Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:38

'Heydər Əliyevin ən böyük mirası İlham Əliyevdir'


Heydər Əliyev və İlham Əliyev
Heydər Əliyev və İlham Əliyev

(Arxiv. Yazı 2016-cı ildə hazırlanıb)

Keçmiş prezident Heydər Əliyev Azərbaycana hansı mirası qoydu? AzadlıqRadiosu bu sualla vaxtilə onunla eyni komandada işləyənlərə, siyasətçilərə və deputata müraciət edib. Onların cavabını və bir neçə xatirəni təqdim edirik.

«Sonuncu görüşdən sonra… cərrahiyyə əməliyyatına yollandı»

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyir: «Müstəqil dövlətçiliyin əsasını Heydər Əliyev qoyub. Ondan qabaq dövlət barəsində danışmaq mümkün deyildi. Bu, əsas mirasdır».

Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

O, mərhum prezidentlə yaddaqalan xatirələrinin çox olduğunu, ancaq birini daha təsirli saydığını söyləyir:

«1999-cu il idi. ABŞ-da səfərdə idik, mən də nazir kimi prezidenti müşayiət edirdim. NATO çərçivəsində onun bir neçə görüşü vardı. O zaman artıq bəlliydi ki, rəsmi görüşlər bitəndən sonra Heydər Əliyev ürəklə bağlı cərrahiyyə əməliyyatına yollanacaq. Təbii ki, hamımız narahatıydıq, həyəcanlıydıq, başa düşürdük ki, təhlükəlidir. Amma mənə təsir edən o oldu ki, son görüş Konqresdəydi, həmin görüşü əvvəldən axıradək özü apardı, sözünü dedi, hətta xəritələri də konqresmenlərə özü payladı. Görüş bitəndən sonra təyyarəyə minib əməliyyata yollandı. Bu cür iradə sahibi olması, vəzifəsinə yüksək səviyyədə yanaşması, Azərbaycanın, dövlətçiliyin maraqlarını yüksək qiymətləndirməsi mənə görə çox təsirli idi. Hamımız insanıq. Diş həkiminə gedəndə belə narahat oluruq, ancaq onda söhbət ürək əməliyyatından gedirdi. Əliyevsə son görüşü də başa çatdırdı, sonra yola düşdü. Bu, yaddaşımda qalan ən təsirli xatirədir».

Zülfüqarov ata Əliyevin hər zaman iş haqqında düşündüyünü söyləyir:

«Məsələn, Türkiyə Cümhuriyyətinin yaranmasının 70 illiyi münasibətilə İstanbuldaydıq. Günün sonunda İstanbulda gəzinti də proqrama daxil edilmişdi. 2 saat yarım davam edən gəzinti zamanı Türkiyənin baş naziriylə əvvəldən axıra Azərbaycanla bağlı söhbət etdi, yəni nə sağa baxdı, nə də sola. Həmişə iş barəsində, Azərbaycan haqqında düşünürdü. İradəli insan idi. Allah qəni-qəni rəhmət etsin».

Heydər Əliyev istəsəydi, Dağlıq Qarabağ münaqişəsini həll edə bilərdimi? Keçmiş xarici işlər naziri deyir ki, bu problemin həllindən ötrü aradan uzun bir zaman keçməlidir: «Münaqişənin həlli bir şəxsiyyətdən asılı məsələ deyil».

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

«Ən böyük mirası İlham Əliyev, indiki Nazirlər Kabinetidir»

Politoloq Zərdüşt Əlizadə «Heydər Əliyevin mirası» ilə bağlı suala belə cavab verir:

«İndiki günə baxın da. Adambaşına gələn gəlir Ermənistandan 100 dollar azdır. Manat yarıbayarı dəyərsizləşib, müstəqil məhkəmə sistemi yoxdur, dövlət aparatı rüşvətxorluqla məşğuldur. Ermənistan Dağlıq Qarabağın işğalını qəti tələb kimi ortaya qoyur və bircə addım geri çəkilmək istəmir. Azərbaycanın neft gəlirləri sovrulub. İndi Azərbaycan ortaya düşüb xarici ölkələrdən borc istəyir. Sənayemiz məhv edilib, təhsil, səhiyyə pis gündə, imkanı olan müalicəyə xaricə gedir. Əlbəttə, qlamur şeylər də var. Divarları qaşıyıblar, gözəl binalar tikiblər və orda varlılar yaşayır. Amma Azərbaycan dövlət kimi fəaliyyət göstərmir, vəssalam. Xalq dövlətdən narazıdır, dövlət qurumlarına inanmır».

