İran, Rusiya və Çin yanvarın 21-də Hind Okeanının şimalında birgə donanma təlimləri keçirəcəklər. Məlumatı İran mediası yayıb.
Bu üç ölkənin Birləşmiş Ştatlar və müttəfiqlərinin Ukrayna və Avropada təhlükəsiz məsələlərilə bağlı artan təzyiqinə qarşı birləşməsinə dair təxminlər səslənir.
İran ordusunun sözçüsü yarırəsmi ISNA xəbər agentliyinə deyib ki, təlimlərin məqsədi “regionda təhlükəsizliyi və əsaslarını möhkəmləndirməkdir”.
Sanksiyalar
“Dəniz Təhlükəsizliyi Kəməri - 2022” adlı manevrlər 2019-cu ildən bu üç ölkə arasında üçüncü donanma təlimidir. Sözçüsü Mustafa Taculdin təlimlərin gələcəkdə davam etdiriləcəyini vurğulayıb.
İranın sərt xətt tərəfdarı prezidenti İbrahim Rəisi 2021-ci ildə vəzifəyə keçəndən Moskva və Pekinlə əlaqələri dərinləşdirmək siyasəti yürüdür.
Rusiya, İran və Çinə Qərb sanksiyalar tətbiq edib. Sanksiyalar Rusiyanın Ukraynanın ərazi bütövlüyünə təhdidləri, Çində insan haqları pozuntuları və İranın nüvə proqramı ilə əlaqədardır.
Yanvarın 19-da Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşən Rəisi deyib ki, İran “Rusiya ilə əlaqələri genişləndirməyə limit qoymayıb”. Rusiya lideri isə ölkələrin beynəlxalq səhnədə “sıx əməkdaşlığını” alqışlayıb.
ŞƏT-ə üzvlük
Ötən həftə İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahyan Çində səfərdə olub. O, Pekinlə Tehranın iqtisadi və siyasi əlaqələri gücləndirməyə yönəlik 25 illik əməkdaşlıq sazişinielan edib.
İran sentyabrda Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv olub. İki il çəkəcəyi gözlənən texniki və hüquqi prosesdən sonra İran Pekinlə Moskvanın idarə etdiyi bu təhlükəsizlik qurumuna rəsmən qoşulacaq.
Taculdin həm İran silahlı qüvvələrinin, həm də İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) donanmalarının təlimlərdə iştirak edəcəyini bildirib.
Manevrlərə yanan gəminin xilası, qaçırılmış gəminin azad edilməsi, gecə hava hədəflərinin vurulması kimi taktiki təlimlər də daxildir.