Adətən, filmə baxanda ilk növbədə baş qəhrəmanın hekayəsini izləyirik. Ancaq bəzən köməkçi aktyor auditoriyanın qəlbini elə fəth edir ki, baş rolun ifaçısı kölgədə qalır.
"Insider" belə maraqlı hallardan bir neçəsini yada salıb.
"The Dark Knight" filmində baş rolun ifaçısı Christian Bale olsa da, Heath Ledger bütün diqqəti özünə cəlb edib.
2008-ci ildə Christopher Nolan "Batman" seriyasından olan bu ikinci filmini buraxıb. Christian Bale filmdə Batman rolunu yenidən oynamaq üçün qayıdıb. Heath Ledger-sə mənfur mənfi qəhrəmanı, Joker-i oynayıb. Ancaq həm auditoriya, həm də tənqidçilərin diqqətini məhz Ledger-in Joker-i cəlb edib. Bu rolu "aktyorun karyerasını müəyyən edən ifa" adlandıranlar da olub.
Filmin çəkilişindən bir neçə ay sonra, 2008-ci ildə narkotik maddənin dozasının çoxluğundan Ledger-in ürəyi dayanıb və o ölüb. Növbəti il o, Joker roluna görə ən yaxşı ikinci dərəcəli aktyor nominasiyasında Oskar mükafatına layiq görülüb.
"Hudson-un sehri olmasaydı..."
"Dreamgirls" filmində baş rolun ifaçıları Jamie Foxx və Beyoncé olsa da, hamı Jennifer Hudson-dan danışırdı.
Jennifer Hudson 2006-cı ildə "Dreamgirls" filminə çəkilməklə özünün müğənnilik və aktyorluq karyerasına başlayıb. Film bir qrup qız haqdadır. Beyoncé Deena, Hudson Effie, Anika Noni Rose isə Lorrell rolunu oynayır. Onlar birlikdə uğur qazanırlar. Ancaq bir gün Effie qrupdan kənarlaşdırılır. Bu personajın emosional səyahəti Hudson-un əsl ulduz olmasına yol açıb.
"Hudson "Dreamgirls"ə mühümlük və xüsusilik aurası qatmaqla onu əsl hadisəyə çevirir. Bütün sehr məhz ondan gəlir. Əslində Hudson-un sehri olmasaydı, …"Dreamgirls" ortabab bir iş olardı", – SFGate saytı yazıb.
Hudson 2007-ci ildə bu filmdəki roluna görə Oskar mükafatına layiq görülüb.
Brad Pitt "Fight Club" filmində köməkçi aktyor olsa da, baş rolun ifaçısı Edward Norton-u kölgədə qoyub.
"Fight Club"ın premyerası 1999-cu ildə olub. Filmin kassa gəlirləri çox olmasa da, sonradan kult klassikasına çevrilib. Filmdə Edward Norton gizli döyüş klubu yaradan adamı oynayır. Brad Pitt-in oynadığı sabun düzəldən Tyler Durden-sə ona kömək edir. Filmin əsl ulduzu Pitt və onun canlandırdığı qəhrəmandır. Xüsusən də, filmdə heç kimin gözləmədiyi dönüş nöqtəsindən sonra.
Robert De Niro-nu kölgədə qoyan aktyor
"Goodfhellas" filmində isə Joe Pesci baş rolların ifaçıları Robert De Niro və Ray Liottanı kölgədə qoyub.
Martin Scorsese-nin 1990-cı ildə çəkdiyi "Goodfellas" filmində tamaşaçı Ray Liotta-nın canlandırdığı Henry Hill pesonajının Nyu-Yorkda bir bandaya qoşulmasını izləyir. O, yolüstü Robert De Niro-nun oynadığı qanqster James Conway və Joe Pesci-nin oynadığı Tommy DeVito ilə tanış olur. Pesci-nin obrazı xüsusilə zorakı və psixopat olması ilə seçilir.
1991-ci ildə Pesci ən yaxşı Tommy DeVito roluna görə köməkçi aktyor nominasiyasında Oskara layiq görülür. Filmin digər ulduzları isə həmin il heç Oskara namizəd belə olmamışdılar.
"Anne Hathaway "Les Misérables" filminin yalnız ilk səhnəsində oynasa da, bütün filmi və Oskarı digər aktyorlardan oğurlaya bilib", – "Insider" yazır.
2012-ci ildə dünyada məşhur olan "Les Misérables" müzikli Hugh Jackman, Russell Crowe, Amanda Seyfried, Helena Bonham Carter və Eddie Redmayne kimi ulduzların iştirakı ilə böyük ekrana gətirilir. Ancaq filmin əsl ulduzu Fantine obrazını yaradan Anne Hathaway olur.
"No Country for Old Men" filmində Javier Bardem-in yaratdığı mənfi qəhrəman obrazı Tommy Lee Jones və Josh Brolin-in oynadıqları rolları kölgədə qoyub.
2007-ci ildə Coen qardaşları dünyaya Anton Chigurh-un timsalında yeni mənfi qəhrəmanı təqdim edirlər. "No Country for Old Men" filmində ruh kimi təsvir olunan bu obrazı Javier Bardem yaradıb. O, növbəti il ən yaxşı köməkçi aktyor nominasiyasında Oskara layiq görülüb. Bu filmin də baş rollarının ifaçıları həmin il Oskar mükafatına namizəd belə olmayıblar.