Rusiyanın ən yüksək vəzifəli rəsmilərindən biri, prezident administrasiyası başçısının müavini Dmitri Kozak Fransanın Politique International nəşrinə verdiyi müsahibədə Ukraynanı və Qərb ölkələrini Rusiya ilə münasibətlərindəki “indiki səhifəni çevirməyə”, ilhaq edilmiş Krımın hazırkı status quo-sunu tanımağa çağırıb.
Müsahibənin tərcüməsi Rusiya XİN-in saytında dərc olunub.
Bu da diqqətəlayiqdir ki, prezident Vladimir Putinin administrasiyasında Rusiya-Ukrayna münasibətlərini kurasiya edən Kozak deyib: Ukrayna Rusiyanın rəyini nəzərə almadan istədiyi beynəlxalq təşkilata və ya siyasi ittifaqlara daxil olmaq hüququna malikdir.
Bu ilin yazında Kiyev və Qərb ölkələri Rusiyanın Krımda və Ukrayna sərhədi boyunca canlı qüvvə və hərbi texnika cəmləşdirməsindən narahat olanda, Kozak demişdi ki, Ukrayna qoşunlarının rusiyayönlü separatçıların mövqelərinə hücum etməsi Ukrayna dövləti üçün dağıdıcı nəticələrə gətirib çıxara bilər.
O vaxt bir çox şərhçilər onun bəyanatını Rusiyanın Ukraynaya hərbi müdaxilə hədəsi kimi yozmuşdular.
Lakin fransız nəşrinə müsahibəsində Kozak deyib ki, o “dağıdıcı nəticələr” dedikdə xarici müdaxiləni yox, Ukraynanın öz daxilindəki siyasi-ictimai vəziyyəti nəzərdə tutub.
Rusiyanın mümkün hərbi müdaxiləsi barədə suala Kozak yayğın cavab verib.
O deyib ki, Donbasda vəziyyətin gərginləşməsinə nəinki Rusiya, dünya birliyi də biganə qalmayacaq.
Minsk razılaşmasını redaktə etmək olar?
Kozak habelə Ukrayna hakimiyyətini Rusiyanın dəstəklədiyi qondarma separatçı “DXR” (Donbas Xalq Respublikası - red) və “LXR” (Luqanks Xalq Respublikası - red) ilə Minsk razılaşmalarının həyata keçirilməsi üçün birbaşa danışıqlar aparmağa çağırıb.
Kozak əlavə edib ki, əgər hər iki tərəf razılaşsa, hətta Minsk razılaşmasının şərtləri də dəyişdirilə bilər.
Prezident administrasiyası rəhbərinin müavini bunu da deyib ki, “Moskvanın DXR və LXR-ə münasibəti dəyişməz olaraq qalır”, yəni Rusiya rəsmən bu separatçı qurumları tanımır.
Kreml nümayəndəsinin sözlərinə görə, Moskva separatçıların nəzarətində olan ərazilərə yalnız humanitar dəstək verir. O Rusiyanın separatçılara canlı qüvvə və silah-sursatla dəstək verməsi barədə ittihamları rədd edib.
Krım məsələsindən danışarkən Kozak deyib ki, bu məsələnin indi müzakirə edilməsi “yersiz” olardı.
Kozakın sözlərinə görə, Rusiyanın Krımı ilhaq etməsinə “tarixilik” mövqeyindən, baş vermiş fakt kimi baxmaq lazımdır.
Ukrayna özü bilər, amma...
Ukraynanın Avropa İttifaqına və NATO-ya mümkün üzvlüyü barədə suala cavab verən Kozak deyib ki, o, bunun yaxın gələcəkdə baş verəcəyinə inanmır.
Amma o eyni zamanda bildirib:
"Hansı alyanslara daxil olmaq Ukraynanın müstəsna suveren hüququdur. Bunun Rusiya üçün sərfəli olub-olmamasına baxmayaraq. Bizim indiki şəraitdə bacara biləcəyimiz yeganə məsələ bunun bizim ölkəmizlə siyasi və iqtisadi münasibətlərə necə təsir göstərəcəyini izah etməkdir. Yəni qoy Kiyevin seçimi şüurlu olsun”.
Bundan əvvəl prezidnet Vladimir Putin dəfələrlə bildirib ki, Ukraynanın NATO-ya üzvlüyü Moskva üçün “qırmızı xət”dir.
O 2014-cü ildə Krımın ilhaqını əsaslandırarkən demişdi ki, Sevastopolda NATO bazasının peyda olmasına yol verə bilməzdi.
Bu yaxınlarda yazdığı məqalədə Putin qeyd edirdi ki, Ukrayna ərazisinin Rusiya ilə qarşıdurma platsdarmına çevrilməsi yolverilməzdir.
Moskvanın siyasəti dəyişirmi?
AzadlıqRadiosunun Rus xidməti sual edir: Kozakın son müsahibəsi Rusiyanın rəsmi mövqeyindəki dəyişiklikdən xəbər verirmi?
Bu sualı Rusiya rəsmilərindən heç kim şərh etmək istəməyib.
Politique International habelə Ukrayna prezidenti Volodmir Zelenski və Rusiya tərəfindən dəstəklənən “DXR”-in başçısı Denis Puşilinlə müsahibələr dərc edib.
AzadlıqRadiosu yazır ki, bu mətnlər hələ ki internetdə dərc olunmayıb.
Lakin bəzi məlumatlara görə Zelenski öz müsahibəsində Avropa İttifaqını və NATO-nu Ukraynanı öz sıralarına qəbul etməyə çağırıb.
Puşilinsə Rusiyanın bölgədəki hərbi iştirakını danıb və israr edib ki, separatçı qurum öz müqəddaratını təyin etmək istəyir.