Dünyadakı böhran Azərbaycan iqtisadiyyatından yan keçdi. Son günlər bu fikri ölkə rəsmiləri tez-tez işlədir.
"Azərbaycan özünü xilas edə bildi"
Prezident İlham Əliyev növbəti dəfə, bu gün - yanvarın 30-da regionların inkişafı proqramın icrasıyla bağlı keçirilən iclasda deyib ki, dünyanın vəziyyəti ağır idi, amma Azərbaycan özünü xilas edə bildi.
«Dünyada bu gün də davam edən iqtisadi və maliyyə böhranı bizim işimizə də öz mənfi təsirini göstərdi. Ancaq hesab edirəm ki, Azərbaycan digər ölkələrlə müqayisədə bu ağır vəziyyətdən minimum itkilərlə çıxa bildi. Keçən il yüz mindən çox daimi iş yeri yaradılıb. Bu proses 2004-cü ildən bu günə qədər davam edir».
Buna da bax: İ.Əliyev: 'Azərbaycan gücləndikcə münaqişənin həlli yaxınlaşır'
Bundan əvvəl Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov demişdi ki, dünyadakı iqtisadi böhranın qismən Azərbaycana da təsir edib. Amma Azərbaycan bu böhrandan yan keçib.
"Dünyada iqtisadi böhran yoxdur"
Amma sual yaranır ki, dünyada doğrudanmı böhrandırmı, Azərbaycan doğrudanmı böhrandan çıxıbmı?
Buna da bax: Ziyafət Əsgərov: 'Azərbaycan böhrandan yan keçdi' [video]
İqtisadi Tədqiqatlar Mərkəzinin sədri, ABŞ-ın Duke Universitetinin qonaq professoru Qubad İbadoğlu deyir ki, dünyada iqtisadi böhran yoxdur. O, iki məqama diqqət çəkir. Deyir ki, 2016-cı ildə qlobal iqtisadi artım 3.2 faiz gözlənilirdi, bu da yüksək göstəricidir. İnkişaf etməkdə olan ölkələrdə orta iqtisadi artım son üç ildə 4.1 faiz olub.
“Hər iki məlumat göstərir ki, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə iqtisadiyyatın nəticələri pozitiv olub. Bu o deməkdir ki, ölkələrin əksəriyyəti ili artımla yekunlaşdırıblar. Odur ki, “dünyada böhran var” demək düzgün deyil”.
"Yunanıstan, İslandiya, İspaniya kimi ölkələrdə də artım var"
Qubad İbadoğlu yada salır ki, dünyanın ən böyük iqtisadiyyatına malik ABŞ-da iki faizə yaxın artım gözlənilir, böhran yaşayan Yunanıstan, İslandiya, İspaniya kimi ölkələr də ili iqtisadi artımla başa vurublar.
Buna da bax: 'Ölkə ata malı kimi bölüşdürüldü'
Qubad İbadoğlu deyir ki, keçən il MDB məkanında böhran Belarusda, Rusiyada və Azərbaycanda müşahidə olunub.
Qubad İbadoğlu deyir ki, ola bilsin ki, rəsmilər “böhran bizdən yan keçdi” deyəndə düz deyirlər – siyasi rəhbərlik böhranı öz həyatlarında hiss etmirlər, onların öz yaşayışları hazırda yaxşıdır və elə güman edirlər ki, hamı onlar kimi yaşayır.
Bakı sakinlərindən bu suala cavab verməsini xahiş etmişik: "Sizin ailə büdcəniz böhran yaşayırmı?"
Qubad İbadoğlu deyir ki, böhranın nə olduğunu iqtisadi ədəbiyyatlarda yazırlar. Əgər ümumdaxili məhsulun həcmi mənfiyə doğru gedirsə, deməli böhran var.
Azərbaycanda isə bu, iqtisadiyyatın hər sahəsində özünü göstərir - iş yerləri bağlanır, bahalaşma artır:
"Belə ciddi problemlərin mövcudluğu şəraitində ölkədə qeyri -neft sektorunda ÜDM -in həcmi 5,4 faiz azalıb, ümumilikdə ÜDM 3,8 faiz azalıb. Sənaye istehsalında tənəzzül var. Belə olan halda biz hansı islahatdan və böhrandan danışa bilərik?! Bu yalandır və ağ yalandır".
Buna da bax: İqtisadçı Ziyafət Əsgərova cavab verdi
Suallarımız cavabsız qaldı
Azərbaycanda iqtisadiyyat neft bahalaşandan sonra pisləşməyə başlayıb.
Biz rəsmilərdən soruşmaq istərdik ki, “dünyada böhran var, Azərbaycanda böhran yoxdur” deyəndə nəyi nəzərdə tuturlar, amma telefon zənglərimizə cavab verən olmadı.
Son həftələrdə manatın dollara nisbətdə dəyər itirməsi sürətlənib. Hökumət Neft Fondundakı ehtiyatlardan daha çox pul götürməyə başlayıb.
Buna da bax: İ.Əliyev: 'Azərbaycana kredit almaq problem deyil'
Hökumət məcburi köçkünlərin 20 ildən çoxdur istifadə etdiyi imtiyazların bir hissəsini ləğv edib.