Necə etmək olar ki, vəzifəlilər vətəndaşlarla kobud davranmasın?
Milli Məclisin müzakirəsinə çıxarılan qanun layihəsində təklif edilir ki, kobudluq edən məmurların cəzası ağırlaşdırılsın. Vətəndaşla qeyri-insani rəftar edən, onun ləyaqətini alçaldan dövlət orqanının vəzifəli şəxsinə qarşı cərimələr dörd min manatdan altı min manata qədər artırılsın.
Bu haqda AzadlıqRadiosu-na Milli Məclisin deputatı Fazil Mustafa məlumat verib.
Buna da bax: Ədaləti necə tapmalı? - Məhkəmə? Yuxarılara şikayət?
AzadlıqRadiosu-na zaman-zaman dövlət idarələrində süründürməçilik, məmurun polisin pis rəftarı ilə bağlı müraciətlər olur.
Yuxarıdakı kadrlar “HamamTimes” Facebook səhifəsi aprelin 24-də paylaşıb. Vətəndaş dövlət idarəsində ona söyüldüyünü iddia edir və prezidentə müraciət edir:
“Həftənin 1, 2, 3, 4, və 5-ci günləri qəbula gedirəm, nalayiq sözlər deyir. Ağlına gələn hərəkətləri edir. Cənab prezidentimiz, belə insanlar vətəndaşları intihar həddinə çatdırırlar, camaatı ayağa qaldırırlar”.
Buna da bax: Qarabağ müharibəsi veteranını intihara kim vadar edib?
2013-cü ildə Qarabağ əlili Zaur Həsənov Həmkarlar İttifaqı Konfederasiyasının binası qarşısında uşaqlarının gözünün qabağında özünə od vurmuşdu.
Ailə üzvləri bildirirdilər ki, Həsənov, Konfederasiyadan dəfələrlə qovulub, o da etiraz olaraq özünü yandırıb.
Hüquqşünas Qurban Məmmədov deyir ki, Azərbaycan vətəndaşları tez-tez qapı ağzında gözləməli olur, polisin pis rəftarı halları da hələ problem olaraq qalır:
Buna da bax: Sahibkar məmur özbaşınalığından 'dad' deyir
“Mən özüm vəkil kimi hansısa məmurun qapısında bəzən 3-4 saat gözləyirəm. Təsəvvür edirəm ki, mənim kimi yüz minlərlə adam incidilir, süründürülür”.
Qurban Məmmədov deyir ki, vəzifəlilərin cərimələnməsinə dair maddə Cinayət Məcəlləsində indiyə qədər də var idi, amma işlək deyildi: məmurlar buna görə, nə cərimə edilir, nə də işdən çıxarılırdı. Onun fikrincə, cəriməni artırmaq problemi həll etməyəcək, önəmli olan qanunun icrasını təmin etməkdir:
Jurnalist Fikrət Hüseynov 2008-ci ildən bəri Hollandiyada mühacirdir. Deyir ki, onu ölkəsindən uzaq salan səbəb həm də məmurlar olub. İddia edir ki, polis, prokurorluq orqanları bildiyini yazmaması üçün ona davamlı təzyiq ediblər.
Buna da bax: Vətəndaş hansı səbəbdən özünü yandırır... [kiçik araşdırma]
Fikrət Hüseynov deyir ki, vəzifəli adam səni incidəndə, sən də dövlətdən inciyirsən:
"Elə bir hissdir ki, insanın öz dövlətinə, öz vətəninə inamı sarsılır, yəni, vətəndaş olaraq özünü sahibsiz hiss edir. Sənin üz tutacağın heç bir dövlət qurumu, heç bir rəhbər şəxs qalmır. Sən özünü faktiki olaraq yetim hiss edirsən".
Prezident İlham Əliyev də bu ilin yanvarında, müşavirədə mövzuya münasibətini bildirib. Deyib ki, insanların yaxşı yaşaması yalnız maddi tərəflə ölçülmür, məmur xalqın xidmətçisidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır.
Tənqidçilər isə deyirlər ki, prezidentin bu sözləri sözdən o tərəfə keçmir, vətəndaşı incidən məmurlar nadir hallarda cəzalandırılır.