İran hökumət əleyhinə etirazlarda saxlanılan 3 nəfəri edam edib.
İnsan haqları qrupları və müxtəlif hökumətlər hakimiyyətin tələsik mühakimə aparması, məcburi “etiraflar” alması, təqsirləndirilən şəxslərin ədalətli mühakimə olunmamasına etiraz etsələr də, saxlanılan 3 nəfər edam edilib.
İranın Ədliyyə sisteminə bağlı "Mizan" Xəbər Agentliyinin məlumatına görə, Salih Mirhəşimi, Məcid Kazemi və Səid Yaqubi mayın 19-da İranın mərkəzi İsfahan şəhərindəki həbsxanada sübh çağı edam ediliblər.
+++
İranda həbsxanada olan üç etirazçı onlar barəsində edam hökmünün tezliklə yerinə yetiriləcəyindən ehtiyatlanaraq xilasları üçün çağırış ediblər.
Onların əllə yazılmış çağırış məktubunda deyilir: “Onların bizi öldürməsinə imkan verməyin!”.
İran müxalifət fəallarının 1500təsvir saytı dolayısı ilə əldə olunmuş həmin çağırışı çap edib.
Edamlarını gözləyənlərin Məcid Kazemi, Səid Yaqubi və Saleh Mirhəşimi olduqları məlum olub.
Bu da xəbər verilir ki, məhkumlara ailələri ilə son görüş imkanı verilib. Bu isə o deməkdir ki, hökm istənilən an icra oluna bilər.
Televiziya etirafı
Bu arada İranın dövlət televiziyası sözü gedən məhkumların “etiraflarını” efirə verib.
Onların yaxınları və ailə üzvləri bu etirafların təzyiq altında yazıldığını ehtimal edirlər.
Müşahidəçilər deyirlər ki, İranda ölüm cəzasına məhkum edilənlərin “etiraflarının” efirə verilməsi adi praktikadır. İran hakimiyyəti bununla ictimaiyyətin gözündə bu edamlara haqq qazandırmağa çalışır.
Məhkumlar 2022-ci ilin 16 noyabrında İsfahanda baş vermiş bir insidentdə Bəsic silahlı təşkilatının və hüquq-mühafizə orqanlarının bir əməkdaşının ölümündə ittiham olunurlar.
“Dünyanın heç bir torpağı İran torpağı kimi...”
Amnesty International insan haqları təşkilatı bildirir ki, məhkumların özlərinin vəkil tutmasına icazə verilməyib. Onları dövlətin verdiyi vəkillər təmsil ediblər.
Onlardan bəzilərinin işgəncələrə məruz qaldıqları xəbər verilib.
Məhkumların ailə üzvləri və tərəfdarları gecələri İsfahan şəhərinin mərkəzi həbsxanasının yanında keçirirlər.
Məhkumların müraciəti İranın sosial şəbəkələrində geniş yayılıb və bir çoxlarını bu aksiyaya cəlb edib.
İran futbolunun keçmiş ulduzlarından Əli Kərimi Instagramda “Onların bizi öldürməsinə imkan verməyin!” heşteqi ilə post yazıb:
“Dünyanın heç bir yerində torpaq İran torpağı kimi həyatın özünü dəfn etmir”.
Xatırlatma
İranda 2022-ci ildə edam edilənlərin sayı ondan əvvəlki illə müqayisədə 75 faiz artıb.
Bununla bağlı iki insan haqları qrupu bildirir ki, İranda “edam maşınından” ölkəni etirazların bürüdüyü bir vaxtda cəmiyyətin qorxudulması üçün istifadə edilir.
2022-ci ildə İranda 582 nəfər edam olunub. Bu, 2015-ci ildən bəri ən yüksək edam göstəricisidir.
Norveçdə mənzillənmiş İran İnsan Haqları və Parisdə mənzillənmiş Birlikdə Ölüm Cəzasına Qarşı təşkilatlarının hesabatına görə 2015-ci ildə 333, 2021-ci ildə isə 582 nəfər edam edilib.
Ötən ilin sentyabrından bəri İranı 22 yaşlı Məhsa Əmininin ölümünə etirazdan başlanmış itaətsizlik dalğası bürüyüb.
Hakimiyyət etiraz aksiyalarına sərt reaksiya verib. Ötən il dörd nəfər məhz etirazlarla bağlı çıxarılan hökmlərlə edam olunub.