150 cinayət qeydə alınmışdı. Ötən il bu say birdən-birə 462-yə yüksəlib. Bu artım, əsasən, ötən il narkotik satışı ilə məşğul çox sayda şəbəkə üzvünün yaxalanmasından qaynaqlanıb.
Son illər sərxoş durumda törədilən cinayət sayı azalıb. Məsələn, 1990-cı illərdə ölkədə hər il 1 min 200 dən çox cinayət sərxoş durumda törədilirdi. 2000-2019-cu illərdə bu say 560-a enib. Son üç ildə sərxoşların törətdiyi cinayətlərin orta sayı 200-ü aşmır.