Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 00:52

İranda tonqallar alovlanır, yollar bağlanır...


Tehranda etiraz aksiyası
Tehranda etiraz aksiyası

İranda Tehranın Evin həbsxanasında edam edilmiş Məhəmməd HüseyniMəhəmməd Mehdi Kəriminin 40 mərasimlərinin ardınca başlayan etiraz nümayişlərində ölkədəki rejimin dəyişdirilməsinə çağırışlar edilib.

Sosial media şəbəkələrində dərc olunmuş videolarda Tehranın bir neçə məhəlləsində toplaşan insanların “Biz sonadək dayanacağıq!” və “Diktatora ölüm!” şüarları səsləndirdikləri görünür. Etirazçılar “diktator” deyəndə bir qayda olaraq İranın ali rəhbəri ayətüllah Əli Xameneyini nəzərdə tuturlar.

39 yaşlı Hüseyni ötən noyabrda başqa bir etirazçının qırxı günü aksiya ilə qeyd edilərkən İran hərbiləşdirilmiş Bəsic birləşməsinin bir üzvünü qətlə yetirməkdə ittiham olunaraq ən yüksək cəzaya məhkum edilmişdi.

22 yaşlı kürd əsilli iranlı Kərimi isə Kərəc şəhəində keçirilən etiraz aksiyasında Bəsic üzvünün qətlində ittiham olunmuşdu.

Hüseyni və Kərimi yanvarın 7-də Evin həbsxanasında edam ediliblər.

İnqilabdan qalma taktika

Son həftələrdə İran etirazçıları öldürülmüş yoldaşlarının 40-ı mərasimlərini antihökumət aksiyalarına çevirmək taktikasından istifadə edirlər.

Əslində bu taktikadan 1979-cu ildə şahı devirmiş İslam inqilabı zamanı da istifadə olunmuşdu.

İranın qərbindəki Kürdüstan ostanındakı Sənandəc şəhərində nümayişçilərin tonqallar qalamaqla yolları bağlamaları haqqında xəbərlər gəlir.

İranda aylardır səngimək bilməyən etirazlar 22 yaşlı kürd qadının ötən sentyabrda polisdə ölməsi ilə başlanıb.

Məhsa Əmini Sənandəcin yaxınlığındakı Saqqız şəhərindən idi.

Sənandəcdəkinə bənzəyən aksiyaların İranın Məşhəd, İsfahan, Kərəc və Ərak da daxil bir neçə şəhərlərində keçirildiyi deyilir.

İranda sentyabrın ortalarında, deyilənə görə hicab qaydasını pozduğuna görə polisə aparılan gənc qadın Məhsa Əmini orada vəfat etdikdən sonra bu hadisə ilə bağlı başlanan etirazlar ölkəni bürüyüb.

Polis qadının xəstəliyinə görə vəfat etdiyini bildirsə də, etirazçılar və ailəsi Əmininin döyülərək öldürüldüyünü iddia edirdilər.

Hazırkı küçə etirazları İranda 1979-cu il inqilabından bəri ən böyük həyəcan sayılır.

Ölkənin müxtəlif şəhərlərində qadınlar etiraz olaraq hicablarını atır, yandırır və saçlarını kəsirlər.

Fəalların HRANA agentliyi yanvarın 16-na olan məlumata görə etirazlar ərzində 70-i azyaşlı olmaqla azı 522 nəfərin öldüyünü bildirib.

Bu da xəbər verilir ki, ölənlərin 68 nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Ölkədə etirazlarla bağlı 20 min nəfərin həbs olunduğu, bunlardan 100-ü barəsində edamla nəticələnə biləcək hökmlərin çıxarıldığı xəbər verilir.

Osloda mənzillənmiş İran İnsan Haqları Təşkilatı isə bildirir ki, İranda ötən il edam edilənlərin sayı 500 nəfərdən çox olub.

İran etirazlarda iştirakilə bağlı 4 nəfərin edam olunduğunu təsdiq edib.

XS
SM
MD
LG