Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 10:40

İtaliyada poeziya ölməyib


Aligieri Dante
Aligieri Dante

“Dante, Petrarca, Leopardi… Klassik italyan şairlərindən bir neçəsi. İtaliyada təhsil kurrikulumu elə qurulub ki, hər bir vətəndaş həyatında azı bir dəfə klassik italyan poeziyasını öyrənməli olur. Ancaq icbari təhsil bitdikdən sonra çox az sayda insan şeir oxuyur. Bu, dünyanın hər yerində belədir.

Poeziya, bir qayda olaraq, nəsr qədər populyar deyil. Üstəlik, çox vaxt şeiri oxuyub anlamaq da roman, yaxud hekayəni anlamaq qədər asan deyil. Nəticədə cəmiyyətin kollektiv düşüncəsində poeziya məktəb yaşlarına, tozlu kitab rəflərinə və bir ovuc ekssentrik oxucuya sıxışdırılmış bir şey kimi görülür”.

Bunu “İtalics Magazine” jurnalında Valeria Ferraretto yazır. Məqalədə daha sonra deyilir:

Şeir müsabiqələri

“Ancaq İtaliyada maraqlı trend müşahidə olunur. Burada poeziya ölməyib, üstəlik, köhnə klişelər çərçivəsində ilişib qalmayıb. Geniş ictimaiyyətin diqqətini get-gedə daha çox cəlb edən yeni hərəkat başlayıb.

Onun məqsədi insanları poeziyaya yaxınlaşdırmaq, şeirin yalnız alimlər, tənqidçilər və şairlər üçün yazıldığı düşüncəsini dağıtmaqdır.

Əslində, bu hərəkat qlobaldır və dünyada “Poetry slam” (poeziya slemi – tərc.) kimi tanınır.

Slam İtaliyaya 2001-ci ildə gəlib. Adətən, müsabiqə şəklində olan slam barlar, mədəni klublar, kiçik teatr və kinoteatrlarda keçirilir.

Burada iştirakçılar öz şeirlərini publika qarşısında oxuyur, dinləyicilər arasındansa onların işini dəyərləndirmək üçün beş nəfərdən ibarət münsiflər heyəti seçilir.

İştirakçılar öz səs və vücud dillərindən başqa heç nədən istifadə edə, üç dəqiqədən artıq çıxış edə bilməzlər.

Şouda bir və ya bir neçə MC (aparıcı, tamada) aparıcılıq edir. Mövzular əvvəldən müəyyən edilmir. İştirakçılara öz sözləri və öz tərzlərindən istifadə edərək, bəyəndikləri mövzular haqda danışmaq azadlığı verilir. Nəticədə baş tutan hər bir şou əvvəlkindən fərqli olur.

Kimsə öz keçmiş şəxsi təcrübəsindən, kimsə aktual siyasi məsələlərdən danışır, kimsə sadəcə söz və səslənmə oyunu oynayır. Bu, münsiflərin işini daha da çətinləşdirsə də, şounun özü maraqlı auditoriyanı heç vaxt məyus etmir.

Slem hərəkatının kökləri hip-hop ənənəsinə gedib çıxır. Aparıcılığın MC-lərə həvalə edilməsi, çıxışların üç dəqiqə olması, qalibin publika tərəfindən seçilməsi də həmin ənənədən gəlir.

Slemin hip-hop ənənəsindən əsas fərqi odur ki, burada improvizasiya tələb olunmur.

“Poetry slam” hərəkatı ilk dəfə ABŞ-da başlayıb. 1980-ci illərdə Çikaqodan olan bir gənc şair poeziya dinləmələrinin keçirilmə tərzindən məyus olub auditoriya qarşısında şeir oxumağın yeni yolunu tapmağa çalışıb.

Poeziya slemləri

Hazırda poeziya slemləri həm Şimali Amerika, həm də Avropanın hər yerində keçirilir. Almaniya, Fransa, İtaliya, İspaniya, Belçika, Danimarka sləmlərin keçirildiyi ölkələrdən yalnız bir neçəsidir.

2013-cü ildə İtaliyanın “Poetry Slam” hərəkatı LIPS adlı assosiasiya yaradıb.

İtaliyadakı slem hərəkatının maraqlı cəhəti şairlər arasında icma hissinin olmasıdır. Keçirilən hər bir tədbir təkcə müsabiqə yox, həm də ortaq marağı paylaşan insanların görüşüdür.

Əslində şairlər çox müxtəlif olur: aralarında 20 yaşlı universitet tələbələri də var, 30 yaşlarında olan, uşaqlı kişi və qadınlar da, “yaşlı” şairlər də. Müəllimlər də var, IT-çilər də, qapıçılar, aşpazlar, qənnadıçılar da…

Çoxları üçün poeziya əsl peşədən çox hobbidir. Ancaq aralarında poeziyanı öz əsas məşğuliyyətlərinə çevirə bilənlər də var.

Adətən, təşkilatçılar şairləri dəvət edir və onlar birlikdə şam yeməyinə yığışırlar. Beləliklə də tədbirlər həm də həftəsonu yeni şəhərləri gəzib görmək, yerli sakinlərlə tanış olmaq imkanına çevrilir.

LIPS-in hər yay fərqli yerlərdə keçirilən milli finalına çıxmağı qarşısına məqsəd qoyan şairlər finala çıxmaq şanslarını artırmaq üçün ölkəni gəzirlər. Regionlarda keçirilən turnirlərin qalibləri ölkə finalına çıxmış sayılır”.

XS
SM
MD
LG