Birinci Qarabağ müharibəsində əsir düşmüş Elman Hacıyev deyir ki, ermənilər işğal olunmuş Azərbaycan ərazilərindəki qəbiristanlıqlardan mərmər başdaşılarını söküb aparırdılar. Onların bir hissəsindən öz qəbiristanlıqlarında abidə, bir hissəsindən isə tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın keçmiş müdafiə naziri Samvel Babayanın imarəti üçün pilləkənlər düzəldilib. Hacıyev iyunun 23-də Yasamal rayon Məhkəməsində ifadə verərkən bu haqda danışıb.
O, əsirlikdə olmuş azərbaycanlılara işgəncə verməkdə, onlardan bəzilərini qətlə yetirməkdə suçlanan Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın işi üzrə zərərçəkmiş qismində tanınan şəxslərdən biridir. Bu cinayət işini Bakı Hərbi Məhkəməsinin hakimləri araşdırsa da, məhkəmə prosesi Yasamal rayon Məhkəməsinin inzibati binasında keçirilir.
"Burnumu sındırıb, məni palçığın içinə atmışdılar"
1992-ci ildə müharibəyə könüllü gedən Hacıyev 1993-cü il sentyabrın 26-da əsir düşüb: "O qədər döymüşdülər ki, huşumu itirmişdim. Ayılanda gördüm ki, əllərim bağlı, boynumda da zəncir var. Əvvəl Ağdərədə idim, sonra Şuşa türməsinə apardılar, oradan da Xocavəndə. Mkrtiçyanı Xocavənddə tikintidə işləyəndə tanımışam. Sərxoş vəziyyətdə, əllərində avtomat, armatur, bizi döyürdülər. Burnumu sındırıb, məni palçığın içinə atmışdılar".
Hacıyevin sözlərinə görə, əsirlikdə olduğu müddətdə işğal altında olan ərazilərdə tikintidə, Babayanın özünün və qardaşının evinin inşasında fəhləlik edib. Zərərçəkmiş deyir ki, Füzuli və Ağdam rayonlarındakı evləri sökdürüb, qalıqları onlara daşıtdırırdılar: "Oraları söküb gətirənlər azərbaycanlı əsirlər olub. Gətirilənlərin hesabına Xocavənddə iki donuz ferması, bir toyuq ferması və taxıl anbarı tikdik. Hamısı Samvel Babayanın qardaşının idi. Gün ərzində altı nəfərə bir çörək verirdilər, başqa heç nə. Sonra bizi Xankəndiyə gətirdilər. Samvel Babayan üçün dördmərtəbəli villa tikirdilər, biz də fəhləlik edirdik".
"O, gedəndən sonra yorğan-döşəyi aldılar"
Zərərçəkən Elşən İslamov təqsirləndirilən Mkrtiçyandan şikayətçi olub, Xosrovyanı isə tanımadığını söyləyib. Şuşa həbsxanasında ağır işgəncələrə məruz qaldığını deyən zərərçəkmişin sözlərinə görə, onun ağzındakı dişləri kəlbətinlə çəkiblər. O iddia edib ki, üstünə benzin töküblər, lakin son anda yandırmayıblar: "Betonun üstünə su tökürdülər, biz orda yatırdıq. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi gəlib gördü ki, yatacağımız yoxdur. Onlar tapşırıq verəndən sonra bizə yorğan-döşək verdilər. O, gedəndən sonra yorğan-döşəyi aldılar".
Digər zərərçəkən Cahid Həsənov deyir ki, Mkrtiçyan boks əlcəklərini geyinib, azərbaycanlı əsirlərin üzərində məşq edirdi.
"Qarabağ müharibəsində iştirak etməmişəm"
Təqsirləndirilən şəxslər məhkəmədə ifadə verməmişdi. Bildirmişdilər ki, zərərçəkmişlər dindiriləndən sonra onlar ifadə verəcəklər. İyunun 23-də zərərçəkmişlərin dindirməsi başa çatandan sonra onlara ifadə vermək təklif olunub.
Xosrovyan azərbaycanlı əsirlərə işgəncə verməklə bağlı ittihamları qəbul etmədiyini və zərərçəkmişlərin də heç birini tanımadığını bildirib. Qarabağda ilk dəfə 1996-cı ildə tələbə yoldaşlarıyla birlikdə olduğunu deyən təqsirləndirilən şəxsin sözlərinə görə, heç vaxt Şuşa türməsində olmayıb, kimsəyə işgəncə verməyib: "Etiraf edirəm ki, Qarabağ ərazisinə icazəsiz keçmişəm. Amma Qarabağ müharibəsində iştirak etməmişəm. Ermənistanda 45 yaşına qədər səfərbərlik idi. Mən taksi sürücüsü işləyirəm. Cəbrayıldan olan qonşum zabitdir. O, zəng eləyib maşınını Cəbrayıla gətirməyimi istədi, əvəzində mənə pul verəcəkdi. Mən də oktyabrın 3-də onun maşınını götürüb Cəbrayıla apardım".
"Qafanda da azərbaycanlı qonşularımız olub"
Xosrovyanın sözlərinə görə, maşında yemək və silah olduğunu yolda bilib. Təqsirləndirilən şəxs deyir ki, Qarabağın Azərbaycan ərazisi olduğunu, ermənilər tərəfindən işğal edildiyini bilirdi. Amma məlumatı yox idi ki, niyə həmin ərazilərə Ermənistan ordusu nəzarət edir: "Çünki bu Ermənistan rəhbərliyinin siyasəti idi. Mən özüm Ermənistanda 1994-cü ildən "Ölkəni saxlayanlar" birliyinin üzvüyəm. Bu birlik müharibədə ölənlərin ailələrinə yardım edir. Mkrtiçyanı Azərbaycanda tanımışam. Azərbaycan dilində bəzi sözlər bilirəm, Rusiyada işləyəndə azərbaycanlılarla bir yerdə olmuşam, onlardan öyrənmişəm. Qafanda da azərbaycanlı qonşularımız olub...".
Xosrovyan ifadəsini iyunun 30-da davam etdirəcək.
1967-ci il təvəllüdlü Xosrovyan və 1969-cu il təvəllüdlü Mkrtiçyan Azərbaycan CM-nin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 120 (qəsdən adam öldürmə) 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) və başqa maddələri ilə ittiham olunur. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Onlar özlərini yalnız Azərbaycan sərhədini qanunsuz keçmə əməlində qismən təqsirli bilirlər.