Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 00:40

ABŞ İranın Rusiyaya ballistik raketlər verə biləcəyindən narahatdır


İranın 2000 kilometri vuran Xeybər raketi
İranın 2000 kilometri vuran Xeybər raketi

ABŞ İranın Ukrayna müharibəsində istifadə üçün Rusiyaya ballistik raketlər verə biləcəyindən narahatdır.

Associated Press (AP) agentliyi yazır ki, ABŞ Milli Təhlükəsizlik rəsmisi Con Kirbi bunun Ukrayna xalqı üçün "fəlakətli addım" olacağını deyib.

Kirbi xatırladıb ki, İran indiyədək Rusiyanı PUA-lar və dronlar, habelə idarə olunan aviasiya mərmiləri və artilleriya sursatı ilə təchiz edib və ehtimalən indi "bir addım da qabağa gedərək" Rusiyaya ballistik raketlər verməyə hazırlaşa bilər.

Con Kirbi bundan əvvəl demişdi ki, Rusiya müdafiə naziri Sergey Şoyqu ötən sentyabrda İranda səfərdə olarkən Tehran onu özünün ballistik raket sistemləri ilə tanış edib:

“Biz bu səbəbdən narahatıq ki, İran Ukraynada istifadə üçün Rusiyaya ballistik raketlərin verilməsini nəzərdən keçirir. Bu dəstəyin əvəzində Rusiya İrana raketlər, elektronika və havadan müdafiə sahələri də daxil misli görünməmiş miqyasda hərbi əməkdaşlıq təklif edib".

Konqres respublikaçılarının müqaviməti

AP yazır ki, Kirbinin bu xəbərdarlığı prezident Co Baydenin Ukraynanın müdafiəsi üçün 61 milyard dollarlıq büdcənin təcili səsə qoyulmasını Konqresdən rica etdiyi bir vaxta təsadüf edib.

Bu Baydenin Konqresdən Ukrayna, İsrail və Tayvan üçün istədiyi 106 milyard dollarlıq yardım büdcəsinin bir hissəsidir.

Buna baxmayaraq Respublikaçı Partiyadan olan və sayı getdikcə artan millət vəkilləri qrupu Ukraynaya əlavə yardımın göndərilməsi əleyhinədir.

Kirbi və başqa ABŞ rəsmiləri Konqresdən Ukraynaya yardıma dair qanun layihəsinin səsə qoyulmasını istəyirlər.

Moskva-Tehran hərbi partnyorluğu təhlükəlidir

Kirbinin sözlərinə görə İran bu ilin əvvəllərində Rusiyadan Su-35 qırıcı təyyarələrinin, hücum helikopterlərinin, radarların və təlim təyyarələrinin alınmasına dair razılaşmanı yekunlaşdırmaq üzrə olduğunu bəyan etmişdi:

“Ümumilikdə İran Rusiyadan öz hərbi qüdrətini gücləndirmək məqsədilə milyardlarla dollarlıq hərbi avadanlıq almaq niyyətindədir. Rusiya habelə İrana onun peyk məlumatlarının toplanmasında və başqa fəza proqramlarında köməklik göstərir".

Kirbi qeyd edib ki, Tehran və Moskva arasında hərbi partnyorluq Ukrayna, habelə İranın Yaxın Şərq qonşuları üçün və eləcə də bütün dünya üçün təhlükələr yaradır.

""Vaqner" İrana müdafiə sistemləri ötürməyə hazırlaşırdı"

ABŞ milli təhlükəsizlik rəsmisi bunu da qeyd edib ki, Rusiya hökumətinin nəzarətində olan Vaqner özəl hərbi şirkəti ya Hizbullaha, ya da İrana hava hücumundan müdafiə sistemləri məsələsində kömək etməyə hazırlaşırdı.

Kirbi bildirib ki, ABŞ bu məsələni diqqətlə izləyir və lazım gələrsə Rusiya fərdlərinə və vahidlərinə "antiterrorizm sanksiyaları" qoymağa hazırdır.

Rusiya bundan əvvəl Vaqner qrupundan özünün xarici əməliyyatlarında istifadə edib ki, sonradan bu əməliyyatlarla əlaqəsini dana bilsin.

ABŞ rəsmiləri bildirirlər ki, İran Rusiyanı Ukraynaya hərbi müdaxilə üçün artilleriya və tank sursatları ilə təchiz edib.

Kirbi vurğulayıb ki, ABŞ və onun müttəfiqləri İrandan Rusiyaya ballistik raket komponetlərinin mümkün transferlərini önləmək üçün addımlar atıblar.

ABŞ kəşfiyyatı ötən iyun ayında məlumat vermişdi ki, İran Rusiyanı bu ölkənin şərqində dron istehsalı müəssisəsinin yaradılması üçün materiallarla təchiz edib.

XS
SM
MD
LG