-
Hüquqşünas İntiqam Əliyevdən Xədicə İsmayıla və Həmid Herisçiyə mesaj var
HƏBSXANA YOLU GEDİB-GƏLƏN KİTABLAR
İntiqam Əliyevin evində bir otaq ancaq kitablara ayrılıb. Rəflərə sığmayan kitabların bir bölümü də qutularda saxlanır. Həbsxana yolunu bu kitablar da gedib-gəlir.
Sahibinin məhbəsdə olduğu bu bir ildə ona çatdırılacaq azuqə arasında ayrıca kitab bağlaması da yer alır - Azərbaycan, türk, rus və ingilis dillərində.
“Həbsdə olduğu müddətdə ona 100-dən çox kitab göndərilib, çoxu da təcridxanaya.
Gözündə, kamerasının işıqlandırılmasında problem olduğundan kitab oxumağa əziyyət çəkib, amma yenə də oxuyub. Kitabların çoxu geri qayıtmayıb.
Onlar başqa məhbuslar, təcridxana işçiləri arasında əldən-ələ gəzir deyə, tapıb geri götürmək də çətindir”.
Oğlu Nəcmin belə deyir. Onun sözlərinə görə, atasının həbsə düşdüyü ilk günlərdəcə təcridxanada xəbərdarlıq ediblər: “Siyasi ədəbiyyat gətirməyin”. Ona görə də bədii ədəbiyyat, hüquqi kitablar aparıblar.
DOST TƏNQİDİ
İntiqam Əliyev burda da boş durmayıb, oxuduğu müəllifləri redaktə etməyə başlayıb. Onun təcridxanadan evə göndərdiyi kitabların səhifələri qırmızı, göy qələmlə yazılmış dəqiq, səliqəli qeydlərlə doludur.
Hərf səhvindən, üslub və tərcümə xətasınadək qeydlərini aparıb, münasibətini bildirib, unudulmuş durğu işarələrini yerinə qoyub
Əziz insan, insanlara önyarğı ilə yanaşmaq mərəzim olmayıb heç vaxt. Xüsusən də çox sevdiyim və dəyər verdiyim insanlara.
TƏCRİDXANADA UŞAQLARA TAPŞIRIQLAR VƏ KİTAB DİSKUSSİYALARI
Nərmin gülərək danışır ki, atası evə zəng edəndə onlara bəzi tapşırıqlar da verirmiş:
“Həftədə iki dəfə evə zəng edə bilirdi. Danışmağa da 15 dəqiqə vaxtımız olurdu. Həmin vaxt məni məcbur edirdi ki, mütləq filan sözün mənşəyini araşdır, sonra mənə çatdır.
Məsələn, o, hələ də bilmir “haqqında” yazılmalıdır, ya “haqda”. Bilmir ki, “haqda” sözü var, ya yox...”.
Nəcminsə atası ilə görüşərkən, oxuduqları kitabları müzakirə etdiklərini, bəzən fəlsəfi müzakirələrin qızışdığını, məcradan çıxdığını söyləyir:
“Atam daha çox həftə ərzində oxuduğu kitablardan danışır, təəssüratını bölüşürdü.
Oxuduğumuz kitab olanda müzakirə açılır, bəzən də müzakirə kəskinləşirdi”.
Dediklərinə görə, ən qızğın müzakirəni “Biq bənq və tanrı” kitabı doğurub. Ata və övladları heç cür ortaq məxrəcə gələ bilməyiblər. Atanın oğlundan Elif Şafak-ın “Aşk”ını oxumasını istəməsi də mübahisə doğurub. Nəcminin gülə-gülə söylədiyi son cavab bu olub ki, əsərin adı onu geri itələyir.
BUKİNİST QURBANDAN TORBADOLUSU KİTAB
İntiqam Əliyevin kitab oxumaq şakərini bilən gənclər, bukinistlər, xaricdəki yoldaşları da ona kitab yollayırlar:
- Bukinist Qurban hər dəfə bir sellofan kitab yığır, bu kitabları həm ataya, həm başqa məhbuslara göndərir...
- Bir dəfə xaricdəki dostlarından biri ataya ingilis dilində Markesin “Yüz ilin tənhalığı” romanını yollamışdı. Bizə qaytardı ki, bunu oxuya bilmək üçün hələ burda çox qalmalıyam...
Məsələ bundadır ki, İntiqam Əliyev həbsxanada həm də ingilis dilini təkmilləşdirməyə başlayıb. O üzdən Markes kimi müəllifin ingilis dilində mütaliəsinə, hələlik, hazır olmadığını bildirib.
“HƏBSXANA KİTABA QADAĞA QOYUB”
Ancaq son aylarda övladları atalarıyla kitab müzakirəsindən, ata da təcridxanada readaktə və mütaliəylə başını qatmaq imkanından məhrum ediliblər.
Nəcminin sözlərinə görə, İntiqam Əliyevə həbsxanada kitab oxumağa və yazı yazmağa icazə verilmir:
“Təcridxanadan həbsxanaya köçürülərkən, atamın 30-dan çox kitabı yoxlanmağa götürülüb. Son dəfə həbsxanaya gedəndə də ona kitab aparmışdıq.
O kitablar da götürülüb. Bir aydır yoxlamadadır kitablar. Yaman uzun çəkdi yoxlama. Ümid edirik ki, yaxında qaytarılacaq. Yazmasına da icazə verilmir...”.
İntiqam Əliyev 2014-cü ilin avqustunda həbs olunub. Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma, mənimsəmə, vəzifə saxtakarlığı və qanunsuz sahibkarlıq ittihamı ilə 7 il yarım azadlıqdan məhrum edib.
O, ittihamları rədd edir və həbsini siyasi motivli sayır. «Amnesty İnternational» təşkilatı İntiqam Əliyevi vicdan məhbusu elan edib.