«Mədəniyyətlərarası dialoq olmasa, bütün dünya təhlükə ilə üzləşər. Azərbaycan sivilizasiyaların qovuşduğu məkan rolunu oynamalıdır. Ölkəmiz tolerantlığı, dini dözümlülüyü ilə fəxr edir».
APA-nın xəbərinə görə, bunu mayın 5-i IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.
İ.Əliyev Forum iştirakçılarının sayının ilbəil artdığını vurğulayıb.
Dövlət başçısı deyib ki, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri dinc şəraitdə yaşayır: «Fərəh edirik ki, 743-cü ildə tikilmiş məscid Şamaxı şəhərində yerləşir. Qədim kilsələrdən biri isə Şəki şəhərindədir. Zərdüşt dininə aid olan atəşgah da Azərbaycandadır. Bu gün ölkəmizdə mövcud olan məscidlər, kilsələr, sinaqoqlar qorunur, bərpa edilir».
«BİZ BAKININ MƏRKƏZİNDƏ ERMƏNİ KİLSƏSİNİ QORUYURUQ. ERMƏNİSTAN İSƏ...»
İ.Əliyev xatırladıb ki, 2015-ci ildə Bakıda ilk Avropa Oyunları keçirilib: «Azərbaycanın təşəbbüsü olmasaydı, Avropa Oyunları keçirilməzdi. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizdə multikulturalizmin daha bir nümayişidir. Bu il biz IV İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik, 3 mindən artıq idmançı ölkəmizə gələcək. Biz bununla xalqları, xüsusən müsəlman xalqlarını birləşdiririk. Azərbaycan İslam dəyərlərini təşviq etmək üçün müxtəlif tədbirlər keçirir. Azərbaycan islamofobiyaya ilə mübarizə aparan ölkələrin ön cərgəsində dayanır».
Prezident Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən də danışıb: «Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon işğal olunub. Azərbaycana qarşı etnik təmizləmə siyasəti törədilib, məscidlərimiz dağıdılıb. Biz Bakının mərkəzində erməni kilsəsini bərpa etmişik. Ermənistan isə işğal olunmuş torpaqlarda bütün mədəni irsimizi məhv edib....».
İQTİSADİYYAT 3 DƏFƏ ARTIB
İ.Əliyev deyib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı üç dəfə artıb: «Xarici borcumuz ümumdaxili məhsulumuzun yalnız 20 faizini təşkil edir. Yoxsulluq, işsizlik 5 faizə düşüb. İqtisadi rəqabət qabiliyyətinə görə Azərbaycan 37-ci yerdədir. Azərbaycan təhsil sahəsinə böyük sərmayə yatırır, ölkəmizdə savadlılıq 100 faizə yaxındır. Son 10 ildə 3 minə qədər məktəb tikilib, əsaslı təmir olunub. Ekstremizm həm də savadsızlıqdan irəli gəlir, savadsız gənc nəsil terror aktlarına cəlb olunur. İlk növbədə radikalizmi yaradan səbəbləri, sosial bərabərsizliyi aradan qaldırmalıyıq...».