Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:37

İran prezidentin qəzası ilə bağlı yeni təfərrüatları açıqlayıb


Göyərtəsində İran prezidenti olan helikopter Azərbaycan-İran sərhədi yaxınlığında havaya qalxdıqdan sonra
Göyərtəsində İran prezidenti olan helikopter Azərbaycan-İran sərhədi yaxınlığında havaya qalxdıqdan sonra

İran Prezident Administrasiyasının rəhbəri Qulamhüseyn İsmaili prezident İbrahim Rəisinin göyərtəsində olduğu helikopterin qəzaya uğrama şəraiti və sonra baş verənlər barədə danışıb. Onun sözlərini İranın IRNA dövlət agentliyi yayıb.

O deyib ki, kolonnada üç helikopter olub. Sağ-salamat eniş edən helikopterdə Q.İsmaili özü uçub. Rəsminin sözlərinə görə, uçuş zamanı hava şəraiti normal olub. İranın qəzanın baş verdiyi Şərqi Azərbaycan əyalətindəki Süngün mis mədəninin ərazisində buludlar olub.

"Duman deyildi. Bəlkə də, dərənin dərinliklərində duman var idi, lakin uçuşumuzun trayektoriyası boyunca duman yox idi", - IRNA Q.İsmailidən sitat gətirir.

Onun bildirməsinə görə, buludlar helikopterdən bir qədər yüksək olub. Göyərtəsində prezidentin olduğu helikopterin pilotu komandir kimi digər ekipajlara hündürə qalxmağı və buludların üzərində hərəkətə davam etməyi tapşırıb. "Helikopterlər hündürlüyü artırdılar və təxminən 30 saniyədən sonra pilotumuz prezidentin helikopterinin itdiyini anladı", - İran Prezident Administrasiyasının rəhbəri deyib.

Açıqlamaya görə, bundan sonra pilot bir neçə dövrə vuraraq prezidentin olduğu helikopteri tapmağa, ekipaj və ya sərnişinlərdən biri ilə əlaqə saxlamağa çalışıb. Əlavə edildiyinə görə, dəqiqə yarım əlaqə qurmaq mümkün olmayıb, "Bell 212"nin qəzaya uğradığı gümanı artıb.

Q.İsmailinin uçduğu helikopter Süngün mədəninə endikdən sonra prezident helikopterinin göyərtəsində olan Təbriz şəhər Cümə məscidi imamı Məhəmməd Əli əl-Haşem ilə əlaqə saxlamaq mümkün olub. Onun izahından məlum olub ki, "Bell 212" qəzaya uğrayıb. Ölümünədək bir neçə saat onunla əlaqə saxlanıb.

Xatırlatma

İran prezidenti İbrahim Rəisi, eləcə də xarici işlər naziri Hüseyn Əmir Abdullahian və daha altı nəfərin olduğu helikopter mayın 19-da axşam saatlarında Şərqi Azərbaycan ( İran) əyalətində yoxa çıxıb. İran nümayəndə heyəti Rəisi və Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə iki ölkə sərhədində Araz çayı üzərində bəndin açılışı mərasimindən qayıdırdı.

Mayın 20-də səhər saatlarında İranın Tavil kəndi yaxınlığında, Azərbaycanla sərhəddən 30 km aralıda prezident helikopterinin yanmış qalıqları aşkar edilib. Bütün sərnişinlər həlak olub.

İran mediası fəlakətin mümkün səbəbləri kimi çətin hava şəraitini göstərib – qəzanın baş verdiyi ərazidə qatı duman olub.

Bu arada IRNA agentliyi yazır ki, helikopter texniki nasazlıq səbəbindən qəzaya uğraya bilərdi. İran ölkəyə Qərb təyyarələrinin tədarükünü də qadağan edən ciddi beynəlxalq sanksiyalar altındadır. Prezidentin qəzaya uğradığı Amerikanın "Bell" helikopteri, ehtimal ki, sanksiyalar rejimindən yayınaraq alınıb və tam rəsmi texniki baxışdan keçə bilməyib.

XS
SM
MD
LG