Nəticələri iyunun 29-da açıqlanmış yeni araşdırmaya görə Çin Sintzyan vilayətindəki uyğur və başqa müsəlman azlıqların sayına nəzarət etmək məqsədilə onların qadınlarını sterilləşməyə və ya kontarseptivlərdən istifadəyə məcbur edir.
Çin üzrə ekspert Adrian Zenz tərəfindən hazırlanmış hesabatda deyilir ki, Pekinin belə siyasəti tədricən həyata keçirilən demoqrafik “soyqırım” kimi qiymətləndirilə bilər.
Bu hesabat Çinə dair beynəlxalq təhqiqat açılmasına çağırışlara səbəb olub. Çin bu iddiaları əsassız adlandırır.
Pekin indiyədək 1 milyon uyğuru və Sintzyandakı başqa müsəlman azlıqların nümayəndələrini 2017-ci ildən konsentrasiya düşərgələrində yerləşdirdiyinə görə tənqid olunur.
Çin israr edir ki, bu düşərgələrdən məqsəd “təkrar tərbiyələndirmə” və təlimin verilməsidir və bu separatçı terrorizmə qarşı mübarizənin tərkib hissəsidir.
Uyğurlar Sintzyan regionunun avtoxton xalqıdır. Sayına görə bu regionda qazaxlar ikinci böyük milli azlıqdır. Burada habelə qırğızlar, taciklər və Hui kimi tanınan dunqanlar yaşayır.
Çinlilər və ya Han qrupu Sintzyanda sayca ikinci etnik qrupdur.
Zenz hesabatında Çin hökumətinin rəsmi sənədlərindən, yerli məlumatlardan və Sintzyanın qeyri-Han əhalisinə qarşı aparılan reproduktiv repressiyalara dair müsahibələrdən istifadə edib.
“Reproduktiv repressiya”
Hesabatda deyilir ki, 2016-cı ildə qəddar polis dövlətinin repressiyaları başlanandan bəri dövlətin “reproduktiv muxtariyyətə” müdaxilələri sistematik xarakter alıb.
Dövlət doğuma sərt nəzarət siyasəti əsasında uyğur və başqa etnik azlıq qadınlarını həbs və düşərgələrdə yerləşdirməklə qorxudur.
Qadınların hamiləliyi dayandırmaqdan imtina etməsi onların cəzalandırılması üçün əsas ola bilər.
İcazə verilən uşaq sayından (maksimum iki uşaq, kənd yerlərində isə üç uçaq) az uşağı olan qadınlar uşaqlıqdaxili kontraseptiv spirallardan istifadəyə məcbur edilir.
Hesabatda deyilir ki, bəzi qadınlar sterilləşdirmə cərrahiyyəsinə məcbur edilir, onlara aybaşını dayandıran preparatlar yeridilir.
Hesabatda bu da qeyd olunur ki, hökumət sənədləri kənd icmalarındakı uyğur qadınların icbari ginekoloji imtahandan keçirildiyini və onların hamilə olub-olmadıqlarına yerli rəsmilərin nəzarət etdiyini göstərib.
Doğuşlar 84 faiz azalıb
Hökumət sənədləri Sintzyanda doğum reytinin aşağı salındığını göstərir.
Məsələn məlum olub ki, iki ən böyük uyğur prefekturasında 2015-2018-ci illərdə doğuşların sayı 84 faiz azalıb. Bu göstərici 2019-cu il ərzində də düşməkdə davam edib.
Çinin hökumət sənədlərindən bu da məlum olur ki, cənubi Sintzyanda üç və daha çox uşağı olan qadınların kütləvi sterilizasiyası kampaniyası aparlılıb.
Hesabatda bildirilir ki, Pekin uyğurlar yaşayan dörd kənd prefekturasında doğuş yaşına çatmış qadınların 20 faizini sterilləşməyə və ya uşaqlıqdaxili spirallardan istifadəyə məcbur etməyi planlaşdırıb.
Sənəddə bu da qeyd olunur ki, bütün Çin üzrə 2018-ci ildə uşaqlıqdaxili spiralların yerləşdirilməsi əməliyyatlarının 80 faizi Sintzyanda həyata keçirilib. Halbuki buradakı əhali bütün Çin əhalisinin yalnız 1.8 faizini təşkil edir.
Kommunist partiyasından hesabat tələb olunması
Bundan əvvəl verilən bəzi xəbərlərdə deyilirdi ki, Kommunist Partiyası çinli kişilərin, ərləri islah düşərgələrində olmuş və ya orada vəfat etmiş uyqur qadınlarla evlənməsini stimullaşdırır.
Sintzyanın əhali nisbətini dəyişmək məqsədilə, habelə etnik çinlilərə Sintzyanda iş, iqtisadi subsidiya və torpaq verilir.
Hesabat Pekini “Han məskənləri müstəmləkəçiliyi siyasəti” aparmaqda ittiham edir.
Hesabatda qeyd olunur ki, Çinin Sintzyanda apardığı siyasətlərdən azı birinə BMT-nin Soyqırım Konvensiyasınının müddəaları şamil edilə bilər.
Konvensiyada deyilir ki, “qrup daxilində doğuşlara maneçilik törədilməsi” qadağandır.
ABŞ dövlət katibi Mike Pompeo Çin Kommunist Partiyasının “insan həyatının toxunulmazlığı və təməl insan ləyaqəti” prinsiplərinə hörmətsizliyinə son qoyulmasını tələb edib.
Şimali Amerika, Avropa və Avstraliya millət vəkillərindən ibarət Çin Alyansı qrupu bildirib ki, BMT Çində “insanlığa qarşı cinayətlərin və ya soyqırımın baş verib-vermədiyini” aşkar edəcək təhqiqat keçirməlidir.