İranda bir neçə tələbə ittifaqı hakimiyyəti bilərəkdən “kütləvi zəhərləmədə” ittiham edib.
Bundan əvvəl İran universitetləri boyunca çox sayda tələbənin zəhərlənərək xəstələndiyi xəbər verilmişdi.
İran tələbələri ittifaqlarının şurası dekabrın 1-də açıqladığı hesabatda bildirirdi ki, çox sayda tələbə İran universitetlərinin kafelərində yedikdən sonra zəhərlənib.
Bunların arasında Tehran yaxınlığındakı Kərəcin Xarəzmi Universitetinin adı çəkilir.
Məlumata görə zəhərlənənlərin sayı o qədər çox olub ki, universitet klinikası xəstələrin hamısını qəbul edə bilməyib.
Tələbə İttifaqı təşkilatının teleqram kanalında deyilir ki, Tehrandakı Əllamə Universietinin yeməkxanasında yeyən bir neçə tələbə də zəhərlənib.
Etirazların ön sıralarında
Xəbər verilir ki, İranda gənc qadın Məhsa Əmininin polis məntəqəsində vəfat etməsindən sonra başlanmış etiraz aksiyalarının ön sıralarına məhz tələbələr çıxıblar.
Teleqram kanalda iddia olunur ki, hakimiyyət məhz bu səbəbdən belə bir vasitəyə əl atıb.
Bəyanatda deyilir ki, “siz bu üsullarla tələbə hərəkatını dayandıra bilməyəcəksiniz”.
1999-cu ildə tələbələr islahatyönlü bir qəzetin bağlanmasına görə etiraz edəndə hakimiyyət tələbə yataqxanalarına təhlükəsizlik qüvvələrini göndərmiş və etiraz zorakılqıla yatırılmışdı.
İranda illərdir ki, tələbə fəallar və onların liderləri təqib və həbs olunur.
Hazırda İranda davam edən etirazların 1979-cu il inqilabından bəri ən böyük həyəcan olduğu deyilir.
Bir çox universitetlərin müəllim və professorları etirazçı tələbələrlə həmrəylik elan ediblər.