Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:42

İran etirazlarında öldürülən 43 uşaqdan birinin 9 yaşı vardı


Kian Pirfələk
Kian Pirfələk

Osloda yerləşən İran İnsan Haqları təşkilatının məlumatına görə, hadisələr zamanı ölkə boyu azı 342 nəfər öldürülüb, təqribən 14 min insansa həbs edilib

İranın cənub-qərbindən olan 9 yaşlı Kian Pirfələk böyüyəndə robototexnika mühəndisi olmaq istəyirdi. Ancaq o, noyabrın 16-da Xuzestan əyalətinin İzeh şəhərində etiraz nümayişləri zamanı hökumət qüvvələri tərəfindən öldürülüb.

Dövlət mediası Pirfələyin “terrorçu hücumu” nəticəsində öldürüldüyünü deyir. Xəbərdə motosikletli silahlıların yeddi nəfəri, o cümlədən hökumətin altı təhlükəsizlik əməkdaşını öldürdüyü bildirildi.

Ancaq Pirfələyin anası hökumət qüvvələrinin dönə-dönə onların maşınını atəşə tutduğunu, oğlunu öldürdüyünü, ərini isə yaraladığını deyir.

Sosial mediada paylaşılan videoda uşağın anası Zeynəb Molaeirad noyabrın 18-də oğlunun yasına gələn yüzlərlə insana müraciət edərək belə deyir: "Mənim sözlərimə qulaq asın. Onların terrorçu olduğunu deməyin, onlar yalan deyirlər”.

“Bunu necə edə bildiniz?”

Bundan bir gün öncə isə Molaeirad “Instagram”da hökuməti günahlandırırdı: "Sizə lənət olsun! Bunu necə edə bildiniz? Onun cəmi 9 yaşı var idi. İyrənc İslam respublikası”, – o yazmışdı.

Pirfələk sentyabrda baş qaldıran etirazlar zamanı hökumətin amansız hücumu nəticəsində öldürülən azı 43 uşaqdan biridir. Osloda yerləşən İran İnsan Haqları təşkilatının məlumatına görə, hadisələr zamanı ölkə boyu azı 342 nəfər öldürülüb, təqribən 14 min insansa həbs edilib.

Son günlərdə Xuzestan əyalətində daha iki oğlanın – 14 yaşlı Sepehr Mağsudi və 14 yaşlı Artin Rəhmaninin öldürüldüyü bildirilir.

Hökumətin məcburi baş örtüsü qaydasına etiraz kimi başlayan hadisələr böyüyərək İranın 1979-cu ildən bəri hakimiyyətdə olan dini istəblişmentinə qarşı ən böyük hərəkatlardan birinə çevrilib.

Etirazlar

Pirfələyin ölümü iranlılar arasında daha böyük qəzəbə səbəb olub. Uşağın yası zamanı insanlar Ali dini lider Əli "Xameneyiyə ölüm" şüarını səsləndiriblər.

Başqa bir videoda isə Tehranda bir magistral yolda etirazçıların üzərində Pirfələyin şəkli və "uşaq qatili hökumət” sözləri yazılan bayraq yellədiyini görmək olur.

"Bu pak uşaqların ahı sizi tutacaq”, – Oskar mükafatlı İran rejissoru Əsğər Fərhadi “Instagram”da yazıb.

Aktrisa Həngamə Ğaziani isə hökumət rəsmilərini riyakarlıqda suçlayıb. "Siz fələstinli uşaqlara qarşı qəddarlıqlardan danışırdınız. Ancaq sizin adınız tarixə uşaq öldürən rejim kimi düşəcək”, – deyə Ğaziani “Instagram”da yazıb.

Uşaqların qətli

Ötən ay “Amnesty International” hökumət qüvvələrinin “ölkə gənclərinin müqavimət ruhunu məhv etmək və hakimiyyət üzərindəki nəzarəti nəyin bahasına olursa-olsun saxlamaq üçün” uşaqları “tam cəzasızlıq şəraitində” öldürdüyünü bildirib.

İran gəncləri və qadınları sentyabrda baş qaldıran bu etirazların ön sıralarında olublar. Bu etirazlar İran cəmiyyətinin bütün zümrələrinin, o cümlədən tələbə, idmançı, sənət adamları və fəalların dəstəyini qazanıb.

Etirazlara 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən saxlanandan sonra vəfat etməsi səbəb olub. Gənc qadının guya hicabı düzgün bağlamadığına görə saxlandığı, bu zaman döyüldüyü bildirilir.

Ölkə rəsmiləri etirazları düşmənlərin, o cümlədən ABŞ və İsrailin "oyunu" adlandırırlar. Onlar həmçinin nümayişlər zamanı törədilən dəhşətli qırğınlara görə ölkə daxilindəki və xaricindəki silahlı qrupları və separatçıları günahlandırırlar.

XS
SM
MD
LG