Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyəti Ermənistanda səfərdədir. AzadlıqRadiosu-nun Ermənistan xidməti onun ölkə rəsmiləri ilə görüşlərindən yazır.
Bu il mayın 12-də Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin onun ərazisinə girdiyini iddia edib. Azərbaycan isə bunu təkzib edərək sərhəd mövqelərini möhkəmləndirdiyini bildirib. O zaman Ermənistan KTMT-yə 4-cü maddənin işə salınmasıyla bağlı rəsmi müraciət etsə də, qurum hər hansı addım atmadı. Həmin maddədə deyilir ki, üzvlərdən birinə silahlı hücum üzv ölkələrin hamısına hücum hesab olunacaq.
Ermənistan Azərbaycanı ittiham edir
Avqustun 9-da Zas Ermənistan Təhlükəsizlik Şurası aparatının rəhbəri Ayk Petrosyanla görüşüb. Aparatın məlumatına görə, görüşdə Azərbaycan-Ermənistan sərhədindəki durum, dinc tənzimləmə prosesində KTMT mexanizmlərinin tətbiqi imkanları müzakirə olunub.
Zas xarici işlər naziri vəzifəsini icra edən Armen Qriqoryanla da görüşüb. Tərəflərin Sünik və Geğarkunik rayonlarındakı vəziyyəti, “Azərbaycanın Naxçıvan ərazisindən daxil olmaqla periodik provokasiyalarını” müzakirə etdiyi xəbər verilir.
Azərbaycan Müdafiə Nazirliyi isə Ermənistan silahlı qüvvələrinin Naxçıvan istiqamətində mövqeləri atəşə tutduğunu bildirir. Son günlər atəşkəsin az qala hər gün pozulduğu xəbər verilir.
Tərəflər Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə hərtərəfli və uzunmüddətli həllinin vacibliyi qeyd ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev isə Dağlıq Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını deyir.
Xatırlatma
2020-ci il Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.