Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 12:35

Ölkədə intiharlar niyə artır? - ekspertlər danışır


Xətai rayonunda intihara cəhd. 14 iyun 2017
Xətai rayonunda intihara cəhd. 14 iyun 2017

“İntiharların sayının artmasının səbəblərindən biri maliyyə problemləri ilə əlaqədar yaranan sosial gərginlikdədir”.

Psixoloq Vəfa Əkbər belə hesab edir.

“Bir çox insanlar işsiz qalıb, bəzilərini əmək haqqı qane etmir və bütün bunlar xoşbəxtlik arzusu yolunda maneədir. Məqsədə nail olmağın yolu çox vaxt puldan keçir və insanlar pul tapa bilməyəndə özlərini çıxılmaz vəziyyətdə hiss edirlər. Bəzən depressiya vəziyyəti uzun çəkir və intiharla başa çatır. Bəzən isə intihar qəfildən, affekt vəziyyətində törədilir...”.

Psixoloq deyir ki, əvvəllər insanlar problemlərini doğmaları ilə, dostları ilə bölüşə bilirdilər.

Buna da bax:​ İş yerləri rəsmən artıb

“Onlar öz növbələrində dəstək olur, ümid verirdilər. İndi isə hamı öz dərdindədir. Əlbəttə, belə hallarda insanlar mütəxəssisə müraciət etsələr, yaxşı olar”, – deyə V.Əkbər qeyd edib.

Digər psixoloq Azad İsazadə isə deyir ki, son illər intiharların artmasına baxmayaraq, Azərbaycan dünya statistikasında son yerlərdədir.

Azad Isazadə
Azad Isazadə

Obyektiv intihar statistikası yoxdur

“Çünki cənub və şərq ölkələrində intiharların sayı şimal və qərb ölkələrində olduğundan az olur. Heç də həmişə sosial amil əhəmiyyət daşımır. İntiharlar üçün ən təhlükəli ölkələr Norveç, İsveç, Almaniyadır”, - deyən ekspert Azərbaycanda problemin bir qədər başqa olduğunu vurğulayır.

Buna da bax: 'Neft düşdü, banklar bağlandı, amma rəsmən işsiz artmadı' - Media icmalı

“Bizim obyektiv statistikamız yoxdur. Biz intiharlar haqqında yalnız kütləvi informasiya vasitələrindən məlumat alırıq. Real vəziyyət isə, düşünürəm ki, fərqlidir. Bu gün intiharlarla az-çox polis məşğul olur, o da yalnız hüquqi nöqteyi-nəzərdən, səbəbləri araşdırır. Bizim intiharlarla bağlı real statistikamız yoxdur, yaş, cinsiyyət, bölgə qruplarını heç kim araşdırmır. Düşünürəm ki, kənd yerlərində ümumiyyətlə intihar halları qeydə alınmır, gizlədilir. Belə ki, bizdə bu, utancverici bir şey sayılır. Bundan başqa, heç də bütün intiharlar ölümlə başa çatmır”.

İntihar imitasiyası halları da olur

A.İsazadə deyir ki, reallaşmayan intiharlar, bir qayda olaraq, bədbəxt hadisə, zəhərlənmə kimi qələmə verilir. Çünki intihara cəhd edənin qohumları bunun yayılmasını istəmir.

“Bundan başqa, intihar imitasiyası halları da olur. Onlar iki cür olur: intihar adı altında gizlədilən qətllər, intihar hədələri... Problem ondadır ki, heç bir dövlət orqanı intiharlarla məşğul olmur”.

Buna da bax:​ 'Gənclərin çoxu hökumətin iş verəcəyinə inanmır'

Psixoloq hesab edir ki, intihar olaylarını araşdıracaq xüsusi mərkəz olmalıdır.

“Əvvəlcə problemi elmi nöqteyi-nəzərdən araşdıran bir mərkəz yoxdur. İntiharların sayı artır, deməli, profilaktika aparılmalıdır", – deyə A.İsazadə qeyd edib.

İntiharların sayına görə, liderlik edənlər arasında həm firavan, həm də inkişaf səviyyəsinə görə geridə qalan ölkələr var.

Buna da bax: Azərbaycanda minimum əməkhaqqı Lüksemburqdan 30 dəfə azdır

Azərbaycana gəlincə, “Turan” Agentliyi Səhiyyə Nazirliyinə istinadən bildirir ki, ötən il ölkədə 797 nəfər intihar edib.

Bu, 2015-ci ildə olduğundan 262, 2008-ci ildə olduğundan isə 659 fakt çoxdur.

XS
SM
MD
LG