Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 00:52

İran Azərbaycana rəqib olur


İllüstrasiya
İllüstrasiya

►İran Ermənistan ərazisi ilə Gürcüstana qaz ixrac edəcək

İranın Neft Nazirliyinin rəsmisi Ali Reza Kameli bildirib ki, İran və Gürcüstan İran qazının Ermənistan ərazisi ilə Gürcüstana ixracı barədə ilkin razılığa gəliblər.

Kameli deyib ki, Gürcüstana hər il 500 milyon kubmetr qazın ixrac edilməsi planlaşdırılır. O qeyd edib ki, razılaşma uzunmüddətlidir. Lakin məsələnin detalları barədə heç bir məlumat verməyib. Gürcüstanın qazın hər 1000 kubmetrinə görə nə qədər pul ödəyəcəyi barədə də məlumat verilməyib.

Azadlıq Radiosunun İran xidmətinin müxbiri Rubik Kahraman Monasyan deyib ki, bu razılaşma Ermənistan ərazisində mövcud olan qaz kəmərinin istismarını nəzərdə tutur. Yəni hələlik yeni qaz kəmərindən söhbət getmir. Müxbir bundan başqa Ermənistandan İrana ixrac olunan elektrik enerjisinin həcminin də artacağını bildirib.

Buna da bax: "Əks halda bölgələrdəki etirazları səngitmək mümkün olmayacaq"

Ermənistanın Energetika və Təbii Ehtiyatlar nazirliyindən bildiriblər ki, yaxın günlərdə nazirliyin bu mövzuda xüsusi bəyanatı gözlənilir.

Dekabrda Yerevanda baş tutmuş dördtərəfli danışıqlar zamanı İran, Gürcüstan, Ermənistan və Rusiyanın koordinasiya qrupu yaratmaq barədə razılığa gəldiyi elan edilib. Bu koordinasiya qrupu dörd ölkənin enerji sistemlərini əlaqələndirəcək enerji koridorunun yaradılması istiqamətində işləyəcək.

İran-Ermənistan qaz kəməri 2007-ci ildə istismara verilib.

Keçən ilin iyun ayında məlum olub ki, bu qaz kəməri tezliklə Rusiyanın "Qazprom" şirkətinə satılacaq. Ötən illərdə bütün "ArmRosqazprom" şirkəti də "Qazprom"a satılmışdı.

Üstəlik məlum olub ki, Ermənistan-İran qaz kəmərinin alqı-satqısı barədə təxminən 40 milyon dollarlıq ilkin razılaşma onun istismara verildiyi 2007-ci ildə əldə edilib. Rus inhisarçısının artıq məbləğin 30 miyon dollarını ödədiyi bildirilir.

Ermənistanın Regional Araşdırmalar mərkəzinin rəhbəri Riçard Kirakosyan İran-Gürcüstan razılaşmasını Ermənistan üçün "qızıl imkan" kimi qiymətləndirib. O iddia edir ki, bu razılaşma Ermənistanın təhlükəsizliyini möhkəmləndirəcək.

"Hələlik biz Rusiyanın ...Ermənistanın belə bir layihəni həyata keçirməsinə imkan verib-verməyəcəyinə əmin deyilik. Amma Gürcüstanla İranın enerji əməkdaşlığının gələcəyi indi Ermənistandan asılıdır. Blokada ucbatından artıq xeyli vaxtdır ki, Ermənistan Gürcüstandan asılıdır, ancaq bu kontekstdə Ermənistanın strateji əhəmiyyəti artır. İndi Ermənistan - Gürcüstan münasibətləri daha balanslı olacaq," - deyə Kirakosyan Azadlıq Radiosuna bildirib.

Qeyd edək ki, indi Gürcüstan istifadə etdiyi qazın böyük hissəsinin Azərbaycandan alır.

XS
SM
MD
LG