►Azərbaycan xərclərin bir hissəsini ödəyəcək
Bakıdakı İslam Həmrəylik Oyunlarında qadın idmançılar öz ölkələrinin qaydalarına uyğun geyimdə çıxış edəcək
2017-ci ildə Azərbaycan paytaxtı növbəti dəfə beynəlxalq idman oyunlarına ev sahibliyi edəcək. Mayın 12-dən 22-dək Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək.
ZORXANA DA OLACAQ
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə İslam Həmrəylik Oyunlarına daxil olan idman növləri, beynəlxalq tədbirlər öncəsi üzləşə biləcəkləri tənqidlər haqda AzadlıqRadiosunun suallarına cavab verib.
Çingiz Hüseynzadə:
- 4-cü İslam Həmrəylik Oyunları 20 idman növü üzrə keçiriləcək. İdmançıların sayı təxmini müəyyən olunub. Dəqiq say axırıncı gün, idmançılar gələndə bilinəcək. Bu dəfəki Bakı oyunlarında idmançılar əsasən olimpiya idman növlərində mübarizə aparacaqlar. Olimpiya idman növlərindən başqa qeyri-olimpiya idman növlərindən karate və uşu da proqrama daxil edilib. Eyni zamanda, bu oyunlara milli idman növü olan zorxana da salınıb. Zorxanada güləş də, ağırlıqqaldırma da var. Bu, Azərbaycanın ənənəvi idman növüdür. Biz bu idman növünü daha da populyarlaşdırmaq üçün İslam Həmrəylik Oyunlarının proqramına daxil etmişik.
– Bakıdakı İslam Həmrəylik Oyunlarında qadınlar da iştirak edəcək?
- Bəli, qadınlar bir çox növlərdə iştirak edəcəklər. Məsələn, basketbolda, voleybolda, atletikada, üzgüçülükdə, güləşdə. İdman növlərinin əksəriyyətində qadınların iştirakı gözlənilir.
– İslam Həmrəylik Oyunları qadınların iştirakı olmadan da keçirilib.
- Səudiyyə Ərəbistanında birinci İslam Həmrəylik Oyunlarında qadınlar iştirak etməyib. Ancaq İndoneziyada keçirilmiş oyunlara qadınlar da qatılıb.
– Bakıda çıxış edəcək qadın idmançaların geyimləri necə olacaq, ənənəvi, yoxsa qapalı?
- Hər ölkə necə istəyir, idmançıları da elə geyinəcək.
– Yəni qapalı geyinmək məcburi deyil?
- Yox, məcburi deyil.
İslam Həmrəylik Oyunlarının qaydalarına əsasən, komandalar özləri öz hesablarına gəlirlər.
– Ancaq yəqin ki, qapalı geyinən idmançılar da qatılacaqlar.
- Əlbəttə. Bəzi ölkələrdə qanunlar necədirsə, elə də olacaq. Hər ölkənin öz qanunlarına uyğun geyinəcəklər.
– Azərbaycanın qadın idmançıları bundan əvvəlki İslam Həmrəylik Oyunlarında hansı geyimlə çıxış edıb və bu dəfə necə olacaq?
- Azərbaycanın qadın idmançıları bundan əvvəlki islam həmrəylik oyunlarında açıq geyimdə olub. Burda da elə olacaq.
Buna da bax: Dollar bahalanır?
"HEÇ NƏ TİKİLMƏYƏCƏK VƏ TƏMİR EDİLMƏYƏCƏK"
– Azərbaycanın idman rəsmiləri 4-cü İslam Həmrəylik Oyunlarının da Avropa Oyunları kimi təntənəli və maraqlı olacağını vəd edir...
- Bəli, biz çalışacağıq ki, İslam Həmrəylik Oyunları da Avropa Oyunları səviyyəsində bir tədbir olsun.
– Avropa Oyunlarının çox bahalı tədbir olması haqda çox deyilib-danışıldı. Bəs İslam Həmrəylik Oyunları Azərbaycana neçəyə başa gələcək?
- Mən bunu bilmirəm. Çünki maliyyə tərəfi ilə tamamilə Təşkilat Komitəsi məşğul olur. Milli Olimpiya Komitəsi ancaq oyunların təşkili məsələləri ilə məşğuldur. Hələ büdcə müəyyənləşməyib.
– Avropa Oyunlarında Azərbaycan iştirak edən bütün idmançıların xərclərini ödəmişdi. İslam Həmrəylik Oyunlarında da belə məsrəf gözlənir?
- Xeyr, hər oyunun öz qaydaları var. İslam Həmrəylik Oyunlarının qaydalarına əsasən, komandalar özləri öz hesablarına gəlirlər. Burada qalmaq xərclərinin bir hissəsini özləri ödəyirlər.
– Bir hissəsini də ev sahibi ödəyəcək?
- Bəli.
– Avropa Oyunları ərəfəsində Bakıda bir neçə idman kompleksi açıldı. Bu oyunlar ərəfəsində də yeni komplekslər tikiləcək, yoxsa Avropa Oyunlarında tikilənlər kifayət edəcək?
- Tamamilə kifayətdir. Heç bir idman kompleksi tikilməyəcək, ya da təmir olunmayacaq. Bizdəki idman qurğuları istənilən yarışları keçirməyə imkan verir.
Buna da bax: Çovdarovun gizli həbsxanası da aşkarlanıb
"BUNUN OYUNLARA HEÇ BİR DƏXLİ YOXDUR"
Mən sırf idmanla məşğulam. Mən istəyərdim, ümumiyyətlə, bizdə həbsdə heç kim olmasın.
– Çingiz bəy, Avropa Oyunları ərəfəsində müxtəlif beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycanı siyasi məhbuslar ölkəsi kimi tənqid edirdi. İslam Həmrəylik Oyunları ərəfəsində də belə fikirlər səslənə bilər. Tənqidlərə hazırsınızmı?
- Bilirsiniz, istənilən ölkədə belə böyük tədbir keçiriləndə bu fikirlər səslənir. Pekində Olimpiya Oyunları, Braziliyada futbol üzrə dünya çempionatı keçiriləndə də oxşar fikirlər eşidilirdi. Müəyyən qurumlar var ki, hər bir tədbir ərəfəsində bəzi siyasi məsələlərlə bağlı fikirlər dilə gətirirlər. Bunun oyunlara heç bir dəxli yoxdur. İdman siyasətdən ayrıdır.
– Yəqin ki, Milli Olimpiya Komitəsinin vitse-prezidenti kimi belə tənqidləri eşitmək istəməzdiniz.
- Əlbəttə, eşitmək istəməzdim. Amma bu, onsuz da hər yerdə, hər zaman olur. Bu günkü dünya üçün bu normal bir şeydir.
– Bəlkə o vaxta qədər jurnalistlər, hüquq müdafiəçiləri həbsdən buraxılacaq, siz də tənqidlərlə üz-üzə qalmayacaqsınız?
- Mən jurnalistlərin, hüquq müdafiəçilərinin həbsdə olduğunu bilmirəm. Bu məsələlərdən xəbərim yoxdur. Mən sırf idmanla məşğulam. Mən istəyərdim, ümumiyyətlə, bizdə həbsdə heç kim olmasın.