Əvvəl kitabı oxuyub sonra onun əsasında çəkilmiş filmə baxanlar tez-tez məyus olur və filmin kitabdan çox fərqli, yaxud daha maraqsız olduğunu deyirlər. "Purewow" bloqu orijinal əsərdən daha maraqlı alınmış filmlərin siyahısını dərc edib.
Bloqun siyahısı 1972-ci ildə çəkilmiş məşhur "Xaç atası" filmi ilə başlayır. Oxucular Mario Püzonun 1969-cu ildə yazdığı romanı da sevirlər: "Ancaq Frensis Ford Koppolanın filmi əsl şedevrdir".
Daha şən film
Siyahı "Şeytan Prada geyinir" filmi ilə davam edir. Loren Vaysberqer "Vogue" jurnalının redaktoru Anna Vinturun köməkçisi işləyib və 2003-cü ildə öz təcrübəsi haqda kitab yazıb. Ancaq tamaşaçılar 2006-cı ildə bu kitab əsasında, Meril Strip və Enn Heteueyin iştirakı ilə çəkilmiş filmi çox bəyənir və ondan çoxlu sitatlar gətirirlər.
Kormak Makkartinin 2005-ci ildə yazdığı roman bir qədər qarışıq olsa da, gözəldir. Ancaq Xavyer Bardemin Anton Çiqur obrazını canlandırdığı "Qocalara burada yer yoxdur" (2007) filmi daha çox sevilir.
Çoxumuz uşaqlıqda Hans Xristian Andersenin 1837-ci ildə yazdığı "Kiçik su pərisi" nağılını oxuyub qəhrəmanın taleyinə acımışıq. Ancaq "Disney"in 1989-cu ildə çəkdiyi cizgi filmi daha şən alınıb. Bunda filmdə səslənən mahnıların rolu da az deyil.
Hər şey dəyişdirilmiş ssenari
"Forrest Qamp" filmi (1994) Uinston Qrumun 1986-cı ildə yazdığı roman əsasında çəkilib. Yazının müəllifi romanın filmdən çox fərqli olduğunu deyir. Baş qəhrəmanın adı olduğu kimi saxlanılsa da, ssenaridə, demək olar, hər şey dəyişdirilib. Kitabda sağlam böyüyən Forrest astronavt olur və kosmosda Syu adlı meymunla dostlaşır.
"Döyüş klubu" (1999) filmi Çak Palanikin 1996-cı ildə yazdığı roman əsasında çəkilib. Romanın müəllifi Devid Finçerin filmini çox bəyənirmiş.
Maykl Kraytonun 1990-cı ildə yazdığı kitab əsasında çəkilən "Yura dövrü parkı" (1993) Stiven Spilberqin ən yadda qalan işlərindən biridir. Dinozavrların xüsusi effektlər sayəsində "canlanması" filmi kitabdan daha həyəcanlı edir.
Spilberqin 1975-ci ildə çəkdiyi və kino tarixində iz qoymuş "Çənələr" filmi Piter Bençlinin 1974-cü ildə yazdığı roman əsasında çəkilib. Filmin musiqisi də daxil olmaqla, bir çox aspekti onu əfsanəvi edir.
Ən yaxşı ekran əsərlərindən biri
Siyahıda daha sonra 2004-cü ildə Rayan Qoslinq və Reyçel Makadamsın iştirakı ilə çəkilmiş "Yaddaş gündəliyi" və 2002-ci ildə çəkilmiş "Xatırlanacaq gəzinti" filmləri gəlir.
Cek Nikolsonun güclü ifası Ken Kisinin eyniadlı romanı əsasında çəkilmiş "Ququ quşu yuvasının üzərindən uçarkən" (1975) filmini tamamilə yeni bir səviyyəyə qaldırıb. Beş "Oskar" mükafatına layiq görülmüş film tarixdə çəkilmiş ən yaxşı ekran əsərlərindən biri sayılır.
Tomas Harrisin 1988-ci ildə yazdığı psixoloji qorxu romanı əvvəldən sonadək çox həyəcanlıdır. Ancaq 1991-ci ildə onun əsasında çəkilmiş "Quzuların sükutu" filmi kino tarixində çox böyük iz qoyub. Film dörd "Oskar" mükafatına layiq görülüb, o cümlədən "ən yaxşı film" nominasiyasının qalibi olub. Baş rolun ifaçısı Codi Foster isə "ən yaxşı aktrisa" nominasiyasında "Oskar" mükafatına layiq görülüb.
"Ceyn Ostin kitab klubu" filmi (2007) Karen Coy Faulerin eyniadlı kitabı əsasında çəkilib. Siyahının müəllifi həm ssenari, həm də aktyor heyətinin çox uğurlu olduğu qənaətindədir.