Bu gün – noyabrın 8-də ABŞ Konqresinə aralıq seçki başa çatır, səsvermə məntəqələri bağlanır.
“AP” yazır ki, bu il Nümayəndələr Palatasında bütün yerlər, Senatın isə üçdə biri üzrə seçki keçirilir. Yəni, Konqresin hazırda demokratların nəzarətində olan hər iki palatasına nəzarət dəyişə bilər.
Palatadakı 435 yerin hamısı, Senatda 35 yer, eləcə də 36 qubernator yeri uğrunda mübarizə gedir.
Bəzi ştatlara seçilən qubernatorlar 2024-cü iləcən, növbəti prezident seçkisinəcən hakimiyyətdə olacaqlar. Çoxsaylı ştat qanunverici və yerli hakimiyyət orqanlarına da seçkilər keçirilir.
Fərqli prosedurlar
ABŞ-da seçki sistemi xeyli mərkəzsiz sayılır, bülletenlərin sayılmasına görə yerli rəsmilər cavabdehlik daşıyır, nəticələr ştatlarda təsdiqlənir.
Üstəlik, heç də bütün ştatlarda seçki prosesi eyni cür deyil: bəzilərində poçtlar, digərlərində həm poçt, həm də birbaşa səs verilir. Bir sıra ştatlarda erkən birbaşa seçki keçirilib.
Birləşmiş Ştatlarda seçkini kimin udduğunu açıqlayan federal hökumət agentliyi yoxdur, müxtəlif ştatlar bülletenləri müxtəlif vaxtlarda sayırlar. Yəni, bəzi yerlərdə qalibin bilinməsi uzun çəkə bilər.
Pensilvaniya, Viskonsin kimi ştatlarda rəsmilərin seçki gününədək poçtla göndərilmiş bülletenləri qeydə almağa icazəsi yoxdur.
Heç bir ştat seçki gecəsi yekun nəticələri açıqlamır, müasir tarixdə bunu edən olmayıb.
Respublikaçılar palataya nəzarəti ələ alarsa...
Demokratlar və respublikaçılar ya konqresin hər iki palatasına nəzarəti ələ ala bilərlər, yaxud Nümayəndələr Palatası birinin, Senat digərinin nəzarətinə keçə bilər. 2018-ci ildə keçmiş prezident Donald Tramp (Donald Trump) administrasiyası dövründən Nümayəndələr Palatası demokratların nəzarətindədir.
Ancaq seçicilərin iqtisadi durumdan məyusluğu sayəsində palataya respublikaçıların nəzarətinə keçə bilər. Bu isə Prezident Co Bayden (Joe Biden) administrasiyasının siyasəti üçün əngəllər deməkdir.
Hazırda demokratların cüzi üstünlükdə olduğu Senatda da eyni proses gedə bilər. Bu zaman hakimlərin, Kabinet rəsmilərinin prezident tərəfindən təyinatına, eləcə də qanunvericiliklə bağlı məsələlərdə nəzarət riski yaranar.
Ancaq Konqresə nəzarətin necə olacağına baxmayaraq, Bayden veto hüququnu saxlayır.
Poçtla göndərilən bülletenlərin sayılması
“Nəticələrin bilinməsi məsələsində seçki Günündən deyil, seçki həftəsindən danışmalıyıq”, – “Inside Elections” bülleteninin naşiri Natan Qonsales “Reuters” agentliyinə deyib.
Agentlik qeyd edir ki, demokratlar respublikaçılara nisbətən daha çox poçtla səs verirlər. Ona görə də poçtla göndərilən bülletenlərin sayılmasına icazə verilən ştatlarda demokratların önə çıxması xəbərləri gələ bilər. Seçki günü isə qutulara daha çox respublikaçıları dəstəkləyən bülletenlər salınır.
Kaliforniyada bülletenlərin sayılması həftələrlə çəkə bilər, çünki seçki gününəcən poçta salınmış bülletenlər hətta bir neçə gün geciksə belə, sayılır. Nevada, Vaşinqton ştatlarında da noyabrın 8-dək poçta salınmış bülletenlər sayılır, bu isə yekun nəticələrin gec açıqlanmasına səbəb olur.
“Əgər Palatada nəticələr çox yaxın olsa, bunun təsiri olacaq”, – Virciniya Universitetinin siyasət Mərkəzinin siyasi təhlilçisi Kayl Kondik (Kyle Kondik) deyir.
Senata hansı partiyanın nəzarət edəcəyi isə hətta bir neçə həftəyə bilinə bilər. Pensilvaniya, Arizona və Corciyadan gələn nəticələrin həlledici olacağı bildirilir.