İranda narazılara yeni divantutma dalğası başlanıb, bir neçə hökumət tənqidçisi, o cümlədən islahatçı siyasətçi və üç tanınmış kinorejissor həbs edilib. Bu həbslər hökumətdən narazılığın artdığı, ölkədə demək olar, hər gün etirazların keçirildiyi bir dönəmdə baş verir.
Son günlər islahatçı siyasətçi Mustafa Taczadə və tanınmış rejissorlar Cəfər Pənahi və Məhəmməd Rasulof saxlanıblar. Digər fəallar isə dindirilməyə çağırılıb.
Təhlilçilər həbsləri hökumətin artan ictimai narazılığa reaksiyası kimi yozurlar. Son illər ABŞ sanksiyaları və pis idarəçilik ölkədə iqtisadi vəziyyəti daha da ağırlaşdırıb. Etirazlarda siyasi şüarlar səslənir, klerik isteblişmentə qəzəb ifadə olunur.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə Vaşinqtonu İranla nüvə sazişindən çıxarıb və Tehrana sanksiyaları bərpa edib.
Qorxu və qəzəb
Parisdə yaşayan təhlilçi Rza Əlicani deyir ki, hakimiyyət qorxu yaratmağa çalışır. “Etirazların daha da alovlanmasını önləmək və vəziyyəti nəzarət saxlamaq üçün İslam respublikası cəsarəti və təsiri olan şəxsləri hədəfə alır”, – o, AzadlıqRadiosuna deyib.
“İslam respublikası iqtisadi durumun daha da pisləşəcəyini bilir. Nüvə danışıqlarında açılıma da ümid yoxdur. Buna görə hakimiyyət daha çox etirazların baş verəcəyini bildiyindən təhlükəsizlik tədbirləri görür”, – təhlilçi bildirir.
Tehranda yaşayan jurnalist Əhməd Zeydabadi isə tanınmış dissidentlərin həbslərini ümidsizlik addımı hesab edir.
“İran rəsmilərinə hər tərəfdən təzyiq var. Məncə, buna görə qəzəblidirlər və qərarları da qəzəbdən verirlər”, – Zeydabadi iyulun 9-da Twitter-də yazıb.
Keçmiş nazir müavininə ittihamlar
Taczadə iyulun 8-də “ölkənin təhlükəsizliyinə qarşı fəaliyyətdə”, “ictimai fikri narahat edən yalanların dərcində” ittiham olunub. O, 1997-2005-ci illərdə islahatçı prezident Məhəmməd Xatəmi dövründə daxili işlər nazirinin müavini olub, dini isteblişmentin açıq tənqidçisi kimi tanınıb.
Taczadə Twitter və Clubhouse-da hakimiyyəti tənqid edirdi, sonuncuda minlərlə dinləyici yığmışdı. Audioya əsaslanan sosial media tətbiqi olan “Clubhouse” iranlılar arasında əsas dialoq platformasına çevrilib. Onlar virtual söhbət otaqlarına qoşularaq təhlilçiləri, jurnalistləri, dissidentləri dinləyirlər.
Taczadə Twitter-də bir postunda yazıb ki, nüvə razılaşmasının dirçəldilməsi üzrə danışıqlar alınmasa, Ali dini lider Ayətulla Əli Xameneyi buna görə məsuliyyət daşımalıdır. Müşahidəçilərin fikrincə, sazişin bərpası Tehran üçün iqtisadi yüngüllük demək olar.
Açıq məktub
Pənahi isə iyulun 11-də Tehranda məhkəmə qarşısında həbs olunub. O, Rasulof və daha bir fəal kinorejissor Mustafa əl-Əhmədin məhkəmələrini izləməyə getmişdi.
Rasulof və əl-Əhməd iyulun 8-də həbs ediliblər. Onlar “əksinqilaba bağlılıq”da, “cəmiyyətin psixoloji təhlükəsizliyini qızışdırmaqda və onu pozmaqda” ittiham olunurlar.
Pənahi iyulun 9-da Rasulof və Əl-Əhmədin həbsini pisləyən bəyanata imza atmış 300-dən çox rejissor və mədəniyyət fəalı sırasındadır.
Onların üçü də mayda onlarla iranlı rejissorla birlikdə açıq məktub yayaraq təhlükəsizlik qüvvələrini “silahlarını yerə qoymağa” çağırıb. Həmin ay Abadan şəhərində binanın çökməsi nəticəsində 41 nəfər həlak olub, bundan sonra “korrupsiya, oğurluq, bacarıqsızlıq və repressiyaya” etiraz edənlərə amansızlıqla divan tutulub.
Bu məktubu imzalayanların çoxunu hakimiyyət təhdid edib. Bəziləri sonradan imzalarını geri götürüb.
Həbslər, dindirmələr
İyulun 11-də 2019-cu ilin noyabr etirazlarında öldürülən bir neçə etirazçının ailə üzvləri də həbs edilib. Həmin il onminlərlə insan ölkədə benzinin qəfil bahalanmasına etiraza çıxmışdı.
27 yaşlı oğlu Puya Bəxtiyari üçün ədalət tələb edən Nahid Şirpişe də saxlananlar arasındadır.
Son həftələr bir neçə fəal dindirilməyə çağrılıb. 83 yaşlı demokratiya fəalı, qadağan olunmuş İran Milli Cəbhəsi partiyasının aparıcı üzvü Kuroş Zaim də onlardan biridir.
“Hakimiyyət qorxduğundan hücuma keçib. Onları hərəkətə gətirən qorxudur”, – əvvəllər fəallığına görə həbs edilmiş Zaim Tehrandan telefonla AzadlıqRadiosunun fars xidməti – Radio Fərda-ya deyib.