►Dövlət satınlamaların qatılan şirkətlər dövlət vəsaitinin bir hissəsinin nağdlaşdırılıb mənimsənməsinə xidmət edirmiş
Vergilər Nazirliyinin mətbu orqanı olan “Vergilər” qəzetində fevraldan bəri dərc edilən silsilə məlumatlar diqqət çəkir.
Bu məlumatlarda ayrı-ayrı şəxslərin vergidən yayınma faktları və məhkəmə hökmləri əksini tapıb.
“Vergilər”dəki yazılardan sonra aparılan jurnalist araşdırmaları göstərir sözügedən şəxslərin qurduğu əksər şirkətlərin işi-gücü dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlara ayrılan pulları xərcləməkmiş.
Daxili İşlər Nazirliyindən Ali Məhkəməyədək - irili-xırdalı 10-dan çox qurumla, azı, 50 müqavilə bağlamış bu şirkətlər büdcədən qidalansalar da, vergiləri vaxtlı-vaxtında ödəməyi “unudublarmış”.
İndi haqqında söhbət açılacaq şirkətlərin adına büdcə təşkilatlarının xərcləmə sənədlərindən başqa heç bir yerdə rast gələ bilməzsiniz.
Diaspor komitəsinin tərəfdaşı
İlham İsmayıl oğlu Gözəlovun təsisçisi olduğu «BTZ-2012» və «Staples-F» MMC-lərini Diasporla iş üzrə Dövlət Komitəsi (DİDK) ilə sıx tellər bağlayır.
Şirkətlər 2012-ci ilin sentyabrından - rəsmi dövlət qeydiyyatına alınan vaxtdan bəri bu komitənin xidmətində durub.
İsrailli deputatın - bu ölkənin daxili işlər nazirinin müavini və “Bizim Evimiz İsraildir” partiyasının baş katibi F.Kirşenbaumun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərini İlham Gözəlovun təşkil etdiyi bildirilir. Bu işə görə şirkətə 10 min 250 manat ödənilib.
Təəccüblüdür ki, Ümumrusiya Azərbaycanlılar Konqresinin Moskva regional bölməsi ofisinin 2013-cü il üçün icarəhaqqını (27 300 manat) komitə onun sahibinin deyil, «Staples-F» şirkətinin hesabına köçürüb.
Elə bu şirkətin həmin il Azərbaycandan min kilometrlərlə uzaqda - Rusiyanın Kostroma vilayətində Novruz Bayramı şənliyi təşkil etdiyi iddia olunur. Hər halda bu mərasim büdcəyə 13 min 500 manata başa gəlib.
O da maraqlıdır ki, Vergilər Nazirliyi adıgedən bu iki şirkətin belə “nəcib işlərlə”deyil, tikinti materiallarının alqı-satqısı ilə məşğul olduğunu açıqlayıb.
Nazirliyin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin təqdimatı ilə 7235 manat 10 qəpik məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınma faktına görə məhkəmə qurulub.
lham Gözəlov şirkətlərə birbaşa rəhbərlik etməsə də, məhkəmə baxşında pozuntulara görə bütün məsuliyyəti öz boynuna götürüb. O, şirkətlərin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunu özünün apardığını, vergi orqanına təqdim edilən bəyannamələri saxtalaşdırdığını etiraf edib. Amma məsuliyyətdən də yaxasını qurtara bilib. Dövlət büdcəsindən yayındırılan vəsaiti tam ödədiyindən, Nizami Rayon Məhkəməsi İlham Gözəlovu cinayət məsuliyyətindən azad edib.
Dövlət satınalmalarına nəzarət qurumunun açıqladığı məlumatlara görə, 2013-cü ildə «Bosfor-LD» MMC və «Optimal-HF» MMC DİDK-nın məbləği 300 min manatı aşan sifarişlərini yerinə yetirib.
Qubada və Gədəbəydə yerləşən bu şirkətlər də İlham Gözəlova məxsusdur. Həm bu, həm də «BTZ-2012» və «Staples-F» MMC-lərə Yadigar Fikrət oğlu Novruzov rəhbərlik edir. Nazirlik bu şirkətlərdə vergi yoxlamasının olub-olmadığı haqda məlumat vermir.
