Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 09:46

Pandemiya Azərbaycan hokumətinə neçəyə başa gələ bilər?


Manat, dollar, arxiv foto
Manat, dollar, arxiv foto

Azərbaycan rəsmiləri bildirirlər ki, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, sahibkarlıq və məşğulluğa mənfi təsirlərini azaltmaq üçün ümümilikdə 3,5 milyard manat vəsait ayrılıb.

İqtisadçı Qubad İbadoğlu isə vəziyyəti bir qədər fərqli dəyərləndirir. Onun bildirməsinə görə, koronavirus pandemiyası dövründə sahibkarlara və əhaliyə ayrılmış yardımın məbləği 600 milyon manat civarındadır:

"Apardığım hesablamalarıma görə,…”

Qubad İbadoğlu
Qubad İbadoğlu

"Apardığım hesablamalarıma görə, biznesə və əhaliyə sosial yardım məqsədilə 365,93 milyon manat, tibbi avadanlıq və ləvazimatların alınmasına isə 250 milyon manat xərclənir. Bütün hesablamalarım rəsmi orqanların verdiyi rəqəmlərə əsaslanır. Belə ki, 600 min işsizə 190 manatdan ayda 114 milyon manat, 2 ayda isə 228 milyon manat edir.

Sahibkarlara və muzdlu işçilərə gəlincə, İqtisadiyyat Nazirliyi mayın 5-də açıqladı ki, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində təsdiq edilmiş müraciətlər üzrə vergi ödəyicilərinə maliyyə dəstəyi 86.36 milyon manat olub. Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyi isə 51,57 milyon manat təşkil edib. Bu da cəmi 137,93 milyon manatdır”

İqtisadçının hesablamasına görə, əhaliyə sosial yardım üçün verilmiş 228 milyon manat ilə birlikdə isə rəqəm 365,93 milyon manat təşkil edir:

“Prezidentin ehtiyat fondundan tibbi avadanlıqların, ləvazimatların alınması və işi düzgün təşkil etmək üçün 100 milyon manat vəsait ayrılıb. Prezident İlham Əliyev deyib ki, bu, birinci tranşdır, əlavə 150 milyon manat artıq hazır vəziyyətdədir. Hətta bu 250 milyon manatı da əlavə etsək cəmi məbləğ 615,93 milyon manat edir".

“3,5 milyard manatın xərclənəcəyini güman etmirəm"

Nazim Bəydəmirli, 2 avqust 2018
Nazim Bəydəmirli, 2 avqust 2018

İqtisadçı Nazim Bəydəmirli da AzadlıqRadiosuna bildirib ki, iki ay ərzində əhaliyə və sahibkarlara dəstək üçün ayrılmış vəsait 3,5 milyardlıq paketin kiçik bir hissəsini təşkil edir:

"Çox güman ki, səsləndirilmiş rəqəm pandemiya ilin sonuna qədər davam edəcəyi təqdirdə büdcə təşkilatlarında çalışanların əmək haqlarına, fəaliyyəti qadağan edilmiş özəl sektorun nümayəndələrin dəstəyinə xərclənməsi üçün nəzərdə tutulmuş rəqəmdir. Amma pandemiya hətta ilin sonuna qədər davam etsə belə açıqlanan proqramlar üzrə 3,5 milyard manatın xərclənəcəyini güman etmirəm".

N. Bəydəmirli koronavirusa yoluxmuş şəxslər üçün nəzərdə tutulmuş 10 modul tipli xəstəxanaların tikilməsini əlavə xərc kimi qiymətləndirib: "Ölkədə koronavirusun səviyyəsi o qədər deyil ki, əlavə xəstəxanalar tikilsin. Hesab edirəm ki, bu işi yönəldənlər daha çox vəsaitin ayrılması üçün ölkə rəhbərliyinə yanlış informasiya veriblər və məsələni çox şişirdiblər. Məncə bu modul tipli xəstəxanalar işğal olunmuş rayonların ətrafında salınmalıdır ki, ölkə müharibə şəraitindədir".

