Prezident Ibrahim Rəisi seçki kampaniyasında İranda İnterneti bundan artıq məhdudlaşdırmamaq vədi vermişdi. Hökumət onsuz da on minlərlə saytı bloklayır, internet bağlantısına maneələr yaradır.
Ancaq mütəxəssislər deyirlər ki, mühafizəkar prezident 2021-ci ilin avqustunda hakimiyyətə gələndən bəri administrasiyası onlayn senzuranı artırmağa və internetə çıxışı məhdudlaşdırmağa yönəlmiş ziddiyyətli qanun layihəsinin üzərində işləyir.
“Kiberməkanın qorunması layihəsi” adlanan bu sənəd İranda internetə çıxış qapılarının silahlı qüvvələrin nəzarətinə verilməsini və VPN-dən istifadənin cinayət sayılmasını nəzərdə tutur.
Şuraya prezident və ali dini lider rəhbərlik edir
Qanun layihəsini mühafizəkarların üstünlük təşkil etdiyi parlamentdən keçirmək cəhdləri kəskin tənqidlə üz-üzə gəlib. İctimaiyyət qanun layihəsinin geri götürülməsini tələb edir, onun xalqın qəzəbini artıracağı haqda xəbərdarlıq səslənir.
Ancaq İranın Ali Kiberməkan Şurası bugünlərdə sözügedən qanun layihəsini qismən təsdiqləyib. 2012-ci ildə yaradılmış bu quruma Rəisinin özü və Ali dini lider Ayətullah Xameneyi rəhbərlik edir.
"Qanun layihəsi artıq demək olar bir ildir ki, gizli tətbiq edilir”, – “Article 19” insan haqları təşkilatından rəqəmsal hüquqları araşdıran Mahsa Əlimərdani deyir.
Əlimərdani deyir ki, Ali Kiberməkan Şurasının bu hərəkəti “parlamentar prosesdən yan keçməkdir”. O əlavə edib ki, siyasi konsensusun olmaması səbəbindən qanunverici orqanın “qanun layihəsini irəli aparmaq niyyəti yoxdur”.
Kiberməkan necə tənzimlənəcək
Sentyabrın 6-da çıxan direktivlə Ali Kiberməkan Şurası Ali Tənzimləyici Komissiyanın üzvlərini və “vəzifələrini” elan edib. Direktivdə deyilir ki, böyük səlahiyyət verilmiş bu şura ölkədə kiberməkanı tənzimləmək səlahiyyəti daşıyır.
Direktivə görə, komissiyanın tərkibində İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK), polis, Kəşfiyyat nazirliyi, ədliyyə sisteminin təmsilçiləri də var.
Ölkə daxilindəki müşahidəçilər bildiriblər ki, ötən həftə çıxan direktiv qəbul olunmayan “Kiberməkanın mühafizəsi layihəsi”nin əsas hissəsidir.
Direktivin elan edilməsi hökumətin parlamentin təsdiqləmədiyi qanun layihəsinin icrasına başlaması deməkdir.
İranın mötədil və islahatçı siyasi düşərgəsinə yaxın media qurumları ziddiyyətli qanun layihəsinin reallığa çevrilməsi haqda xəbərdarlıq edib. İslahatçı “Şərq” qəzeti yazıb ki, Ali kiberməkan şurasının bu addımı sərbəst informasiya axınına və hökumətdəki korrupsiyanın ictimai ifşasına mane olacaq.
“Təhlükəli presedent”
İslahatçı “Etemad” qəzeti isə Ali Tənzimləyici Komissiyanın tərkibinə vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələrinin salınmamasına diqqət çəkib.
Tehranda yaşayan kiberməkan eksperti Həmed Bidi bu addımı "təhlükəli presedent" adlandırıb və onun məhkəmədə sorğulanmalı olduğunu deyib.
Son aylarda iranlı internet istifadəçiləri bağlantının daha da zəiflədiyini, ötürücülük qabiliyyətinin məhdudlaşdırıldığını, internetin daha tez-tez kəsildiyini hiss edirlər. Mütəxəssislər bunu hökumətin sözügedən qanun layihəsinin icrasına başlaması ilə əlaqələndirirlər.
Dünya Bankının məlumatına görə, İranın 80 milyonluq əhalisinin 84%-ə qədərinin internetə çıxışı var. Müşahidəçilər milyonlarla iranlının qazancının internetdən asılı olduğunu deyirlər. Onlayn bizneslər üçünsə internet həyat deməkdir.
Filtrləmə çoxdan başlayıb
Ötən ay hökumət insanların sosial mediaya çıxışını məhdudlaşdırmaq və informasiyaya çıxışı filtrləmək üçün iki addımlı təsdiq kodlarının istifadəçilərə çatmasını əngəlləyib. Telegram, Twitter, WhatsApp kimi mobil əlavələr üçün təsdiq kodları olan mesajlar mobil operatorlar tərəfindən filtrlənərək bloklanıb.
Əksər beynəlxalq sosial media platformalarına çıxış onsuz da bloklanıb. İnsanlar bu platformalara VPN və digər alətlərlə daxil olurlar. Hələlik açıq qalan platforma “Instagram”dır, onun da sözügedən qanun layihəsinin icrası prosesində bloklanacağı təhlükəsi var.
İranda “Telegram” illərdir bloklanıb. Ancaq İran Statistika mərkəzinin ötən ilin sentyabrında verdiyi məlumata görə, 45 milyon iranlı hələ də Telegram istifadəçisidir və hər gün İrandan 15 milyard mesaj gedir.
Son illər “Twitter” də vətəndaşların İrandakı sosial və siyasi xəbərləri dərc etdiyi, habelə hökuməti sorğuladığı platformalardan birinə çevrilib.