Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:46

Keçmiş MTN zabiti: 'Nə o yazı mənimdir, nə də imza...'


Bakı Apellyasiya Məhkəməsi
Bakı Apellyasiya Məhkəməsi

MTN-in Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşı olmuş Zaur Məmmədov iddia edir ki, 2015-ci ilin oktyabrında tutularkən şübhəli şəxs qismində dindirmə protokolundakı yazı da, imza da onun deyil. Onun sözlərinə görə, ifadəsi saxtalaşdırılıb, ümumiyyətlə, demədiyi cümlələr sonradan əlavə edilib.

Ekspertiza da rəy verib ki, ifadənin sonundakı qeydi («ifadəmi oxudum, mənim sözlərimlə düz yazılıb») Z.Məmmədov yazmayıb, ancaq imza onundur.

Bu barədə onun vəkili İlyas Kərimov oktyabrın 30-da Bakı Apellyasiya Məhkəməsində danışıb. Bildirib ki, ekspertiza da belə rəy verəndən sonra mütləq dindirməni aparmış müstəntiq dindirilməli, məsələ aydınlaşdırılmalıydı, amma Bakı Hərbi Məhkəməsi bunu etməyib.

««Obnaliçka» ilə bankları dağıdırdılar»

Eyni zamanda, MTN-in Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini olmuş polkovnik Füzuli Əliyevin də vəkili olan İ.Kərimov deyir ki, bu işdə çoxlu qanun pozuntuları var. Vəkil iddia edir ki, sabiq MTN-çilərin işində zərərçəkmiş kimi təqdim edilən sahibkarların heç sahibkarlıq fəaliyyətiylə məşğul olduğunu təsdiqləyən sənədlər yoxdur:

«Onların heç biri sahibkarlıq fəaliyyətiylə məşğul olmayıb, VÖEN-ləri yox, hesabatları yox. O vaxt «obnaliçka» (nağdlaşdırma -red.) ilə bankları dağıdırdılar. Dövlət buna biganə qala bilməzdi. Ona görə konkret məlumatlar əsasında, rəhbərliyin göstərişiylə əməliyyatlar keçirilib».

«Ayıbdır belə şeylər»

Baş İdarənin rəisi olmuş general Sübahir Qurbanovun vəkili Adil İsmayılov da bildirir ki, MTN-çilərin işi üzrə nə ibtidai istintaq düz-əməlli gedib, nə də Bakı Hərbi Məhkəməsindəki araşdırmalar: «Bu adamlara 40 epizod üzrə ittiham verilib, onun 20-25-i üzrə ümumiyyətlə, sübut yoxdur. Məsələn, zərərçəkmiş Elman Məlikov var, istintaq bir adamın ifadəsi əsasında ondan pul alınması barədə ittiham verib. Adam da gəlib məhkəmədə dedi ki, mən nə Füzuli Əliyev tanıyıram, nə də ona pul vermişəm. Necə ola bilər ki, işdə təqsirləndirilən şəxslərin özünün ifadələri olmasın, onların haqqında hökm çıxarılsın? Bu cür cinayət işinin materiallarıyla Biləcəridən o yana keçsək, gülərlər bizə. Ayıbdır belə şeylər...».

Cinayət işində keçmiş MTN-çilərə verilmiş xasiyyətnamələr var. Onları ləğv edilmiş MTN-in bazasında yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətinin İnspeksiya İdarəsi verib. General S.Qurbanov, müavini F.Əliyev və bu idarənin iki işçisi – Natiq AlıyevZ.Məmmədov haqqında mənfi rəy verilib.

Vəkil İqbal Həsənov deyir ki, sifarişlə onlara belə rəy verilib: «Bu adamlar vəzifədə də, rütbədə də pillə-pillə qalxıblar. Hər dəfə də müsbət xarakterizə olunub, irəli çəkiliblər, mükafatlandırılıblar. DTX-dan hüquqlarını müdafiə etdiyim adamların şəxsi işini istədim, vermədilər. Hörmətli məhkəmə, siz alın şəxsi işləri, görək ki, nəyə əsaslanıb belə rəy veriblər».

A.İsmayılov deyir ki, nəinki ifadələrin, hətta xasiyyətnamələrin də özü yoxdur iş materiallarında, onlardan da çıxarış hazırlayıb, işə əlavə ediblər.

Hakimlər xasiyyətnamələrlə bağlı DTX-ya sorğu göndərilməsi, vaxtilə MTN-ə daxil olan şəxslərin qeydiyyat jurnalının alınması barədə vəsatətləri təmin etməyib.

Sabiq MTN-çilərin apellyasiya şikayəti üzrə məhkəmə noyabrın 2-də davam edəcək.

Xatırlatma

Bakı Hərbi Məhkəməsinin hökmüylə ilə bu iş üzrə təqsirləndirilən şəxslərdən S.QurbanovF.Əliyevin hər biri 14 il, Monitorinq Mərkəzinin rəisi olmuş general Teymur Quliyev 12 il, Z.MəmmədovN.Alıyevin hər biri 10 il 6 ay, Anar Şirəliyev Eşqin Əliyev isə 3 il azadlıqdan məhrum ediliblər.

Əməliyyat-Texniki İdarəyə rəhbərlik etmiş general Natəvan Mirvətovaya 5 il, onun idarəsinin əməkdaşı olmuş Fərhad Atayev Elşad Əzizova isə 3 il sınaq müddəti olmaqla, şərti cəza verilib.

Hökmdə sabiq MTN-çilərin özlərinə və yaxınlarına məxsus əmlakların müsadirəsi, onların rütbələrinin alınması məsələsi də əksini tapıb.

Azadlıqdan məhrumetmə cəzası alanlardan A.ŞirəliyevE.Əliyevin müddəti başa çatıb və onlar həbsdən buraxılıblar.

N.MürvətovaE.Əzizov hökmdən şikayət verməyib. E.Əliyev isə artıq azadlığa çıxdığına görə şikayətini geri götürüb.

Adları çəkilən sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurlar.

XS
SM
MD
LG