Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:38

'Qorxuram': İrandakı əfqan miqrantlar artan zorakılıqdan gileylənir


İran əsgəri İran-Əfqanıstan sərhədində toplanan əfqan qaçqınlara qutularla şirə paylayır
İran əsgəri İran-Əfqanıstan sərhədində toplanan əfqan qaçqınlara qutularla şirə paylayır

On illər boyunca milyonlarla əfqan müharibə, təqib və yoxsulluqdan qaçaraq qonşu İrana sığınıb. Ancaq indi onların çoxu deportasiya ilə üz-üzədir. Tehran ölkədə "qanunsuz" yaşadığını dediyi 5 milyon əfqanı çıxarmaqla hədələyir.

Sentyabrın 27-də verilmiş bu açıqlamadan sonra İrandakı əfqan icmasının üzvlərinə qarşı qısnama, hücum halları artıb. Bunu əfqan qaçqın və miqrantlar deyir.

AzadlıqRadiosunun əfqan xidməti - Radio Azadi-nin müxbiri Naqiba Barekzai bu haqda yazır.

Döyülən əfqanlar

Oktyabrın 6-da sosial mediaya yüklənmiş videoda əliçubuqlu bir qrup iranlı kişi və oğlanın şimaldakı Qəzvin şəhərində əfqanların evlərinə hücum etdiyi görünür. Hakimiyyət hücum edənlərin 19-nun həbs olunduğunu açıqlayıb.

Son həftələr yayılmış, AzadlıqRadiosunun təsdiqlədə bilmədiyi videolarda isə iranlıların əfqanları döydüyü iddia olunur.

"İrandakı vəziyyətin əfqanlara qarşı ədavət halına gəlməsindən narahatıq", – Tehranda ailəsi ilə birlikdə yaşayan Pərvanə adlı əfqan qaçqın Radio Azadi-yə söyləyib.

"Onlar əfqanların yaşadığı evlərin pəncərələrinə daş atırlar. "Əfqanlar ölkəmizdən getməli, vətənlərinə qayıtmalıdırlar" deyə qışqırırlar", –Pərvanə vurğulayıb.

İran paytaxtında yaşayan digər qaçqın Sveta isə bildirir ki, son vaxtlar əfqanlara qarşı fiziki və şifahi hücumlarda artım müşahidə edib.

"Mən iranlıların gənc əfqanları ictimai şəkildə döydüyünü görmüşəm, baxmayaraq ki, onlar pis bir şey etməmişdilər", – Sveta Radio Azadi-yə deyib.

Pozuntular

İllər boyu insan haqları qrupları İrandakı əfqan qaçqınlara və miqrantlara qarşı genişmiqyaslı pozuntuları sənədləşdiriblər. Pozuntulara fiziki pis rəftar, qeyri-sanitar və qeyri-insani şəraitdə saxlamaq, deportasiya düşərgələrinə daşınma və yerləşmə üçün məcburi ödəniş, məcburi əmək və ailələrin bir-birindən məcburi ayrı salınması daxildir.

İqtisadi böhran, artan inflyasiya və ərzaq qiymətləri fonunda İran öz torpağında sənədsiz əfqanların çoxalmasından narahatlıq bildirib. Rəsmilər əfqanları İranda təhlükəsizliyin pozulması, işsizliyə görə ittiham edib.

Əfqan etirazçılar İranda əfqan qaçqınlarına qarşı təzyiqlərə qarşı nümayiş zamanı İran konsulluğunun binasına daş atırlar.
Əfqan etirazçılar İranda əfqan qaçqınlarına qarşı təzyiqlərə qarşı nümayiş zamanı İran konsulluğunun binasına daş atırlar.

Tehran həm də ondan şikayətçidir ki, 1979-cu ildə Əfqanıstanın sovet işğalından üzü bəri milyonlarla əfqanı yerləşdirməsinə baxmayaraq, beynəlxalq ictimaiyyətdən çox az maliyyə yardımı alır.

İranın sənədsiz əfqanları deportasiya etmək planları isə Əfqanıstandakı Taliban idarəçilərlə əlaqələrin pisləşməsi fonunda baş verir. Son aylar sərhədyanı su resurslarına görə Taliban döyüşçüləri ilə İran sərhədçiləri arasında ölümcül toqquşmalar baş verib.

BMT və Tehranın rəqəmləri

Oktyabrın 14-də yayılmış bəyanatda 500-dək iranlı fəal hakimiyyəti ölkənin mövcud problemlərindən sui-istifadə edərək İranı irqçilik və nifrət uçurumuna sürükləməməyə çağırıb.

"Adamlara nifrət, zorakılıq, diskriminasiya və ksenofobiya toxumları səpməyə imkan verməyək", – bəyanatda vurğulanır.

Taliban 2021-ci ildə hakimiyyəti ələ keçirəni 3.6 milyon əfqan ölkədən qaçıb. Onların çoxu təqib, ağırlaşan humanitar və iqtisadi böhranlardan başını götürüb gedib.

BMT onların 70 faizə qədərinin İrana köçdüyünü deyir, amma sonradan yüz minlərlə əfqan deportasiya olunub.

BMT İranda azı 3 milyon əfqanın yaşadığını bildirir. Onlardan 1.3 milyona qədərinin vizası, yaxud qaçqın statusu var. Tehran isə ölkədə daha çox əfqanın yaşadığını iddia edir.

Tehran ötən həftə azı 1 milyon əfqanın yeni biometrik kartlar üçün qeydiyyata düşdüyünü açıqlayıb. Bu isə onlara bank xidmətləri və SIM-kartlara çıxış verir.

İrandan deportasiya olunmuş əfqan qaçqınlar
İrandan deportasiya olunmuş əfqan qaçqınlar

Deportasiya

Sənədsiz miqrantların çıxarılacağını elan edəndən sonra İran əfqanların deportasiyasını intensivləşdirib.

Əfqanıstanın cənub-qərbindəki Nimruz vilayətindəki Taliban rəsmiləri son üç ayda Tehranın azı 150 min əfqanı deportasiya etdiyini açıqlayıb.

Deportasiya edilən əfqanların Radio Azadi-yə dediyinə görə, İran sərhədçiləri onlarla pis rəftar edib.

"Bizi saxladıqları iki gün ərzində bizə çörək, su vermədilər", – iki ay öncə İrana qanunsuz daxil olan, cənub-şərqi Zahidan şəhərində fəhləlik edən Əbdül Salam bildirib.

"Bizi bir otaqda saxlayıb, sonra bayıra çıxardılar. Səhərdən axşamacan qızmar günün altında saxladılar. Ayağa dura bilməzdik. Duranda kürəyimizdən vururdular", – o əlavə edib.

Hələ də İranda qalan əfqanlar isə daim deportasiya, yaxud zorakılıq qorxusu ilə yaşadıqlarını danışırlar.

"Evimdən çıxmağa qorxuram, çünki bir çox əfqanı bazarlarda, küçələrdə döyüblər", – təqib olunma qorxusundan adını gizli saxlayan bir əfqan qaçqın Radio Azadi-yə söyləyib.

XS
SM
MD
LG