Yol dərdi Lerikin Şinəabad və Nivarud kəndinin ortaq dərdinə çevrilib.
"İlham Əliyev kənd yollarının təmir və bərpasına hər il milyonlarla pul ayırır. Ancaq yenə də bu yolların hər qarışı ölümə aparır".
Lerikin Şinəabad kənd sakinləri AzadlıqRadiosu-na üz tutublar. Onlar uzun illərdir ki, ayrılan iriməbləğli pullarla kəndlərin əsas yollarında yalnız yamaqlama işlərinin aparıldığını, nəticədə, baxımsız yolların insanlara ölüm saçdığını iddia edirlər.
Kənd sakini Elçin Mustafayev deyir, bu yollarda həm ailəsiylə qəza yaşayıb, həm də bir çox ağır qəzanın şahidi olub:
"Sovet vaxtında qurulmuş yollardır. İstifadə müddətini çoxdan başa vurub, arada-sırada ora-burasını yamayırlar, bununla da işlərini bitmiş sayırlar. Bu yollardan bir neçə kəndin əhalisi istifadə edir. Dəfələrlə ağır qəzaların şahidi olmuşuq. Ölüm-itim də olur bu yollarda... Öz ailəmlə qəzaya düşmüşdük, həyat yoldaşım bir ayağını itirdi bu yolda...".
Buna da bax: Bir kənd var – Təngivan...
“Yağışlı havalarda həyatla halallaşmaq lazım”
Nivaruddan keçən eyni yol bir neçə il əvvəl bu kənddəki bir ailəin məhvinə səbəb olub. Yolun çökmüş hissəsindən dərəyə yuvarlanan avtomobildən sağ çıxan olmayıb. Kənd sakinləri "Qaynar xətt"ə şikayətlərində deyirlər ki, əsasən, yağışlı havalarda sürüşkən olan yoldan keçməzdən öncə gərək həyatla halallaşasan. Yəhya Süleymanov:
"Üç kəndi birləşdirən yolda dəfələrlə uçqun olub, aşınma var, bu da o deməkdir ki, hər gün bu yollardan keçən avtomobillərə təhlükə var. Ancaq heç bir məmurun vecinə deyil".
Lerik Rayon İcra Hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, sözügedən kənd yollarının əsaslı təmiri nəzərdə tutulub: "O yollar vaxtaşırı təmir olunur, ancaq iritonnajlı avtomobillərin hərəkəti yolları yenə bərbad duruma salır. Yol nəzarətdədir və növbəti təmir işlərinə görə aidiyyəti qurumlara müraciət olunub. Yəqin ki, tezliklə bir əncam çəkiləcək".
Yol problemi tək dərd deyil?
Nivarud və Şinəabad kəndinin sakinləri AzadlıqRadiosu-nun "Qaynar xətt"inə bir çox sosial problemdən danışıblar. Yol problemi tək dərdləri deyil. Bu kəndlərdə işsizlik, inzibati binaların (məktəb, bağça və s.) və heyvandarlığın ağır durumu, qışda işıq və odun problemləri kəndlilərin ənənəvi problemlərinə çevrilib.
İcra Hakimiyyəti sadalanan problemlərin mərhələli şəkildə həll olunacağını vəd edir.
"Azərbaycanda Regionların İqtisadi və Sosial inkişafı Dövlət Proqramı"nın icrasına görə hər il büdcədən milyonlarla pul ayrılır. Bu Proqrama kənd yollarının təmir-bərpasından tutmuş işsizliyin aradan qaldırılmasınadək bütün sahələri əhatə edir. Bununla belə həmin Proqram hələ də kəndlilərin sosial problemlərdən yaxa qurtarmasına gətirib çıxarmayıb.