Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:14

Çəmənzəminlinin böyük səhvi


Yusif Vəzir Çəmənzəminli
Yusif Vəzir Çəmənzəminli
Telefonla danışmaq istəyən qonşu qarşısında 8 ay evdə gizlənən Yusif Vəzir Çəmən Zəminlini görmüşdü...
Gözlə

No media source currently available

0:00 0:29:57 0:00
Direct-ə keçid

AzadlıqRadiosunun «İZ» proqramı ikihissəli verilişin birinci hissəsini öz mənzilində 8 ay gizli yaşayan Yusif Vəzirin bir sirrinin açılmasıyla bitirmişdi: «Təsadüfən telefonla danışmaq üçün mənzilə girən qonşu qarşısında aylardır şəhərdə olmadığı deyilən ailə başçısını görür. O, təbii ki, neçə aylardır öz evində gizləndiyini qonşuya deyə bilməzdi... Ona görə də, deyir ki, mən dünən gecə şəhərə gəlmişəm».

«Azerbaijan International» dərgisinin baş redaktoru Betty Blair bu sirrin açılmasından sonra Yusif Vəzirin vəziyyətinin daha da pisləşdiyini bildirir: «O anlayır ki, burdan qaçıb getməli, uzaqlaşmalıdır... Axı 37-ci il çox çətin dövr idi. Nəhayət, o, Özbəkistanın Ürgənc şəhərində özünə iş tapır və Pedaqoji Universitetdə rus dili müəllimi çalışmağa başlayır. Oradan ailəsinə məktublar yazır, amma onları öz evinə yox, qayınanasının mənzilinə ünvanlayırdı».

YUSİF VƏZİRİN SON SƏHVİ...

Betty Blair rus dili müəllimi çalışan Yusif Vəzirin bu zaman çox böyük səhvə yol verdiyini belə açıqlayır: «1939-cu ildə ailəsi ondan belə bir məktub alır ki, mən Nalçikə gedirəm, siz də oraya gəlin. Yusif Vəzir ailəsiylə görüşmək istəyirdi. Bu, onun çox böyük səhvi oldu... Bu səhvi üzündən, hökumət onun harada olduğunu bildi. 1940-cı ildə onu həbs etdilər və 8 il həbs cəzası kəsərək, Nijni-Novqorod ərazisindəki həbs düşərgəsinə göndərdilər. 1943-cü il yanvarın 3-də o, elə həbs düşərgəsində vəfat etdi...».

«HƏR DƏFƏ BAKIYA GƏLƏNDƏ...»

Xanım Betty tələbələrə belə bir məsləhət də verdi: «Hər dəfə Bakıya gələndə, Yusif Vəzirin son dəfə yaşadığı binaya baş çəkirəm. Gedib baxıram ki, görəsən, onu sökməyiblər? Sizlərə də məsləhət görürəm, nə qədər ki sökməyiblər, gedin o binaya baxın. Axı Azərbaycan ədəbiyyatında bu binanın böyük rolu olub...».

«Realnı məktəb»
«Realnı məktəb»

DÖRDÜNCÜ BİNA-REALNİ MƏKTƏB

Xanım Betty tələbələrə universitetin 1 km civarında yerləşən və Yusif Vəzirlə bağlı 7 bina haqqında məlumat verməyə davam etdi: «Bu, hazırda İqtisadiyyat Universitetinin binasıdır. Bir əsr öncə bura «Realnı məktəb» adlanırdı. 1906-1909-cu illərdə Yusif Vəzirov «Realnı məktəb»də təhsil almışdı. Bu məktəblə bağlı sənədlər çox yaxşı saxlanılıb. Biz Yusifin hansı dərsləri keçdiyini, hətta sevdiyi və sevmədiyi fənlərin nə olduğunu da bilirik. O, ədəbiyyatı, tarixi sevər, ancaq riyaziyyatı sevməzdi. «Əli və Nino» romanına qayıtsaq, görərik ki, orada Əli xan da riyaziyyatla bağlı problemlər yaşayır. Biz Yusifin xəstə olduğuna görə nə qədər dərs buraxdığını da öyrənirik. Məktəb sənədləri bizə hətta sinfin tərkibini də göstərir. Həmin məlumatlar Milli Arxivdə qorunur».

