Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 01:03

Kreml Navalnı tərəfdarlarının planlaşdırdığı etirazdan təşvişə düşüb


Lyubov Sobol
Lyubov Sobol

Rusiya rəsmiləri Kremlin sərt tənqidçisi, hazırda həbsxanada olan Aleksey Navalnının və tərəfdarlarının üzərinə hücumlarını gücləndiriblər.

Onun bir neçə yoldaşı saxlanıb və sosial mediada bu həftəsonu keçirilməsi planlaşdırılan ümumölkə etiraz aksiyalarına çağırış postları yazanlara xəbərdarlıq olunub.

Yanvarın 21-də polis Navalnının azı 5 tərəfdarını saxlayıb.

Müxalifət yanvarın 23-də ölkənin 65 şəhərini əhatə edəcək kütləvi aksiyalara hazırlığı davam etdirir.

Bu kütləvi aksiyalar Navalnının həbsinə etiraz olaraq keçirilməlidir.

Saxlananların arasında Navalnının vəkili və tərəfdarı Lyubov Sobol, müxalifətçinin Antikorrupsiya Fondunun (AKF) hüquqşünası Vladlen Los, Krasnador diyarında Navalnı qərargahının koordinatoru Anastasiya Pançenko, AKF-nin əməkdaşı Georgi Alburov və Navalnının sözçüsü Kira Yarmış da var.

Sobol axşam saatlarında polis idarəsindən çıxıb. O səhərdən bəri orada saxlanmışdı.

Sobolun vəkili Vladimir Voronin Twitter-də Sobolun polisə niyə çağırılmasının səbəbinin ona izah edilmədiyini yazıb.

Bundan əvvəl Voronin Sobolun maşınından zorla çıxarıldığını yazmışdı.

Prezident Vladimir Putinin ən sərt tənqidçisi Navalnı yanvarın 17-də Moskva hava limanında saxlanıb.

Onun şərti cəza qaydalarını pozduğu iddia olunur.

Navalnı yanvarın 18-də tələsik keçirilən və ona 30 sutka həbs verən səyyar məhkəməni “ədalətin lağa qoyulması” adlandırıb.

Fevralın 15-ə planlaşdırılan məhkəmənin Navalnı barəsində 2014-cü ildən qalma 3 il yarımlıq şərti cəzanın həbsxana cəzası ilə əvəzləyəcəyi gözlənilir.

Bunun ardınca Navalnı Putini özünə qarşı sui-qəsd cəhdində ittiham edib və rusiyalıları kütləvi nümayişlərə çağırıb.

ABŞ, Avropa İttifaqı, Fransa və Kanada Rusiyadan Navalnının dərhal azad olunmasını tələb ediblər.

Avropa Parlamenti Navalnının həbsinə etiraz olaraq yanvarın 21-də Rusiya qazını Almaniyaya nəql etməli olan Şimal Axını 2 kəməri tikintisinin başa çatdırılmasının bloklanmasına çağıran qətnamə qəbul edib.

Almaniya kansleri Angela Merkel də bəyan edib ki, Navalnının azadlığa buraxılması Kreml tərəfindən ən düzgün addım olardı.

Kreml Navalnının zəhərlənməsi ilə hər hansı əlaqəsinin olduğunu inkar edir.

“Yanvarın 23-ü əfsanəvi gün olmalıdır”

Rusiya telekommunikasiyalarına nəzarət edən dövlət qurumu – Roskomnadzor yanvarın 21-də sosial medialardan ictimaiyyəti “qanunsuz” akiyalara çağıran postların bloklamasını tələb edib.

Buna baxmayaraq Yarmış bildirib ki, “yanvarın 23-ü əfsanəvi bir gün olmalıdır”.

Rusiya hakimiyyət orqanları Belarus vətəndaşı olan Losa Rusiyanı tərk etmək üçün yanvarın 25-dək vaxt verib.

Navalnının həbsxanada olmasına baxmayaraq onun antikorrupsiya kampaniyası bu həftə Putinin Qara dəniz sahilindəki dəbdəbəli sarayını faş edən filmi internetə buraxıb.

İki saatlıq videoya yanvarın 19-dan indiyədək 44 milyondan çox baxış olub.

XS
SM
MD
LG