Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:43

Ailə gözünü əlil pensiyasına dikib, o da yavan çörəyə belə çatmır


Çörək
Çörək

"Bu gün xəzinə onların əlindədir, istədikləri kimi çapıb talayırlar. Kefləri istəyəndə bütün dünyanı ölkəyə töküb, boğazımızdan kəsib idman yarışları keçirirlər, kefləri istəyəndə adamların evlərini başlarına uçururlar. Hər yerdən nəfəsimizi kəsiblər, iş vermirlər, əlili, xəstəni adam yerinə qoymurlar. Gedirsən qapılarına dərdini deyəsən, səni qapı arxasında saxlayırlar, kobud davranırlar, incidirlər, təhqir edirlər, qovurlar. Bir söz demirəm, yeyib dağıdırlar, yaxşı eləyirlər. Hələ ki, həyat onlarındır. Ancaq azca da olsa, insaf yaxşı şeydir, hökumət olimpiadalara tökdüyü puldan azca kəsib əlilin altına çarpayı alıb qoysun. İkinci qrup əlil qardaşım, xəstə anam, bacım, həyat yoldaşım – hamımız betonun üstündə yatırıq".

Buna da bax:​ 'Müavinətlər gecikir, çörəyi də nisyə alıb yeyirik'

“İŞ DƏ YOXDUR”

Ağsu rayonu, Çaparlı kənd sakini Ramil Kərimov AzadlıqRadiosu-na yaşayış şəraitindən yazır. Ramilin atası Qarabağ döyüşçüsü olub, yaralanıb, qayıdıb. Müharibənin travmaları onu həyatdan çox erkən aparıb. 6 uşaq bir ananın ümidində böyüyüb. Hamısı xəstə, yarımcan...

Ramil Kərimov:

"İndi anam özü yataq xəstəsidir, bacım da, həyat yoldaşım da xəstədir, müalicələrinə maddi imkanımız yoxdur. Həyat yoldaşım böyrək çatışmazlığından əziyyət çəkir, qardaşımsa 2-ci qrup əlildir. Çox acınacaqlı durumdayıq, daşın üstündə yatırıq, evimiz başımıza uçur, dam örtüyü dağılıb, yağış başımıza yağır. Dörd ağır xəstə belə vəziyyətdə zülm çəkir. Həyat yoldaşım elə şəraitsizlikdən böyrək çatışmazlığına tutuldu. Üstəlik də ailəmizdə heç kimin əmək fəaliyyəti ilə məşğul olmaq imkanı yoxdur. Hətta məşğul olmaq istəsək belə, iş də yoxdur".

Buna da bax:​ 'Baxın, soyuducumuzda bir yağdı, bir də şor'

“BAŞÇI QƏBUL ELƏMİR”

Ailə gözünü 2-ci qrup əlilin pensiyasına dikib. Bu pensiya xəstələrdən və əlildən ibarət ailənin nəinki dərmanlarına, heç yavan çörəyinə də çatmır. Ailə üzvləri ünvanlı sosial yardım üçün müraciət etsələr də, imtina cavabı alıblar.

Ramil Kərimovun sözlərinə görə, həm özü, həm də ailə üzvləri Ağsunun icra hakimiyyətində olsalar da, onlara bildirilib ki, qurumun kömək etmək imkanı yoxdur:

"Başçı qəbul eləmir, müavinləri deyir, bizim qurum adamlara maddi yardım göstərmir, çörək vermir, başqa işlərə baxır. Ölkənin başçısı rayona icra başçısı təyin eləyir ki, xalqın dərdiylə maraqlansın, problemini həll eləsin. O da bizi qapı arxasında qoyursa, müavinləri bizi kobudlayıb qovursa, bəs dərdimizi kimə deyək?"

Buna da bax:​ Astaralı qoca: «Biz də manat kimi dəyərdən düşürük»

“UYĞUN QURUMLARA MÜRACİƏT ELƏSİN”

Ağsu rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, Kərimovlar ailəsinə kömək etməyə büdcədə vəsait nəzərdə tutulmayıb: "Evin dam örtüyü yararsızdırsa, bələdiyyəyə müraciət edə bilər. Sosial yardımını kəsiblər, bunun üçün ayrıca qurum var, müraciət etsin, araşdırsınlar ki, niyə kəsiblər. İşsizdir, məşğulluq mərkəzinə müraciət etsin, dərmanı yoxdur, bundan ötrü səhiyyə qurumları var. İcra hakimiyyəti bu qurumların yerinə işləməli deyil axı... Hər qurumun öz vəzifəsinə, səlahiyyətinə daxil olan işi var".

Ramil Kərimov sadalanan həmin qurumlara onsuz da müraciət etdiyini, ancaq cavab almadığını bildirir.

Buna da bax:​ Çex pensiyaçı azərbaycanlı yaşıdlarının yaşayışını 'dəhşətli' adlandırır

Hüquqşünas Vaqif Alıyev rəsmi qurumlara göndərilən məktublara cavab almadığı halda, vətəndaşın məhkəməyə müraciət etmək hüququ olduğunu deyir: "Müsbət, ya mənfi – fərq eləməz, vətəndaşa əgər araşdırma tələb olunmursa, 5 iş günü, araşdırma tələb olunursa, 2 iş həftəsi, istisna hallarda, 1 ay ərzində cavab verilməlidir".

Ramil Kərimov prezidentə müraciət edib ki, rayondakı məmurların ailənin şəraiti, yaşayışı ilə maraqlanması üçün göstəriş versin. İş orasındadır ki, o, ölkə başçısına yazdığı məktubun aqibətindən də xəbərsizdir.

XS
SM
MD
LG