Tehran prokuroru İranda orqan ticarətinin artması ilə bağlı xəbər dərc edən “Cihan-e Sanat” qəzetinə cinayət işi açıb. Qəzet bu tendensiyanı ölkədə iqtisadi vəziyyətin pisləşməsi ilə əlaqələndirmişdi.
Ədliyyənin Media Mərkəzinin mayın 9-da yaydığı açıqlamada, ittihamları qəzetin orqan ticarətinin artması haqda “saxta xəbərlər”ə sübut və sənədlər təqdim edə bilməməsi ilə əsaslandırıb.
Qəzetin baş redaktoru bildirib ki, mayın 7-də xəbərlə bağlı lazımi sənədləri təqdim etmək, dərc olunan iddialar üzrə ifadə vermək üçün quruma çağırılıb. Bundan sonra İslam Respublikasının məhkəmə sistemi qəzetə qarşı açılan işin araşdırıldığını bildirib.
Dərc olunan məlumatda Tehranın Vəliəsr meydanı yaxınlığındakı Ədliyyə Sarayının qarşısından keçən və “insan böyrəyi bazarına” çevrilmiş küçədən bəhs edilir. Son illər böyrək almaq və ya satmaq istəyənlərin bu küçənin divarlarına vurulan elanlara müraciət etdiyi iddia olunur.
AzadlıqRadiosu qəzetin yazdıqlarını müstəqil yoxlaya bilməyib.
Səhiyyə Nazirliyinin statistikasına görə, 2020-ci ildə İranda canlı donorlardan 420 böyrək transplantasiyası həyata keçirilib.
Qəzet daha nələr yazıb
“Cihan-e Sanat” qəzeti mayın 4-də dərc etdiyi xəbərdə bildirib ki, İranda böyrək, sümük iliyi, qaraciyər hissələri və “transplantasiya edilə bilən hər şey qara bazarda satılır”. Yoxsulluqdan əziyyət çəkən iranlılar pul qazanmaq üçün öz orqanlarını satırlar.
Qəzet qeyd edib ki, orqan satanlar əsasən 18-45 yaş arasındadır və onlardan bəziləri orqanlarını qonşu ölkələrdə, o cümlədən Türkiyədə 15 min dollara satmağa çalışıblar.
37-yaşlı iki uşaq anası “Cihan-e Sanat”a ailəsinin sağ qalması üçün böyrəklərindən birini satacağını deyib. 22-yaşlı bir oğlan isə bildirib ki, maddi vəziyyətinin pis olması onu qaraciyərinin bir hissəsini satmaq haqda düşünməyə vadar edib.
Əmək Nazirliyinin yanvarda açıqladığı hesabatdan yoxsulluq içində yaşayan insanların sayının son bir ildə iki dəfə artdığı, təxminən 88 milyonluq əhalinin üçdə birinin həddindən artıq yoxsulluq içində yaşadığı üzə çıxıb.
İnflyasiya
Ölkədə bəzi ərzaq məhsullarının qiyməti 70 faiz artsa da, rəsmi inflyasiya 50 faizə yaxın göstərilir. İqtisadi vəziyyətin pisləşməsi son illərdə küçə etirazlarını artırıb. Qarşıdakı aylarda işçilər tərəfindən daha çox nümayişlər keçirilə bilər.
Bir çox iranlı, ABŞ sanksiyaları və uzun illər pis idarəçilik nəticəsində dağılmış iqtisadiyyatı düzəltməyi vəd edərək 2021-ci ildə hakimiyyətə gələn ultra - mühafizəkar prezident İbrahim Rəisi hökumətini günahlandırır.
İranda artan yoxsulluq və iqtisadi böhran azgəlirli qrupları pul qazanmaq üçün qeyri-ənənəvi yollar axtarmağa məcbur edib. Son zamanlar gənc qızların və qadınların pul qarşılığında saçlarını gözəllik salonlarına satdıqları haqda xəbərlər yayılıb. Yerli media dərinləşən iqtisadi böhranla bağlı xəbərlər dərc edir. Hakimiyyət isə hökuməti tənqid edən xəbərləri dərc edən media orqanlarına qarşı sərt tədbirlər görür.
İranın ifadə azadlığı reytinqi aşağı olaraq qalır, Sərhədsiz Reportyorlar təşkilatı dünya üzrə mətbuat azadlığına dair son illik hesabatında İranı 180 ölkə arasında 177-ci yerə qoyub.