-
Parlament «Dövlət satınalmaları haqqında» qanuna dəyişiklik edib. Dəyişikliyə görə, indən belə özəl mülkiyyətdə olmayan müəssisə və təşkilatlar ərzaq məhsullarını dövlət büdcəsi hesabına və mərkəzləşdirilmiş qaydada satın alacaq.
AZUQƏNİN KİMDƏN ALINDIĞI BİLİNƏCƏK
İndiyədək həmin təşkilatlar ərzağa tələbatını istədiyi kimi ödəyib. Tender və ya satınalmanın başqa növündən istifadə olunub, azuqənin haradan və kimdən alınması tam bilinməyib. İndi isə bu işi tək təşkilat - Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyindəki «Ərzaq məhsullarının tədarükü və təchizatı» Açıq Səhmdar Cəmiyyəti icra edəcək.
Yeni qaydaya görə, ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması bu qaydada gerçəkləşəcək.
SATINALMA QAYDASI
Öncəərzağa ehtiyac duyan hər bir təşkilat öz illik tələbatı barədə iyulun 1-dək KTN-i bilgiləndirəcək. Nazirlik satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) haqqında elanı avqustun 1-dək yeni yaradılacaq elektron portalda yerləşdirəcək.
Elan diqqətə yetirilən zaman azuqənin qiyməti onun topdansatış bazar qiymətindən aşağı olmamalıdır. Qiymətləri KTN müəyyənləşdirəcək, amma daha öncə İqtisadiyyat Nazirliyi ilə razılaşdıracaq. KTNbazarda daim monitorinq aparacaq və qiymətlər dəyişdikcə, onlara yenidən baxacaq.
MƏLUMAT ELEKTRON PORTALDA YERLƏŞDİRİLƏCƏK
KTN-in vəzifələrindən biri də hər il sentyabrın 1-dək satın alınması nəzərdə tutulan ərzaq məhsullarının hər növü üzrə yerli istehsalçıların istehsal potensialına dair bilgi toplamaqdır. Bu məlumat da sözügedən elektron portalda yerləşdiriləcək. Buraya satın alınması nəzərdə tutulan ərzaq məhsulunu satmaq arzusunda olan istehsalçıların adları da daxil ediləcək. Həmin şəxslər burada öz adlarını tapa bilməsələr, özləri barədə məlumatı KTN-ə, ya da «ASAN xidmət» mərkəzinə bildirmək imkanları olacaq.
Azuqə istehsalçıları satış və qiymət təkliflərini sentyabrın 1-dək KTN-ə çatdıracaq və həmin nazirlik 2 gün içində satıcı adlarını və təklif edilən məhsullar barədə məlumatı portalda yerləşdirəcək.
«Ərzaq məhsullarının tədarükü və təchizatı» ASC daha sonra dövrəyə girəcək. Bu ASCdövlət təşkilatlarının ərzaq təminatında tədarük və təchizat agenti sayılacaq.
ASC NƏ VAXT MƏHSULU ÖZÜ GƏTİRƏ BİLƏR?
Qaydaya görə, ərzaq məhsullarının alınmasına dair elanın şərtlərinə uyğun gələn təklif həmin məhsullara tələbatdan çox olmadıqda, bütün iştirakçıların təklifləri qəbul edilmiş sayılacaq. Gələn təklif sayı tələbatdan çox olarsa, yerli istehsalçılara üstünlük veriləcək. Bunun əksinə olarsa – tələbat təklifi üstələyərsə, ASC tələbatın təklifdən artıq hissəsini digər şəxslərdən ala bilər. Tək şərt odur ki, qiymət müəyyənləşdirilən həddi aşmamalıdır. Bu mümkün deyilsə, ASC-nin özü məhsulu gətirdə bilər.
ASC istehsalçı və satıcılarla müqavilələri oktyabrın 1-dək bağlamalıdır. Maraqlıdır ki, malı təqdim edən şəxslər onun dəyərinin 25 faizini avans şəklində oktyabrın 30-dək alacaqlar. Ay ərzində alınan ərzaq məhsullarının dəyəri növbəti ayın 5-dək istehsalçı və ya satıcılara ödəniləcək. Qaydalarda belə deyilir.
Ərzaq məhsullarını alıcı təşkilatlara təqdim etmək də «Ərzaq məhsullarının tədarükü və təchizatı» ASC-nin vəzifəsi sayılır.
TİCARƏT ARTIRMASI 20 FAİZİ AŞA BİLMƏZ
Qaydalarda bir məqam da diqqət çəkir: İdxal qiymətlərinə tətbiq edilən ticarət əlavəsi 20 faizi aşa bilməz. Üstəlik, bu zaman yerli istehsalçı və ya satıcılardan alınan azuqənin qiymətlərinə ödənilmiş rüsumlar da nəzərə alınır.
Kənd Təsərrüfatı Nazirliyi ilə tədarük və təchizat agenti arasında, satın alan təşkilatlarla tədarük və təchizat agenti arasında və tədarük və təchizat agenti ilə ərzaq məhsullarının istehsalçı və ya satıcıları arasında bağlanılan müqavilələrin nümunəvi formalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
Bəzi ekspertlər dövlət ehtiyacları üçün ərzağın mərkəzləşmiş qaydada satın alınmasını sovet dönəminə qayıdış kimi dəyərləndirirlər. Amma rəyi soruşulan bir çox ekspertin fikrincə, bu sistemin şəffaf tətbiqi çoxsaylı satınalma prosedurlarından yan keçməyə, ərzağın həqiqətən son istifadəçiyə (uşaq bağçaları, xəstəxanalar, qapalı təşkilatlar və s.) çatmasına imkan verəcək.