İlham Gözəlovun biznesi adıçəkilən şirkətlərlə məhdudlaşmır. O, 2009-cu ildə, ən azı, iki şirkət («Texnokort» və «Servis İnn») qurub.
İKT-dən anlayır, vergidən yox?
Vergi ödəməklə cinayət məsuliyyətindən yayınanlardan biri də Elşən Akif oğlu Abbasovdur. Onun təsis etdiyi «Delta-CS» MMC 2013-cü ildə Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda avadanlıq quraşdırılması işlərinə 14 min 992 manat alıb.
Yeni yaranmış şirkət lisenziyalı proqram təminatı məhsulunun təchizatçısına çevrilib və bu iş üçün institut onun hesabına 101 min 520 manat köçürüb. Həmin əməliyyatlara görə dövlət büdcəsinə sadələşdirilmiş vergi (4 faiz) olaraq, 4660 manat 48 qəpik ödənilməli idi. Amma şirkət dövriyyəsinin olmadığını göstərməklə vergi orqanına boş bəyannamə göndərib.
Nəticədə cinayət işi başlanılıb. Elşən Abbasov Yasamal Rayon Məhkəməsində məhkəmə baxışı gedərkən, vergini tam ödədiyindən «Delta-CS» MMC işində məsuliyyətdən yaxa qurtara bilib.
Bu və digər belə cinayət işlərində maraqlı cəhət odur ki, bankdan pul götürülməsi barədə çek və müqavilələri şirkətin direktoru (indiki halda «Delta-CS» MMC-nin direktoru Sərxan Rəşid oğlu Əliyev) deyil, təsisçinin özü imzalayıb. Bu hala nə müqavilə bağlayan dövlət qurumu, nə də bank əməkdaşı diqqət yetirib. Hər halda nazirlikdə belə deyirlər.
Vergi orqanlarının araşdırmaları Elşən Abbasovun yaratdığı başqa müəssisələrdə də vergi cinayətlərinə yol verdiyini üzə çıxarıb. Nazirlik həmin şirkətlərin adlarını açıqlamır.
AzadlıqRadiosunun müstəqil araşdırmaları müəyyənləşdirib ki, söhbət, ən azı, 10 şirkətdən («Unikal-MD», «İmpuls-ACD»,«Piksar-MCD», «Sinus-MV», «Qövs-MD», «Prizma-CSD», «İdeal TT», «Etalon-CS», «Progress-MSD» və «Sektor-DC») gedir. Bakıda və Ağcabədidə yerləşən şirkətlərin hamısına Yusifəli Əkbər oğlu Süleymanov başçılıq edir. Nazirliyin açıqlamasında 2013-cü ildə yaradılan bu şirkətlərin nə işlə məşğul olmasından bir söz deyilmir.
Satınalma müqavilələrinin reyestrlərində də onların haqqında bilgi yoxdur. Məlumat verilir ki, təsisçisi olduğu digər müəssisələrdə yol verdiyi qanunsuzluqlara görə Elşən Abbasov barədə 7 aylıq inzibati tənbeh tədbiri seçilib.
__________________________________________________________
Bunlara da bax:
____________________________________________________________
İT İnstitutunu fırıldaqçılar “izləyir”
Bu tender əməliyyatlarının təhlili zamanı maraqlı bir nüans ortaya çıxıb. Məlum olub ki, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunu qarşısına, deyəsən, elə fırıldaqçılar çıxırmış... Vergilər Nazirliyi hələ 2014-cü ildə məlumat verirmiş ki, Beyləqan rayonunun Dünyamalılar kənd sakini Nadir Camal oğlu Ağayev 2009-2011-ci illərdə - “Kvant-L”, “Təsərrüfat-İnventar Topdansatış”, “Kaspian”, “Baykal-N”, “İntellekt-2011”, “Berkut-2012” və digər müəssisələrin direktoru çalışarkən, 1 milyon 792 min 679 manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən yayınıb.
O, axtarış tədbirləri nəticəsində 2014-cü il yanvarın 15-də tutularaq istintaqa təhvil verilib və elə həmin gün də məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.
