Öncə iki xəbər:
1. Yüz il əvvəl – 1906-cı il aprelin 7-də Mirzə Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadənin təşəbbüsü və redaktorluğuyla Azərbaycan türkcəsində ilk satirik dərginin nəşri başlanıb. Tiflisdə çap olunan bu dərgi çox tezliklə bütün Qafqazda, Volqaboyunda və müsəlman Şərqinin bütün yerlərində əl-əl gəzib. «Sizi deyib gəlmişəm» deyə oxuculara üz tutan və türk xalqlarının sevimli və əfsanəvi müdriki Molla Nəsrəddinin adını daşıyan dərgi indiyədək Azərbaycanın ən çox oxunan və ən geniş yayılan nəşri sayılır.
2. Rusiyanın «Roy» nəşriyyatı Çingiz Hüseynzadənin «Bitmək bilməyən məktub» romanını çapdan buraxıb. Uzun illərdən bəri Moskvada yaşayıb-yaradan məşhur yazıçı yeni romanında iki görkəmli şəxsiyyətin - Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin və bir müddət sovet Azərbaycanının rəhbəri çalışan Nəriman Nərimanovun Azərbaycan dövlətçiliyinə baxışlarını qələmə alıb.
«Azadlıq»: Aprelin 7-də «Molla Nəsrəddin» dərgisinin 100 yaşı tamam oldu. Turan bəy, 100 yaşlı Molla Nəsrəddin necə görünür?
Turan Həsənzadə: Bütün müsəlman şərqini əl-əl gəzib Avropalaradək yayılan jurnal Britaniya tədqiqatçısı Braunun sözlərilə desək, nəhəng görünür. Həmin Braun 1906-1911-ci illərdə «Molla Nəsrəddin» jurnalının İran inqilabındakı rolunu bir ordunun təsirindən daha böyük qiymətləndirir.
«Azadlıq»: Turan bəy, «Molla Nəsrəddin» dərgisinin geniş yayıldığını söyləyirsiniz. Elə isə, nədən 100 illik yubiley geniş qeyd olunmur?
Turan Həsənzadə: Səhv etmirəmsə, indi Orta Asiya ölkələrində, Türkiyə və İranda yubileylə bağlı qəzet yazıları dərc edilir. Bu yubileyin Tatarıstanda da əks-səda yaratdığını düşünürəm. Tatarlar həmin jurnalın möhtəşəm oxucularından sayılırlar.
«Azadlıq»: Turan bəy, molla nəsrəddinçilər təkcə mediada deyil, Azərbaycan mədəniyyətində ayrıca mərhələnin daşıyıcılarıdır. Nə bilirik onların haqqında və nələri bilməyə-aydınlaşdırmağa ehtiyac var?
Turan Həsənzadə: Onların bir komanda kimi formalaşması elə də asan olmayıb. Sabirin ölümündən sonra Mirzə Cəlil bir qolunu itirdiyini söyləyib. Amma nə yaxşı ki, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Əli Nazim və başqaları bu boşluğu doldurub və dərginin fəaliyyətinə təzə rənglər qatıblar. Araşdırmalar davam edir.
«Azadlıq»: Dərginin təkrar çapını nə vaxt başa çatdırmağı planlaşdırırsınız? Çatmayan nəsə qalıb?
Turan Həsənzadə: Nə qədər desən iş qalıb. 1967-ci ildən iş gedib, di gəl ilk cildi gör nə vaxt buraxmışıq. O hesabla 10 cildi (hazırda məhz 8 cilddə işin tamamlanması qərara alınıb) bir əsrə də çatdırmaq mümkün olmazdı. Son zamanlar sürət artıb. Artıq 3 cild yeni əlifbayla nəşr edilib. Maddi-texniki imkanlar həllini tapmaqdadır. «Azərbaycan» nəşriyyatının rəhbərliyi vəd edir ki, 2 ilə bütün cildlər işıq üzü görəcək.
Daha iki xəbər:
1. Rusiya paytaxtında şərq nağıllarının əfsanəvi adamı, məzəli müdrik Molla Nəsrəddinə abidə ucaldılıb! Heykəltəraş Andrey Orlovun 3 illik əməyinin nəticəsi olan bu abidənin açılışına ruslarla yanaşı, türklər, azərbaycanlılar, əfqanlar, özbəklər və qazaxlar qatılıb. Xoca Nəsrəddin adlanan həmin abidə Ruslan Bayramovun başçılıq etdiyi ictimai xeyriyyə fondunun təşəbbüsüylə gerçəkləşdirilib.
2. Moskvada «20-ci əsrin sənədli kinosu. A-dan Ya-ya kinooperatorlar» adlı məlumat kitabı çapdan çıxıb. Uzun axtarışlar sonucunda meydana gələn bu nəşrdə 1200-dən çox kameraman barədə bilgilər toplanıb. Kitabda Azərbaycan kinooperatorlarına da yer ayrılıb.
«Azadlıq»: Turan bəy, lütfən, ənənəvi bir sualı cavablayın: Sizcə, «Molla Nəsrəddin» dərgisi olmasaydı, Azərbaycan, bütövlükdə mədəniyyət nə itirərdi?
Turan Həsənzadə: Şayiə-söylənti-boş danışıqlar selində batıb qalardıq. «Molla Nəsrəddin» dərgisi jurnalistikanı, çap işini, rəsm sənətini, dərgi bəzəyinin incəliklərini və hələ gör nə qədər başqa şeyləri inkişaf etdirdi. Azərbaycanlıların çağdaş millətlər sırasına qatılmağa hazır olduqlarını bəyan etdi.