Rəsm
Rəsm

AYPARA VƏ XAÇ BİR YERDƏ

Xanım Betty bir maraqlı müşahidəsini də bölüşdü: «Yusif Vəzir rəsm çəkməyi də çox sevər, gündəliklərinin səhifələrində rəsmlər çəkərdi. Biz 5 belə rəsmə rast gəlmişik. Bu rəsmlərdə aypara və xaç bir yerdə çəkilib. «Əli və Nino»da da biz bunu görürük-aypara və xaç, yəni müsəlman və xristian».

132 saylı məktəb
132 saylı məktəb

BEŞİNCİ BİNA: NİNONUN MƏKTƏBİ

Xanım Betty tələbələrə universitetin lap yaxınlığındakı binadan danışdı: «Bu, «İçərişəhər» metrosunun qarşısındakı 132 saylı məktəbin binasıdır (İndi keçmiş 134 saylı məktəblə birləşdirilərək, «132-134 saylı təhsil kompleksi» adlanır – red.). Romanda Ninonun təhsil aldığı məktəb. Əvvəllər -1900-cü illərdə məktəbin iki mərtəbəsi vardı. Sonra 3 mərtəbə oldu, daha sonra 4. Romanda Əli xan da bu məktəblə az qala üzbəüz yerləşən «Realnı məktəb»də oxuyur. Xatırlayırsınızsa,romanda şagirdlər dərsarası müzakirə açırlar: Qərb yaxşıdır, Şərq yaxşıdır? Sinif 2 yerə bölünür. O vaxt «Realnı məktəb»in daxilində gimnaziya da yerləşirdi. Romanda Əli xan uşaqlarabildirir ki, etiraz əlaməti olaraq, Azərbaycan dilində danışa bilərik. Çünki o vaxt məktəblərdə ana dilində danışmaq qadağan olunmuşdu. Ya da fikirləşir ki, dərsdən qaçıb Ninonun məktəbinə gedə bilər. Romanda da görürük ki, «Realnı məktəb»də oxuyan Əli xan küçəni keçib (indiki İstiqlaliyyət küçəsini - S.İ.) Ninonun məktəbinə gedir».

«İsmailiyyə»
«İsmailiyyə»

ALTINCI BİNA-İSMAİLİYYƏ

Betty Blair bu binanı kimin tikdirdiyini tələbələrə soruşsa da, düzgün cavab ala bilmədi: «Bu, «İsmailiyyə»dir, Musa Nağıyev tikdirib. Cavankən vərəmdən ölən oğlu İsmayılın şərəfinə. Mən bu binanı da «7 bina»ya daxil etdim. Çünki «Əli və Nino» romanında səsləndirilən çox mühüm çıxışlardan biri məhz bu binada, bu binanı inşa etdirən Nağıyev tərəfindən edilib. Binanın ön tərəfinə diqqət yetirsəniz, qapının yuxarısında belə bir heykəl görərsiniz. İlk baxışda İsanı xatırladır. Amma bu, babdır, çünki Musa Nağıyev bəhai təriqətinə etiqad edirdi. Bəs bunun Çəmənzəminli ilə nə əlaqəsi var? 1905-ci ildə Şuşada erməni-müsəlman münaqişəsi baş vermişdi. Bundan sonra bir çox tələbə təhsilini davam etdirmək üçün Bakıya gəlməli oldu. Yusif Vəzir də onlardan biri idi. Yusifin ailəsi də həmin münaqişədən sonra Aşqabada köçmüşdü. Məhz Aşqabada gedəndə Yusif Vəzir bəhailərlə tanış olmuşdu. Yazılarında orada bəhailərin çox olduğunu və onlara pis insan kimi baxıldığını yazırdı. Onlarla söhbətdən sonra Yusif Vəzir fikrini dəyişmişdi. Yazırdı ki, onlar yaxşı insanlardır, Allaha inanırlar, inkişafa və azadlığa inanırlar».

