Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 15:15

Milli Məclis İran parlamentinə cavab verdi


İran parlamenti (Arxiv fotosu)
İran parlamenti (Arxiv fotosu)

Azərbaycan Milli Məclisi İran parlamentinin aprelin 5-də bəyanat qəbul etməsini Azərbaycan dövlətinin daxili işinə müdaxilə kimi qiymətləndirir: "Bu bəyanat İran tərəfinin Azərbaycana qarşı həyata keçirdiyi növbəti siyasi təxribatıdır".

Sənəddə bildirilir, Azərbaycanın İsraildə səfirlik açması müstəqil dövlət kimi suveren hüququdur: "İsraildə Mərakeş, Çad, Bosniya-Herseqovina, Qazaxıstan, Özbəkistan, Türkiyə kimi müsəlman ölkələrin diplomatik nümayəndəlikləri fəaliyyət göstərir. Bu ölkələrin heç biri İranın Azərbaycana göstərdiyi qərəzli münasibətlərin şahidi olmayıb. Azərbaycan dövləti Fələstində də diplomatik nümayəndəlik açıb".

Azərbaycanın Təl-Əvivdə səfirliyi bu il martın 29-da fəaliyyətə başlayıb. İsrailin Bakıdakı səfirliyi isə 1992-ci ildə, Azərbaycan müstəqilliyini bərpa etdikdən bir il sonra fəaliyyətə başlayıb.

İran parlamenti Azərbaycanı pisləyən bəyanat qəbul edib

İran parlamenti aprelin 5-də Azərbaycan Respublikasının İsraillə münasibətlərini qətiyyətlə pisləyən bəyanat qəbul edib.

Mehr agentliyinin verdiyi xəbərə görə sözü gedən bəyanatda deyilir:

"Azərbaycan Respublikasının hökuməti İslam dünyasına inamsızlıq və onun maraqlarına zidd olaraq Sionist rejimin (İsrail-red) mərkəzində və işğal olunmuş əl-Qüdsdə səfirlik açıb və öz səfirini saxta rejimə təqdim edib”.

Bəyanatda deyilir ki, “bu addımın bir çox neqativ siyasi nəticələri olacaq”.

İran millət vəkilləri bildirirlər ki, bundan sonra İslam dünyası “Azərbaycanın dövlət adamlarını “sionist rejimin” məzlum fələstinliləri qətl etməsində onun əlbiri hesab edəcək”.

Parlamentin bəyanatında bildirilir ki, Azərbaycanın bu addımı fələstinlilərə və onların alınmaz hüquqlarına qarşı hərəkət sayılmalıdır.

Sənəddə Ərəb və İslam dünyalarına Azərbaycanın bu hərəkətini qətiyyətlə pisləmələri üçün çağırış edilir.

Parlament habelə İran Xarici İşlər Nazirliyindən bu bəyanatın müvafiq ünvanlara çatdırılmasını rica edir.

İran millət vəkilləri həmçinin Azərbaycan Milli Məclisini Azərbaycan hökumətinin bu hərəkətinə qiymət verməyə çağırırlar.

Azərbaycan hökuməti və Milli Məclisi hələ ki bu bəyanata reaksiya verməyiblər.

Bundan əvvəl

Lakin bundan əvvəl, aprelin 3-də Azərbaycan XİN İranın Bakıdakı səfirliyinin notasına sərt cavab vermişdi.

Səfirlik həmin notada Azərbaycan mediasında İrana münasibətdə düşmənçiliyə diqqət çəkirdi.

İRNA agentliyinin xəbərinə görə, səfirlik bu cür materiallara kəskin etirazını bildirmiş və onlara dərhal son qoyulmasını istəmişdi.

Azərbaycan XİN-in cavab notasında İran tərəfinin notasında Azərbaycan mediası ilə bağlı qeyd olunanların obyektivliyi əks etdirmədiyi vurğulanır, İran mediasında Azərbaycan əleyhinə yalan və qərəzli məlumatların yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər görülməsinin zəruriliyi qeyd olunurdu.

Ötən həftə habelə İran və Azərbaycan rəsmilərinin qarşılıqlı açıqlamaları olmuşdu.

İran rəsmiləri Azərbaycan ərazisində onlara qarşı xarici qüvvələrin mövcudluğundan bəhs etmiş, Azərbaycan isə belə iddiaları təkzib etmişdi.

Bu il yanvarın 27-də isə Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücüm olub.

Onda səfirliyin bir əməkdaşı həlak olmuş, ikisi isə xəsarət almışdı.

XS
SM
MD
LG