İtaliya vətəndaşı Angelo De Domenico bir müddət Azərbaycanda çalışıb. İşini bitirib, vətəninə dönməzdən öncə banka əmanət qoymaq qərarına gəlib. 2014-cü il oktyabrın 31-də Azərbaycanı tərk edən Domenico həmin ayın 29-da və 30-da “Bank Standard”la iki müqavilə bağlayıb və hər müqavilə üzrə 50 min dollar (toplam 100 min) əmanət yatırıb.
İki il sonra Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarıyla 1 oktyabr 2016-cı ildə bu bankın lisenziyası ləğv olunub və 3 gün sonra da məhkəmə qərarıyla bank müflis elan edilib.
Əcnəbi əmanətçi 2017-ci ilin yanvarında Bakıya qayıdaraq, bankdakı əmanətini götürmək istəyəndə, ona cəmi 18 min 590 dollar qaytarılıb.
İtaliyalıya deyilib ki, o, banka əmanət qoyan dövrdə əmanətlərin yalnız 30 min manatı sığortalanırmış.
Vəkil deyir ki…
“Bank Standard”ın lisenziyası alınandan sonra bankın ləğvedicisi kimi Əmanətlərin Sığortalanması Fondu çıxış edib.
Domenico-nun özü və vəkili bir neçə dəfə Fonda üz tutaraq, sözü gedən əmanətin və ona hesablanan faizlərin kompensasiya olunmayan hissəsini istəsələr də, ala bilməyiblər. Bu üzdən Nəsimi rayon Məhkəməsində Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia qaldırıblar.
Əcnəbi vətəndaşın vəkili Fərid Rzabəyli deyir ki, müvəkkilinin əmanətini tam sığortalamaq hüququ məhdudlaşdırılıb.
Vəkilin sözlərinə görə, hələ bankın lisenziyası ləğv olunmazdan öncə - 2016-cı ilin yanvarında “Əmanətlərin tam sığortalanması haqqında” qanun qəbul edilib.
Bank onun müvəkkilini bu haqda məlumatlandırsaydı, əmanət tam sığortalanardı. Ancaq Domenico burada yaşamadığına, bu barədə məlumat rəsmi qəzet və internet saytlarında yalnız Azərbaycan dilində yayıldığına görə, o, qanundan xəbərsiz qalıb.
Qərar belə olub ki…
“Əmanətlərin tam sığortalanması haqqında” qanunun qəbulundan sonra Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası 1 mart 2016-cı ildə yeni qərar qəbul edib.
Qərar belə olub ki, martın 1-dən sonra banklarda xarici valyutada illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz olan əmanətlər tam sığortalanan əmanətlər sayılır.
Domenico 100 min dolların yarısını illik 13, qalan 50 minini isə illik 10.5 faiz gəlirlə banka yatırıb. Nəsimi rayon Məhkəməsi əcnəbi vətəndaşın iddiasını təmin etməyib. Əsas kimi bunu göstərib ki, Himayəçilik Şurasının həmin qərarından sonra əmanətçi gəlib yeni müqavilə bağlaya, faiz dərəcəsini 3 faizədək azalda bilərdi, amma bunu etməyib.
Bakı Apellyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlayıb.
“Vicdanlılığın tələb etdiyi tərz”
Domenico Ali Məhkəməyə kassasiya şikayəti verib. Əmanətlərin Sığortalanması Fondunun vəkili Azər Məmmədov 125 min dolların ödənilməsi tələbinin əsassız olduğunu deyib, kassasiya şikayətinin təmin olunmamasını istəyib.
Amma Ali Məhkəmə aşağı instansiya məhkəmələrinin qərarını ləğv edib. İş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılıb.
Ali Məhkəmə belə nəticəyə gəlib ki, Əmanətlərin Sığortalanması Fondu “vicdanlılığın tələb etdiyi tərzdə davranmayıb”.
Ali Məhkəmənin qərarında deyilir:
“Xarici valyutada illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz olan əmanətlərin tam sığortalanan əmanətlər hesab edilməsindən əcnəbi vətəndaşın məlumat əldə edə bilməməsi ehtimalı nəzərə alınmayıb. İddiaçıya bu barədə məlumat verilməyib. Əcnəbi vətəndaşın dəyişikliklər barədə məlumat əldə etməsi üçün saytda ingilis dilində bu haqda məlumat yerləşdirilməyib”.