Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 20:13

'Nərmin işi'ndə polis və prokurorluqdan hansı vəzifəlilərin adı keçir?


İlkin Süleymanov
İlkin Süleymanov

Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə suçlanan İlkin Süleymanovun vəkilləri hesab edir ki, məhkəmə bu işlə əlaqədar yüksək vəzifələrdə təmsil olunan bir neçə generalı dindirməlidir. Vəkillərin fikrincə, həmin generallar dindirilmədən məhkəmə obyektiv, ədalətli qərar qəbul edə bilməz. Bunu vəkillər aprelin 19-da Gəncə Ağır Cinayətlər Məhkəməsində azyaşlının oğurlanıb öldürülməsi ilə bağlı məhkəmə prosesində deyiblər.

Onlar məhkəmədə dindirilməsini tələb etdikləri vəzifəli şəxslər arasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin rəisi Arzu Daşdəmirov, Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin rəisi Kamal Qılıcov, Baş Prokurorluğun İstintaq İdarəsində bu cinayət işinin istintaqını aparmış müstəntiq Nadir Mirzəyev, Tovuz rayonunun keçmiş polis rəisi Şirzad Əsgərovun adını çəkiblər.

"Məhkəmədə kənd sakinləri də ifadələrində göstərdi ki, Kamal Qılıcov hadisələr vaxtı kənddə olub, prosesləri idarə edib, adamlara, proseslərin gedişinə təsir göstərib. Hansı əsasla? İlkin Süleymanovun telefonu Arzu Daşdəmirova verilib. Niyə? Ekspert də məhkəmədə təsdiqlədi ki, onun telefonuna müdaxilə olunub...", – vəkillər vəsatətlərini əsaslandırıblar.

Sabiq polis rəisinə gəlincə, azyaşlının anası məhkəmədə ifadəsində bildirmişdi ki, yanmış meyit tapılmamışdan öncə Əsgərov onlara gəlib. Soruşub ki, əgər övladı tanınmaz halda tapılarsa, hansı əlamətlərindən onu tanıya bilərlər? Bundan başqa, təqsirləndirilən Süleymanov polis rəisinin onu şöbədə döydüyünü, təhqir etdiyini bildirib.

Müstəntiqin, vəkilin dindirilməsi istənilib

Cinayət işinin istintaqını aparmış müstəntiqin isə ziddiyyətli hallar, o cümlədən hadisə yerindən tapılmayan əşyaların ekspertin əlinə necə gedib çıxması məsələsi ilə əlaqədar dindirilməsi tələb olunur. Çünki məhkəmədə dindirilən ekspert deyirdi ki, Nərminə məxsus olduğu iddia edilən həmin geyimləri ona müstəntiq verib. Və sonradan onların da üzərindən təqsirləndirilən Süleymanovun geyiminin liflərinin tapıldığı iddia olunub: "Müstəntiq gəlməlidir görək ki, hadisə yerindən tapılmayan o parçaları haradan tapıb ekspertə verib...".

Lakin Gəncə Ağır Cinayətlər Məhkəməsində bu işə baxan Dadaş İmanovun sədrlik etdiyi hakimlər kollegiyası adları çəkilən şəxslərdən heç birini məhkəməyə çağırmağa ehtiyac görməyib.

Müdafiə tərəfi həmçinin Süleymanov həbs olunduğu ilk günlərdə ona dövlət hesabına vəkil təyin olunmuş Araz Əhmədovun məhkəmədə dindirilməsi haqda vəsatət qaldırıb. Çünki təqsirləndirilən şəxs deyir ki, Əhmədov ona faktiki vəkillik etməyib. Onun sözlərinə görə, dindirmədə vəkili yanında olmayıb. Hakimlər vəkilin dindirilməsi haqda vəsatəti də təmin etməyib. İmtina qərarını da belə əsaslandırıb ki, vəkil peşə fəaliyyətinə görə dindirilə bilməz.

Yalnız iki nəfərin dindirilməsi haqda vəsatətlər təmin edilib

Müdafiə tərəfinin daha bir istəyi isə Nərminin əmisi oğlu Ruslan Quliyevin dindirilməsi idi. Vəkillər deyir ki, azyaşlı yoxa çıxan vaxt onun harada olması ilə bağlı ziddiyyətli ifadələr var. Üstəlik, bu şəxsin özü istintaqda dindirilsə də, prokurorluq onun adını sonradan məhkəməyə çağırılacaq şahidlər siyahısına daxil etməyib. Məhkəmə bu şahidlə bağlı vəsatətə də "yox" deyib.

Müdafiə tərəfi bir sıra başqa şəxslərin dindirilməsi, telefon anten məlumatlarının mobil operatorlardan alınması ilə bağlı 20-yə yaxın vəsatət qaldırıb. Onlardan yalnız Nərmin Quliyevanın ana nənəsi Minayə İsmayılovanın, həmçinin qanla bağlı rəy vermiş ekspert Elşən Məmmədovun dindirilməsi haqda vəsatətlər təmin olunub. Bu da müdafiə tərəfinin etirazına səbəb olub. Vəkillər bildirib ki, məhkəmə faktiki obyektiv, hərtərəfli araşdırma aparmaqda maraqlı olmadığını göstərir, Dadaş İmanovun ədalətli hökm çıxaracağına indidən şübhə var. Ona görə də məhkəməyə yazılı şəkildə etiraz vermək üçün vəkillər vaxt istəyib.

Məhkəmə prosesi aprelin 26-na qədər təxirə salınıb.

Xatırlatma

2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində əmisigildən çıxandan sonra itkin düşüb. 47 gün sonra kənddə yandırılmış meyit aşkarlanıb və onun azyaşlıya məxsus olduğu bildirilib.

Azyaşlını oğurlayıb qətlə yetirməkdə suçlanan 48-yaşlı İlkin Süleymanova CM-in 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham verilib. Lakin o, ittihamları qəbul etmir və işgəncə altında etiraf ifadəsi verdiyini deyir.

Baş Prokurorluq isə Süleymanovun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG