Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 15:54

İpoteka fərmanı icrasız qalıb?


Bina
Bina

-

Mediada ipoteka şərtlərinin ağırlaşdırılması barədə xəbərlər artmaqdadır. İlkin ödəniş və ailənin hər bir üzvünə düşən aylıq xərcin çoxaldılması mənzil almaq istəyənlərdə ayrıca narahatlıq doğurur.

«FAİZLƏR, AZI, 1 İLDİR ARTIRILIB»

Əmlak məsələləri eksperti Ramil Osmanlı faizlərin 1 il öncə artırıldığını deyir: «Hətta ipotekanın qızğın vaxtlarında banklar müştəriyə istədikləri şərti diktə edirdi və ilkin ödəniş də istisna deyildi. Axı faktik olaraq, bu prosesdə səlahiyyət bankların əlindədir. Görünür, bu informasiyaların dövriyyəyə buraxılmasına ehtiyac yaranıb - ictimai rəyi öyrənmək və dayanmış prosesi bərpa etmək üçün».

Ekspert xatırladır ki, «Azərbaycan İpoteka Fondu» Açıq Səhmdar Cəmiyyətinin yaradılmasına dair ötən ilin oktyabrında verilən prezident fərmanı icrasız qalıb: «Fərmanın icrası ilə bağlı Nazirlər Kabinetinə verilən bütün müddətlər bitib. İndiyədək normativ hüquqi aktlarda da müvafiq dəyişikliklər edilməli, müzakirələr aparılmalıydı. Bu gün ilkin ödəniş hətta aradan qaldırılsa da, digər şərtlər saxlanılmaqla ipoteka öz aktuallığını və əlçatanlığını tam itirmiş sayılır».

Sözügedən fərmanda Nazirlər Kabinetinəfondun vəsaiti hesabına ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi qaydalarını bir ay müddətində Azərbaycan prezidenti ilə razılaşdırıb təsdiqlətmək də tapşırılmışdı.

«YANVARDA KREDİTLƏR ÇOX AZ OLUB»

Əmlak eksperti Rəşad Əliyev də ipoteka kreditləri verilərkən ilkin ödənişin artırılmasını və yeni tələbləri ciddi məsələ saymır: «İpoteka krediti verən neçə bank var hazırda? Neçə bank tanıyıram, heç biri vermir. Yanvarda, bilirəm ki, kreditlər çox az olub. Fevral barədə məlumatım yoxdur. Ola bilər ki, fevral və mart aylarında ümumiyyətlə heç nə olmayıb. Olsa da, cüzi məbləğ olub».

Ekspert yeni yaradılan İpoteka Fondunun yeni qaydalar müəyyənləşdirəcəyini yada salır: «Hamı bu qaydaları artıq neçə aydır səbirsizliklə gözləyir. Buna görə də narahatlığa ehtiyac yoxdur».

«İLKİN ÖDƏNİŞ VƏ AYLIQ XƏRC TƏLƏBİNİN ARTIRILMASININ İQTİSADİ ƏSASI YOXDUR»

İqtisadçı ekspert Vüqar Bayramov ilkin ödəniş və aylıq xərc tələbinin artırılmasına iqtisadi əsas görmür: «Əksər banklar ipoteka kreditlərində 40 faiz ilkin ödəniş və müraciət edilən zaman bir nəfərə 200 manat yaşayış minimumu hesablayır. Bu o deməkdir ki, 50 min manatlıq ev almaq istəyən vətəndaşımız, ən azı, 20 min manat ilkin ödəniş etməlidir. Əminəm ki, dünyanın heç bir ölkəsində kreditin təxminən yarısı qədər ilkin ödəniş tələb edilmir. Banklar bunu heç ağıllarından da keçirmirlər».

«1300 MANAT ƏMƏKHAQQI OLMALIDIR Kİ...»

V.Bayramov deyir ki, bu il üçün ölkə üzrə orta yaşayış minimumu 136 manat müəyyənləşdirilsə də, bankların əksəriyyəti, heç bir iqtisadi əsaslandırmasız, adama 200 manat xərc hesablayır: «Bu o deməkdir ki, 4 nəfərlik ailədə 800 manat yaşayış xərci hesablanır. Aylıq ödəniş də 400 manat olarsa, o zaman, ən azı, 1300 manat əməkhaqqı almalısan ki, elə də çoxməbləğli olmayan kredit götürə biləsən. Bu tələb ölkə üzrə orta aylıq əməkhaqqından təxminən 3 dəfə çoxdur və həm də o deməkdir ki, banklar ipoteka kreditini indən belə yalnız varlılara verəcəklər. Bir neçə mənzili olan varlılarınsa ipoteka kreditinə heç ehtiyacı yoxdur».

XS
SM
MD
LG