Dekabrın 15-i Hollandiyanın Den Haaq şəhərində həbsdə olan gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədova dəstək aksiyası keçirilib.
Avropada yaşayan mühacirlərdən Orduxan Temirxan aksiyanı sosial şəbəkələr üzərindən canlı yayımlayıb.
Aksiya Azərbaycanın Niderland Krallığındakı səfirliyinin qarşısında keçirilib. Etiraz tədbirinin əsas şüarı “Bütlər dağılacaq” olub.
Buna da bax: Məhbuslar üçün məktub marafonu Praqada davam edib
Aksiyaya qatılanlar həbsdə olan gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədovun hərəkətini təkrarlayıblar. Onlar keçmiş prezident Heydər Əliyevin abidəsinin şəkli həkk olunmuş iri ölçülü plakatın üzərinə “Qul bayramınız mübarək” şüarı yazıblar.
Aksiyada iştirak edənlər bildiriblər ki, bütün dünya bu iki gəncin müdafiəsinə qalxıb. Onların qanunsuz olaraq, qurama ittihamlarla həbs edildiyi bildirilib.
Qiyas İbrahimov və Bayram Məmmədov bu il mayın 10-da həbs ediliblər.
Buna da bax: Avropa İttifaqı gənc fəalların işi ilə bağlı Bakıdan tələb edir
Onların ikisinə də narkotiklərlə bağlı ittiham irəli sürülərək, hərəsinə 10 il həbs cəzası verilib. Gənclər məhkəmədə bu ittihamı rədd edərək, keçmiş prezident Heydər Əliyevin Bakıdakı heykəlin üzərinə “Qul bayramınız mübarək” şüarı yazdıqlarına görə, həbs edildiklərini bəyan ediblər.