Bab
Bab

MUSA NAĞIYEVİN ISMAİLİYYƏDƏ NİTQİ

Xanım Betty «Əli və Nino» romanında Musa Nağıyevin bu binada mühüm bir çıxışının verildiyini deyir: «Neft maqnatları bir yerə yığışıb müzakirələr aparırlar. Birinci Dünya Müharibəsi gedirdi. Neft maqnatları deyirlər ki, görəsən, nə baş verəcək? Müharibə Azərbaycana da gəlib çıxacaqmı? Bəzisi düşünür ki, ola bilsin, müharibə Azərbaycana da toxunsun və çətinliklər baş versin. Bəzisi düşünür ki, bizim çoxlu pulumuz var, bəlkə də müharibə bizdən yan ötəcək. Müharibədən sonra bizim dünyaya ehtiyacımız yox, dünyanın bizə ehtiyacı olacaq - neftimizə görə... Bu vaxt Nağıyev qalxır və bir çıxış edir».

«ALLAH ÖZÜNÜ TARİXDƏKİ MÜDRİK İNSANLAR VASİTƏSİLƏ GÖSTƏRİR»

Betty Blair bu çıxışı romanda ən vacib bölümlərdən sayır: «Musa Nağıyev deyir: Mən qoca bir kişiyəm. İndi gördüklərimi və eşitdiklərimi bəyənmirəm, sevmirəm. Ruslar türkləri qətlə yetirir, türklər erməniləri, ermənilər bizi və biz də rusları... Bu yaxşıdır? Mən bilmirəm... Burada mənim kolleqalarım müxtəlif fikirlər səsləndirdilər. Xəstəxanalar, məktəblər haqqında danışdılar. Əgər orada cəfəngiyat öyrədilirsə, məktəbin nə xeyri var? Xəstəxananın nə faydası var, əgər orada bədəni, cismi müalicə edirlərsə, ruhu yox? Bizim ruhumuz Allaha can atır. Lakin bütün millətlər Allahı özününkü bilir. Mən düşünürəm ki, Allah özünü tarixdəki müdrik insanlar vasitəsilə göstərir. Məsələn, İsa, Məhəmməd, Konfutsi və b. müdrik şəxslərin simasında. Biz Allahdan gəlirik və ona geri dönürük. Sonda Nağıyev deyir: Mənim məsləhətim budur ki, gəlin dünyanın heç bir yerində bir şəxsi incidəcək heç bir hərəkət etməyək! Çünki biz onların, onlar da bizim bir hissəmizdir».

Əlyazmalar İnstitutu
Əlyazmalar İnstitutu

YEDDİNCİ BİNA-TAĞIYEVİN QIZLAR MƏKTƏBİ

Betty Blair tələbələrə bu bina haqqında da danışdı: «1900-cü illərdə bu bina qızlar məktəbiydi. İndi Əlyazmalar İnstitutu fəaliyyətdədir. Burada Çəmənzəminli ilə bağlı çoxsaylı sənədlər də qorunur. Bura ilə bağlı bir maraqlı məqamı da nəzərinizə çatdırmaq istərdim. 1907-ci ildə Yusif Vəzir Şuşadan gəlib Bakıda təhsil alarkən, «Molla Nəsrəddin» jurnalına bir məqalə yazır. Öz imzasıyla. Yazıda Şuşadakı mollaları tənqid edir, çünki onlar əhalinin cahilliyindən yararlanıb, onları aldadır və pullarını soyurdular. Bu yazıdan sonra Yusif Vəziri ölümlə hədələyirlər. Şuşalılar, Aşqabada köçən bəziləri onu öldürmək istəyirlər. Yusif Vəzir 3 gün Bakıdakı mənzilində - Təzəbəy hamamının yanında tutduğu evdə gizlənir. O, çox qorxmuşdu. İndi Əlyazmalar İnstitutunda saxlanılan gündəliklərin birində o yazır ki, ümid edirəm, məni öldürsələr, yazdıqlarımı biri toplayıb ailəmə verər... və onlar görərlər ki, mən nə qədər əziyyət çəkirəm, çalışıb-vuruşuram ki, təhsil alım. Axı mən inanıram ki, insanın ruhu heç vaxt ölmür».

YUSİF VƏZİRİN ÇİN OLAN ARZUSU DA VARMIŞ...

Xanım Betty Yusif Vəzirin arzusunun gerçəkləşdiyini düşünür: «Və bu gün demək olar ki, Yusif Vəzirin arzusu yerinə yetib. Onun əlyazmalarını qayınanası Kiçikxanım Acalova gizlədib və indi Əlyazmalar İnstitutunda saxlanır. Mən Yusif Vəzirlə bağlı «7 bina» haqqında sizlərə danışdım və ümid edirəm ki, bundan sonra onların yanından keçəndə müəyyən məlumata sahib olacaqsınız...».