Bunlar İlham Əliyev hakimiyyəti dövründə baş verdiyi halda, Heydər Əliyevin mirası kimi dəyərləndirmək doğru olarmı? Zərdüşt Əlizadə konkret cavab verir:

«Heydər Əliyevin ən böyük mirası İlham Əliyevdir... Amma tək o yox, elə Əbülfəz Əliyev də (Azərbaycanın ikinci prezidenti), indiki Nazirlər Kabineti də onun mirasıdır».

Z.Əlizadə Heydər Əliyevi «böyük siyasətçi» kimi xarakterizə edir, ancaq bir şeyə təəssüflənir:

«Xalqı sevmirdi, hakimiyyəti sevirdi». Buna görə də xalqa fərqli miras qoya bilmədiyini düşünür: «Onun potensialı imkan verirdi ki, Azərbaycanda islahatlar keçirsin, səmərəli dövlət sistemi qursun, Dağlıq Qarabağ münaqişəsini həll etsin. Amma etmədi».

Nizami Cəfərov
Nizami Cəfərov

«Heydər Əliyev azərbaycanlılarda olan kompleksi dağıtdı»

«Heydər Əliyevin birinci mirası yetərincə mükəmməl dövlət yaratmasıdır». Yeni Azərbaycan Partiyasının üzvü, deputat Nizami Cəfərov belə deyir:

«İkinci çox mühüm xidməti ondan ibarətdir ki, ölkənin maddi potensialını, xüsusilə də neft strategiyasını gerçəkləşdirdi. Bu, dövlətin iqtisadi təhlükəsizliyindən ötrü vacib məsələdir. Üçüncüsü də, olduqca mürəkkəb regionda və şəraitdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində normal yer tutması üçün prinsiplər müəyyənləşdirdi. Bu gün də həmin prinsiplərlə hərəkət edilir. Bu, Azərbaycan dövlətçiliyinin möhkəm dayaqlar üzərində dayanması üçün fundamental məsələlərdir».

Deputat bir də onu vurğulayır ki, bu gün Azərbaycan vətəndaşı dünya miqyasında özünü «ikinci, ya üçüncü dərəcəli» hesab etmir.

«Vaxtilə mövcud olan həmin kompleks tamamilə aradan götürülüb. Həm ölkə daxilində, həm xaricdə buna zəmin yaradılıb. Azərbaycan insanı «mən filan ölkənin vətəndaşıyam» deyir, həm irsi yaddaş güclüdür, həm də Azərbaycanın dünyaya açılması Azərbaycan insanına nüfuz, səlahiyyət qazandırıb, özünü yetərincə əmin hiss edir. Bu, mühüm nəticədir», – Nizami Cəfərov bildirir.

«Bir neçə Dəfə Heydər Əliyevin hüzurunda olmuşam»

Deputat Heydər Əliyevlə bağlı xatirələrinin çox olduğunu desə də, bölüşmür:

«Azərbaycan ziyalıları ona minnətdardır, o, Azərbaycan ziyalılarını yüksəltdi. Mən də bir neçə dəfə ümummilli liderimizin hüzurunda olmuşam. Haqqımda yaxşı sözlər deyib. Ondan çox şey öyrənmişəm. Bir xüsusi cəhətini deyə bilərəm, kimisə qəbul edəndə, o qədər mehriban ünsiyyət yaradırdı, özün haqqında fikrin yüksəlirdi...».

Əli Kərimli
Əli Kərimli

Əli Kərimli: «Ailə hakimiyyətinin banisidir»

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Heydər Əliyevi «ailə hakimiyyətinin banisi» adlandırır, Azərbaycanda sülalə hakimiyyəti formalaşdırdığını deyir: «Artıq İlham Əliyevin də 13 illik hakimiyyətini götürdükdə, ata-oğul 42 ildir sovet və müstəqil Azərbaycana rəhbərlik edirlər».

O, ata Əliyevin təkrar hakimiyyətə 1992-ci ildə qiyamı dəstəkləyərək gəldiyini bildirir:

«Çox təəssüf ki, dərhal da avtoritar idarəetmənin əsasını qoyub. 1990-cı illərin əvvəlində Azərbaycan kifayət qədər azad, demokratik ölkə idi. 23 illik ata-oğul hakimiyyətindən sonra bu gün Azərbaycan azad olmayan ölkədir. Bu gün Azərbaycan korrupsiyanın, rüşvətin tüğyan etdiyi ölkədir, təhsilin, səhiyyənin dağıdıldığı, iqtisadiyyatın məhv edildiyi ölkədir. Milyonlarla insan ölkəni tərk dib. Bütün bunlar məşhur plakatda deyildiyi kimi, Heydər Əliyevin əsəridir. 23 illik hakimiyyətdən sonra deyirlər ki, gözləyin, 27 milyard dollar pul tapsaq, 9 il sonra maliyyə sabitliyi yaradacağıq. Bax, bu fikirdən sonra Əliyevlərin ölkəni hansı uçuruma apardıqlarını təsəvvür etmək çətin deyil».

