Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:01

İranda bir su bəndinin yaratdığı qalmaqal


Cəmşir bəndi
Cəmşir bəndi


İranda iri su bəndi layihəsinin tikintisi başa çatır. Ancaq ekoloqlar və arxeoloqlar bu bəndin ölkənin cənub-qərbində Zöhrə çayından qidalanan bütöv bir ərazinin sonunu gətirəcəyini deyirlər.

Ölkənin ən iri su-elektrik qurğusu olan Çəmşir bəndinin açılışı marta planlaşdırılıb. Layihəyə etiraz edənlər onun dayandırılmasını tələb edirlər. Onlar deyirlər ki, bu bənd kənd təsərrüfatına yararlı torpaqları şoranlığa çevirəcək, yeni kəşf edilmiş arxeoloji məkanları isə suya qərq edəcək.

Hökumət hələ 1960-cı illərdə yoxsul Xuzistan əyaləti və ölkənin digər cənub-qərb əyalətlərində elektrik enerjisi istehsalı və irriqasiya imkanlarını artırmaq üçün layihələri nəzərdən keçirirdi. Ancaq su anbarını dolduracaq Zöhrə çayı artıq özünün 1960-cı illərdəki səviyyəsində deyil.

244 milyon dollarlıq kredit

Son illərdə mövsümi quraqlıqlar İran körfəzinə tökülən çayın duzlu sularını azaldıb. Nəticədə subasmalardan asılı flora və fauna təhlükə altında qalıb, su azlığından şikayət edən Xuzistan sakinləri isə etiraza başlayıblar.

Nəhəng bənd və su-elektrik stansiyası Çindən yüksək faizlə alınan 244 milyon dollarlıq kreditlə maliyyələşdirilib. Bəndin operatoru bildirib ki, tutumu 2,3 milyard kubmetr olan su anbarı ildə 482 meqavat elektrik enerjisi istehsalı edəcək. Hökumət bu layihənin fermerlərin su tələbatını ödəyəcəyini və kənd təsərrüfat məhsuldarlığını artıracağını deyir.

Ancaq “Qaçsaran formasiyası” adlanan nəhəng gips və duz süxurlarının üzərində yerləşən bölgənin sakinləri hökumətin daha öncəki uğursuzluqlarını da nəzərə aldıqları üçün meydana gələ biləcək fəlakətdən narahatdırlar.

Etirazlar

1990-cı illərdə tikilən və Çəmşir layihəsindən cəmi 250 kilometr şimal-qərbdə yerləşən Gotvənd bəndi iri duz yatağının yanında yerləşir. Bütün xəbərdarlıqlara baxmayaraq, layihəyə başlanıldı və hökumət duzlu suyla dolu su anbarı ilə üz-üzə qaldı.

2021-ci ildə Xuzistan və qonşu İsfahan əyalətinin küçələrinə axışan qəzəbli etirazçılar su problemlərinə görə Çəmşir bəndindən 250 kilometr şimalda yerləşən Çadegan bəndini və əsası 1970-ci illərdə qoyulan digər iri layihələri günahlandırdılar.

Su anbarına çevrilməsi planlaşdırılan ərazidə Sasani və İslam dövrlərinə aid 140-dan artıq qədim tarixi məkan yerləşir. Onların 124-ü yeni kəşf edilib. Ancaq arxeoloqların ərazidə qazıntı aparmaq üçün çox az vaxtları var. Onlar ölkə tarixinin bu qiymətli incilərinin su altında qalacağından narahatdırlar. Bundan başqa ərazidə yaşayan müasir köçəri icmaların da buradan çıxarılması təhlükəsi var.

Rəsmilərin dedikləri

Ekoloqlar həmçinin burada duz yataqlarından başqa neft quyularının olmasını da əsas gətirirlər. Onlar layihənin dərhal dayandırılmasını, ərazinin yaxşıca öyrənilməsini tələb edirlər.

Bəndin operatorları bu tənqidə məhəl qoymayaraq duzluluq səviyyəsinin yüksək olacağı barədə narahatlığı əsassız sayırlar. Onlar öz arqumentlərini yaxınlıqdakı duz yataqlarının yüzlərlə metr dərinlikdə yerləşməsi ilə əsaslandırıblar.

Bəndin meneceri Mahmud Muharniya dekabrda mətbuat konfransında deyib ki, "ərazidə duzun olmasına heç bir dəlil yoxdur” və digər ziddiyyətli layihələrlə müqayisələr yanlışdır. Muharniya həmçinin bildirib ki, su anbarı qış daşqın mövsümündə gələn sularla doldurulacaq, bu isə Zöhrə çayının duzluluğunu azaldacaq və daha yüksək keyfiyyətli su gətirəcək.

Ancaq bu arqumentlər tənqidçilərin narahatlığını azaltmayıb. Alimlər və ətraf mühit mütəxəssisləri videolar çəkməyə, petisiyalar imzalamağa və açıq məktublar ünvanlamağa davam edirlər.

“Bəndiniz o qədər duzlu idi ki...”

Onillərlə İranın şoran landşaftlarını öyrənmiş tanınmış botanik Hüseyn Akhani 2021-ci ildə “Instagram”da yüksək duzluluğun artıq yeni layihənin yaxınlığındakı floraya təsir etdiyini göstərib.

"Sizin bəndiniz o qədər duzlu idi ki, bu, cəmi iki günlük səfərdən sonra üzə çıxıb. Öz saxta iddialarınızla savadsız məmurların başını aldada bilərsiniz, ancaq həqiqət gizli qalmır”, – Akhani paylaşdığı videoya şərhində yazıb.

Bu yaxınlarda universitet professorları və ətraf mühit mütəxəssisləri 23 min nəfərin imzaladığı petisiyada Çəmşir bəndini "təhlükə" adlandırıblar. Onlar bunu su anbarının yatağındakı qüsurlar və ətrafda 11 neft quyusunun olması ilə izah ediblər. Petisiyanın müəllifləri, o cümlədən Akhani də qış daşqın sularının axınının qarşısının alınmasının təbii duzsuzlaşma və torpağın münbitləşməsi proseslərinə mane olacağını, toz yığını yaradacağını deyiblər.

Problemlər

Digər alimlər başqa problemləri qabartmağa çalışıblar. Onlar köçəri həyat tərzinin təhlükə altında qalacağını, Çin sərmayəsindən asılılığı, hökumətə inamın itirilməsini və əsası hələ 1979-cu il İslam inqilabından onillərlə öncə qoyulan qüsurlu amerikan inkişaf ideyalarının davam etdirilməsini əsas gətiriblər.

Dekabrın sonlarında Tehranda çıxan “Pəyam-e ma” qəzetinə müsahibəsində Çəmşir bəndinin ictimaiyyətlə əlaqələr meneceri Mehdi Hacikazım bu narahatlıqların əsassız olduğunu bildirib. Hacıkazım deyib ki, layihə ilə bağlı tədqiqatın nəticələri "hamıya açıqdır" və tədqiqatı aparan alimlər bəndlə bağlı heç bir təhlükənin olmadığına inanırlar.

"Layihəni dayandırıb dayandırmamaq mənim səlahiyyətimdə deyil. Ancaq bir vətənpərvər iranlı kimi söyləyə bilərəm ki, bu bənd həqiqətən zəruridir”, – deyən Hacıkazım tənqidçiləri istənilən şərtlər altında bəndlərin tikintisinə qarşı çıxmaqda ittiham edib.

XS
SM
MD
LG