Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:44

İlqar Məmmədov vəkillərindən imtina etdi


İ.Məmmədov
İ.Məmmədov

Vəkili Fuad Ağayev bu gün, oktyabrın 2-də REAL Hərəkatının həbsdəki lideri İlqar Məmmədovla görüşüb. Vəkil İ.Məmmədovun saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsindən çıxdıqdan sonra onun mesajlarını ictimaiyyətə çatdırıb.

F.Ağayev deyib ki, İ.Məmmədovun ictimaiyyətə iki bəyanatı var.

Vəkilin bildirməsinə görə, REAL lideri hökumətin cinayət qanunvericiliyinə təklif etdiyi dəyişikliklər paketi ilə bağlı mövqeyini açıqlayıb. O hesab edir ki, həmin dəyişikliklər paketi Avropa İnsan Hüquqları Məhkəməsinin onun qeyd-şərtsiz azad edilməsini nəzərdə tutan qərarının icrasını təmin etmir.

***Buna da bax-Avropa Şurasının baş katibi Azərbaycandan hücumlara məruz qaldığını yazır

Bundan başqa, İ.Məmmədov indiyədək onun müdafiəsində iştirak edən bütün başqa vəkillərinə təşəkkürlərini çatdırıb, onların fədakarlığını yüksək dəyərləndirdiyini ifadə edib.

«Lakin indi bildirir ki, onun həbsi ilə bağlı yeni mərhələ başlayıb. Hesab edir ki, indiki mərhələdə onların xidmətlərinə elə bir ehtiyac yoxdur. İndiki mərhələdə həmin vəkillərin xidmətlərindən imtina edir», - F.Ağayev bildirib.

Onun deməsinə görə, İ.Məmmədov yeni mərhələ deyərkən, Avropa Şurası Nazirlər Komitəsinin REAL lideri ilə bağlı qərar verməsini nəzərdə tutur.

F.Ağayev
F.Ağayev

Bundan sonra F.Ağayev İ.Məmmədovun tək vəkili olacaq:

«Biz 20 ildən artıqdır ki, tanışıq. İ.Məmmədov tutulduğu vaxtdan onun hüquqlarını müdafiə etmişəm. İndi də onu Avropa İnsan Hüquqları Məhkəməsində, Avropa Şurasının Nazirlər Komitəsində təmsil etməyə davam edirəm».

İ.Məmmədovun səhhətinə və digər qayğılarına gəlincə, F.Ağayev ciddi narahatlığın olmadığını ifadə edib.

***Buna da bax-Avropa Şurasının rəhbəri Azərbaycan barədə 'ən son addım'ın atılmasını istəyir

«Səhhəti ola bilər ki, ideal deyil. Ancaq qənaətbəxşdir. Əhvalı da normaldır. Başqa çətinliklər, problemlər hazırkı mərhələdə yoxdur», - vəkil əlavə edib.

Ötən həftə F.Ağayevin İ.Məmmədovla görüşü baş tutmamışdı. F.Ağayevin deməsinə görə, müəssisədə olarkən bu məsələyə də toxunulub. Ona bildiriblər ki, ötən həftə görüşə gec saatlarda gəlib. Ancaq F.Ağayev bu izahatın əsassız olduğunu ifadə edib.

XATIRLATMA

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Bu qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Ötən il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

***Buna da bax-Səməd Seyidov: 'Xoruz yox idi, səhər açılmırdı?'

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.

Bu günlərdə Avropa Şurasının baş katibi Thorbjørn Jagland AİHM qərarına rəğmən, onun azadlığa buraxılmamasına görə Azərbaycana qarşı «misli görünməmiş» hüquqi hərəkət edilməsinə çağırıb.

Sentyabrın 21-də isə Avropa Şurasının Nazirlər Komitəsi İ.Məmmədovla bağlı AİHM-in hökmünün icrasına dair qərar çıxarıb. Deputatlar Katibliyə tapşırıb ki, aralıq qətnamə layihəsi hazırlansın. Həmin qətnamədə Azərbaycana rəsmi xəbərdarlıq olunacaq ki, Nazirlər Komitəsi Azərbaycanın öhdəliyini yerinə yetirməməsini AHİM qarısında qaldırmaq niyyətindədir. Ərizəçinin buraxılması üzrə heç bir irəliləyiş əldə olunmasa, bu qətnamə layihəsi oktyabrın 27-də Nazirlər Komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

XS
SM
MD
LG