XOŞBƏXT SONLUQLA BİTMƏYƏN ROMAN

Sonda xanım Betty tələbələrin suallarını cavablandırdı və romanın müəlliflik məsələsi ilə bağlı bunları dedi: «Müəlliflik məsələsi mürəkkəbdir və mən düşünürəm ki, burada 4 müəllifin rolu var. Romanda təxəllüs kimi Qurban Səid göstərilir. Yusif Vəzirin oğlu Orxan Vəzirov düşünürdü ki, bu təxəllüs əvvəllər Səid Qurban olub, çünki belə daha məntiqli görünür. Səid Qurban - mübarək qurban mənasını verir. Romana baxanda da görürük ki, bu təxəllüs özünü doğruldur. Yəni o, qurban olur, roman xoşbəxt sonluqla bitmir...Əlbəttə, Çəmənzəminli romanı öz adıyla imzalaya bilməzdi. Biz bütün bunları sübut edə bilmirik, lakin tədqiqatımız nəyə aparıb çıxarır? Gündəliklərini, əsərlərini, fikirlərini, düşüncələrini incələyəndə, görürük ki, romandakılar Yusif Vəzirin məhsuludur».

«ƏLİ VƏ NİNO»DA SƏHVLƏR

Betty Blair bu qənaətini belə əsaslandırdı: «1930-35-ci illər dünyada çox çətin dövr-iki dünya müharibəsi arası dönəm idi. 4 imperiya çökmüşdü. Nəticədə, insanlar içsiz-gücsüz, dövlətsiz qalmışdılar. Bu insanlar yaşamaq üçün böyük şəhərlərə üz tuturdular. Onlar nə etməliydilər? Onlar öz yaradıcılıqlarını başqalarına verməyə məcbur idilər! Bu, təkcə Yusif Vəzirin başına gəlməmişdi. Bir çox ziyalı pis vəziyyətə düşmüşdü. Və bu vaxt Əsəd bəy meydana çıxır. Düşünürəm ki, o, hansı formadasa Yusif Vəzirin əlyazmasını ələ keçirib... «Əli və Nino»da bəzi səhv yerlər var. Məsələn, Vəzirov heç vaxt bir simli tar haqqında yazmazdı. Şuşada 11 məscid və 17 kilsə var, - deməzdi.Əslində, Şuşada o zamanlar 17 məscid və 11 kilsə vardı. Yusif Vəzir heç vaxt bu mövzuda səhv etməzdi. Biz bilmirik, bu səhvlər əsərdə necə formalaşıb».

«ROMANDAKI TİFLİS VƏ İRAN HİSSƏLƏRİ KOPYALANIB»

Xanım BettyƏsəd bəyin başqa əsərlərində də səhvlərə yol verildiyini deyir: «Romanda Əli xan Tiflisə, oradan da İrana gedir. Gürcü Tamar İncianın araşdırmaları göstərir ki, Əsəd bəy gürcü yazıçısı Qriqol Robakidzenin əsərindəki Tiflis və İran hissələrini kopyalayıb və «Əli və Nino»ya salıb. Mən ötən illərdə avstriyalı baronessa Elfride Ehrenfels ilə onun öz qəsrində görüşmüşəm. Xanım Elfride Əsəd bəylə dost idi. Əsəd bəy yəhudi idi. O istəmirdi ki, Qurban Səid təxəllüsünü götürsün. Buna görə də baronessa Elfride ona kömək etdi və hazırda Qurban Səid təxəllüsüonun adına qeyd olunub».

«ƏLİ VƏ NİNO»NUN ƏSAS MÜƏLLİFİ...

Betty Blair həmişə belə hadisələrə rastlandığını deyir: «Təkcə Yusif Vəzirin başına gəlməyib. Tarixdə belə hadisələr olub. Biz 6 il 10 müxtəlif dildə araşdırma apardıq. Təkcə Azərbaycan arxivlərində deyil, Kaliforniya Universitetində, başqa ölkələrin arxivlərində də, fransız, alman, italyan, türk, rus, gürcü, fars, İsveç dillərində də araşdırmalar oldu. Müəlliflə bağlı qarışıq məsələlər var, ancaq əsas müəllif olaraq biz Yusif Vəzir Çəmənzəminlini düşünürük».

XS
SM
MD
LG