Bu həmin Nadir Ağayevdir ki, 2012-ci ilin sentyabrında yaratdığı «SAM Holding» MMC İnformasiya Texnologiyaları İnstitutuna 132 min 821 manat dəyərində lisenziyalı proqram təminatı satıb...
113 min 287 manat vergidən yayınmağa görə 3 il 6 ay həbs
Elvin Zamir oğlu Vəliyev 2012-ci ilin iyununda eyni gündə 4 şirkət qurub. Direktor kimi idarə etdiyi «Flamingo-2012», «Amigo-2012», «Lyuks-2012»və «Baku Lyuks Trading» MMC-lər elə həmin il 631 min 191 manat 70 qəpik dəyərində 30 kontrakt alıb. Söhbət, əsasən, avadanlıq, tikinti materialı, dəftərxana ləvazimatı, təsərrüfat və elektrik malları, ehtiyat hissələri və s.-in alınmasından, cari təmir və abadlıq işlərindən gedir. Ən diqqətçəkən işlərdən biri Ali Məhkəmə personalı üçün 18 min 680 manat dəyərində xüsusi formaların tikilməsi olub. Sifariş hansısa tikiş fabrikinə deyil, “Amigo-2012” MMC-yə verilib.
Elvin Vəliyev vergidən 113 min 287 manat yayındırdığını etiraf etsə də, məhkəmədə həmin pulu xərclədiyini deyib. Nəticədə ona 3 il 6 aylıq həbs cəzası verilib.
«Bizim Şəhər-BS» MMC-ni də E. Vəliyev qeyd olunan şirkətlərlə eyni vaxtda yaradıb. Elə həmin il şirkət Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin toplam 52,7 min manatlıq 5 sifarişini yerinə yetirib. Bu sifarişlərin arasında Kiçik Qala küçəsi, 1-13 saylı ünvanda aparılan geoloji və arxeoloji qazıntı işləri ayrıca diqqət çəkib...
__________________________________________________________
Bunlara da bax:
-
Azərbaycan iqtisadiyyatının "lokomotiv"i yavaşlayıb...
-
"Milyonları parklara, heykəllərə tökürlər, amma bu yola pul tapılmır"
____________________________________________________________
Xəzinədarlığa avtomobil satır
Vüqar Əzim oğlu Cəfərovun da vergidən yayınması işlər başa çatandan 3-4 il sonra üzə çıxıb. Onun yaratdığı 4 şirkətdə («Fortuna-AC», «Dinamika-CE», «Miras CX» və «C.V.Star») Vergilər Nazirliyinin apardığı kameral yoxlamalar dövlət büdcəsindən 20 min 729 manat verginin yayındırıldığını müəyyənləşdirib.
Heç bir istehsal sahəsi olmayan «Fortuna-AC» MMC Təhsil Nazirliyinin A.Makarenko adına humanitar fənlər təmayüllü internat tipli gimnaziyasına 2013-cü ildə 146 min 844 manat dəyərində çörək, süd və ağartı satıb.
Vüqar Cəfərova məxsus başqa bir şirkət («Dinamika-CE» MMC) 2012-ci ildə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinə hər birinin dəyəri 22 min manat olan 2 minik avtomobili satıb.
Məhkəmənin hökmü ilə Vüqar Cəfərov, dövlət və yerli özünüidarəetmə orqanlarında vəfifə tutmamaq şərti ilə, ilyarım müddətinə islah işlərinə cəlb olunub.
Hüquq müdafiəçisi Səbuhi Qafarov satınalmalara qatılan bu cür şirkətlərin fəaliyyətini AzadlqRadiosuna şərh edib:
"Yerli və korrupsiyanın kök saldığı bəzi ölkələrin təcrübəsi göstərir ki, dövlət vəsaitlərinin yönəldilməsinə yaxın olan şəxslər bu cür qeyri-şəffaf şirkətlərin xidmətlərindən istifadə edirlər. Məqsəd həmin vəsaitlərin bir hissəsini nağdlaşdıraraq mənimsəməkdir. Növbəti mərhələdə şirkətə "sahib olan" şəxs hər şeyi boynuna alır və bir müddət həbsə atılır. Proses beləcə davam edir".
Buna da bax: Qədim Palmiranın son görüntüləri..