«Proses hələ bitməyib»

Heydər Əliyevlə altı il işləmiş, onun köməkçisi olmuş Eldar Namazov mərhum prezidenti yaxşı tanıdığını bildirir. Amma onun qoyduğu mirasa münasibət bildirməyə tələsmir:

«Mənim yadıma gəlir, 1989-cu ildə Çinin rəhbərindən soruşdular ki, Fransa inqilabının 200 illiyidir, onu necə qiymətləndirirsiniz? O cavab verdi ki, az vaxt keçib üstündən, hələ qiymət vermək üçün tezdir. Heydər Əliyevin siyasi hakimiyyəti də hələ davam edir. Bugünkü hakimiyyət də özünü onun varisi elan edib, onun kursunu davam etdirdiyini bildirir. Ona görə də, bu gün baş verənlər, hakimiyyətin atdığı addımlar da bu və ya başqa formada Heydər Əliyevlə bağlıdır. Proses başa çatmadığından bu mirasa qiymət vermək hələ tezdir».

Eldar Namazov
Eldar Namazov

Eldar Namazov Əliyevlə bağlı iki xatirəsini bölüşür:

«1994-cü ilin hadisələri, birinci OMON hadisələri baş verəndə mən çox təəccübləndim. Elə bir məqam yaranmışdı ki, hakimiyyətdə olanların bir çoxu Əliyev hakimiyyətinin devrildiyini düşünürdü. Mənə dedi ki, bu gün nazirlərə zəng edirəm, heç kim cavab vermir, nazirlər tapılmırdı. Hamı hadisələrin sonunu gözləyirdi. Belə bir inam vardı ki, OMON hakimiyyəti götürəcək, artıq ordu da OMON-a dəstək verirdi. Belə bir vaxtda özünü çox soyuqqanlı aparması məni təəccübləndirdi. Həmin gün azı 10 dəfə kabinetində oldum, söhbət etdim. Dediyim ki, hamı hakimiyyətin əldən getdiyini düşünürdü, heç bir nazir onun zənginə cavab vermirdi. Amma özünü çox soyuqqanlı aparması, dərhal mitinq təşkil etməsi, ictimai rəyi bir neçə saata dəyişməsi göstərdi ki, Heydər Əliyev təcrübəli, böyük siyasi fiqurdur».

«Heydər Əliyev Amerika səfirinə elə təəccüblə baxdı ki...»

Eldar Namazov danışır ki, 1990-cı illərdə ABŞ səfiri Richard Kauzlarich Heydər Əliyevdən təcili görüş istəyib və bu zaman toxunduğu məsələlər dövlət başçısını təəccübləndirib. Səfir Azərbaycanda Kommunist Partiyasının ləğvinə və islamçıların həbsinə təəssüfləndiyini bildirib:

«Səfir xahiş etdi ki, islamçıların həbsinə yenidən baxılsın, azad edilsinlər, bir də dedi ki, Kommunist Partiyasının ləğvi də düzgün deyil. Onda Əliyevin necə təəccüblə səfirə baxdığını gördüm. Sonra da başladı gülməyə ki, ağlıma gətirməzdim, ABŞ səfiri məndən islamçıların və kommunistlərin xahişini edəcək. Səfir də güldü, o dedi ki, sizin təəccübünüzü başa düşürəm, amma bizim ölkəmizin böyük təcrübəsi var, burdan bilirik ki, qadağalarla, həbslərlə nəyəsə nail olmaq mümkün deyil, islahatlar aparmaq lazımdır...».

Heydər Əliyev 1969-1981-ci illərdə sovet Azərbaycanına başçılıq edib. Daha sonra siyasi fəaliyyətini SSRİ-nin paytaxtında davam etdirmək üçün Moskvaya dəvət olunub. Mikhail Gorbachev-un hakimiyyətə gəlişindən sonra işdən uzaqlaşdırılan Əliyev 1993-cü ildə müstəqil Azərbaycanın prezidenti seçilir.

O, 2003-cü il dekabrın 12-də ABŞ-da müalicə aldığı xəstəxanada vəfat edib.

Son 14 ildə hakimiyyəti oğlu İlham Əliyev idarə edir.

XS
SM
MD
LG