“Bu vəsait hələ az olacaq”

Vahid Əhmədov, 13 aprel 2012
Vahid Əhmədov, 13 aprel 2012

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə “Turan” agentliyinə açıqlamada başqa iqtisadçılarla müqayisədə daha fərqli fikirlər səsləndirib. O, bildirib ki, koronavirus pandemiyasına görə, ölkə iqtisadiyyana dəstək üçün ayrılmış 3,5 milyard manat yetərli deyil:

"Hazırda 3,5 milyard manat ayrılıb. Ola bilsin ki, bu vəsait az olsun. Əgər pandemiya davam edərsə, proses genişlənərsə əlavə vəsaitə ehtiyac olacaq. Dövlət başçısı Nazirlər Kabineti yanında Operativ qərargahın rəylərini nəzərə alaraq vəsaiti ayırıb. Bu vəsait kifayət deyil. Çünki ayrılan vəsait əhalinin bir hissəsinə çatmayıb. Mən bu gün, mayın 9-da Qubada əhali ilə görüşmüşəm. Elə insanlar var ki, tək yaşayırlar, əmlakı, torpağı da yoxdur amma birdəfəlik yardım olan 190 manatı ( işsizlərə iki ay ərzində, həray verilən yardım) ala bilməyiblər. Ona görə hesab edirəm ki, bu vəsait hələ az olacaq, ola bilsin ki, əlavə vəsaitin ayrılmasına ehtiyac olsun"

Prezident isə bunları demişdi…

İlham Əliyev, Bakı, 28 mart 2020
İlham Əliyev, Bakı, 28 mart 2020

Bu məsələyə, iki gün öncə, mayın 7-də Bakıda yeni tikilmiş modul tipli xəstəxananın açılışındakı çıxışında Prezident ilham Əliyev də toxunub:

“… İnsanların sağlamlığı və sosial rifahı birinci yerdədir. Məhz bu məqsədlə 3,5 milyard manat vəsait ayrıldı. Pandemiyadan ən çox ziyan çəkən sahələrdə işini itirən 700 minə yaxın vətəndaşın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən verilir.

Bu məqsədlə 600 min işsiz, aztəminatlı və qeyri-formal məşğulluqla pul qazanan insanlar dövlət tərəfindən maddi yardımla təmin edilir…”

Prezident həmin çıxışından əvvəl, aprelin 28-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə keçirdiyi videokonfransda da həmin məsələyə toxunaraq bunları demişdi: “Koronavirus nəticəsində mənfi təsirə məruz qalmış özəl sektorun müvafiq sahələrinə ciddi dəstək paketi təqdim edilmişdir. Xidmət və digər sahələrdə çalışan 600 min vətəndaşın və mikrosahibkarlıq subyektlərinin əməkhaqlarının böyük hissəsi dövlət tərəfindən ödənilib. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa minimal meyara uyğun olaraq ödənişlər edilib.Təbii ki, bu, bizim üçün böyük xərcdir. Vergi güzəştləri də nəzərə alınsa, bu gün bu rəqəm 3,5 milyard manat və ya 2 milyard dollardan çoxdur…”

Xatırlatma

Vuhan,arxiv foto
Vuhan,arxiv foto

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib. Bu il martin 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.
Dünyada sürətlə yayılan bu virusa yoluxanlardan artıq 276 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Hazırkı dövrədək Azərbaycanda isə 2 min 279 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 nəfəri vəfat edib.
Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib (martın 3-dən orta və ali məktəblərdə dərslər də dayandırılıb). Həmin ayın 24-dən (aprelin 20-nə kimi) xüsusi karantin rejimi elan edilib. (Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilmir). Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərlər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib, icazə almalıdırlar.
Karantin mayın 4-nə, sonra da həmin ayın 31-nə kimi uzadılıb. Bununla belə, əvvəlcə aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 4-dən də yumşalma və fəaliyyətinə icazə verilən sahələr genişlənib. Artıq Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin başqa yerlərində yaşayış yerini SMS icazəsi ilə tərk etmək qaydası götürülüb.

XS
SM
MD
LG