İranın milli pul vahidi- rialın son vaxtlar ABŞ dollarına nisbətdən yenidən ucuzlaşması Azərbaycanın bu cənub qonşusu ilə sərhədyanı ticarətinə də təsir edib. Sərhədyanı ərazidə aktivlik müşahidə edilir. (2015-ci ildə imzalanan nüvə razılaşması pozulduğuna görə ABŞ-ın son illər İrana sanksiyalar qoyması rialın davamlı ucuzlaşması ilə müşahidə edilir)
Artıq hər gün Astara sərhəd keçid məntəqəsinin önündə əvvəlki aylara nisbətən daha çox minik maşınları dayanır. Burada yerləşən mağazaların önündə müxtəlif mallar düzülür.
"İndi az pulla çoxlu mal gətirə bilirik"
Mağazalardan birinin adının çəkilməsini istəməyən sahibi deyirdi ki, rialın ucuzlaşması onların İrandan daha çox mal gətirməsinə imkan yaradıb: "Son günlər İran rialı birdən-birə ucuzlaşdı. İran Astarasında qara bazarda artıq 1 ABŞ dolları 400 min rialdır. Ayın əvvəlində 350-360 min rial idi. Dollarla yanaşı, Azərbaycan manatı da qalxdı. 1 manat 240 min rial olub. İran rialı bir yerdə qalmır, hər dəfə dəyərini itirir. İndi az pulla çoxlu mal gətirə bilirik".
Onun deməsinə görə, rialın ucuzlaşması alış-verişə də təsir edib: "İrandan yuyucu tozlar gətirilib. Hər birini 25-30 qəpik ucuz almışıq. Bir həftə ərzində hər gün yük maşınları vasitəsilə sifarişli mallar gəlir. 90-cı illərdə iranlılar Azərbaycana gəlib mağazalara “süpürgə çəkirdilər”. Qabaqlarına çıxan nə var idisə alıb aparırdılar. İndi onlarda belə vəziyyət yaranıb. Tacirlər İran Astarasında mallarını dəyər-dəyməzə satırlar. Qorxular ki, rial lap ucuzlaşa. Elə tacirlər var ki, rial sabitləşənə qədər mağazasını bağlayır".
"Alıcı çox deyil"
Başqa bir mağazada isə sahibkar iddia edirdi ki, rialın ucuzlaşmasının ona hələ təsiri yoxdur. Həmin sahibkar anbarda kifayət qədər malının olduğunu bildirirdi: "Onların pulu dəyərdən düşəndə qorxudan mağazalarını bağlayırlar. Malı əvvəlki qiymətə satmağa çalışırlar. Ona görə bizim tərəfə İran malları çox gəlir. Astara şəhərində İran malları satan üç-dörd belə topdansatış yerləri var. Elə bil ki, İran tacirləri öz mallarının təhlükəsiz yerdə olmasını istəyirlər".
O, sözünə davam edərək deyir ki, İrandan malların gətirilməsində problem yoxdur: "Bu gün sifariş verirsən, bir-iki günə gəlir. İrandan yuyucu tozlar və ərzaq məhsulları da gəlir. Problem yoxdur. Alıcı çox deyil. İndi İran malları hər yerdə satırlar. Səhərdən 6 manat alverim olub. Burda elə dükan sahibləri var ki, mal gələn kimi göndərir Bakıya, digər yerlərə. Əslində baxsan sürünürük. Sərhəd qapıları açılsa, alver qızışar".
Koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin fevralından başlayaraq Azərbaycanın qonşu ölkələrlə quru sərhədlərində gediş-gəliş məhdudlaşdırılıb.
"Kimin bəxtinə düşdü…"
İndi sərhəddə müştəri gözləyən taksi sürücüləri də qazancın azlığından şikayət edirlər. İranda ABŞ dollarının bahalaşmasının onlara aid olmadığını deyirlər. Sürücülərdən biri vurğulayır ki, əvvəlki kimi İrandan az adam çıxır: "Ayda 10-15 nəfər bu taya çıxır. Kimin bəxtinə düşdü, həmin günü qazancı olur. Amma bizdən İrana ziyarətə gedənlər olur. Onlar qayıdanda taksidən istifadə etməyə üstünlük verirlər. Adətən yaşlı adamlar olur".